ONN İnformasiya Agentliyi

Ədliyyə orqanlarında vətəndaşlara xidmət səviyyəsi yüksəlir

Ədliyyə orqanlarında vətəndaşlara xidmət səviyyəsi yüksəlir
29 Noyabr 2018 - 20:47

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Ədliyyə Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd olunduğu ərəfədə vətəndaşların daha çox müraciət etdiyi ədliyyə sahəsində, o cümlədən qeydiyyat və notariat fəaliyyəti ilə bağlı xidmətlər göstərən strukturların yerləşdiyi inzibati binada yeni xidmət mərkəzi istifadəyə verilib.

Ədliyyə naziri Fikrət Məmmədov müasir tələblərə cavab verən və ən yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş mərkəzdə yaradılmış şəraitlə tanış olub, yubiley ərəfəsində qüvvəyə minmiş notariat haqqında qanuna edilmiş dəyişikliklərin müasir texnologiyalar geniş tətbiq olunmaqla vətəndaşlara daha rahat, məsafədən, video əlaqə vasitəsi ilə xidmətlərin göstərilməsində mühüm əhəmiyyətini qeyd edib, əhaliyə göstərilən hüquqi xidmətlərin daha səmərəli təşkili və vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Tanışlıq zamanı məlumat verilib ki, mərkəzdə vətəndaşlar üçün əlverişli şərait yaradılıb, o cümlədən əhaliyə göstərilən xidmətlər barədə məlumatların əldə edilməsi imkanının asanlaşdırılması məqsədi ilə elektron lövhə quraşdırılıb ki, bu da vətəndaşlara aidiyyəti qurumların fəaliyyəti ilə bağlı zəruri məlumatları əldə etməyə, ərizələrin tərtib edilərək çap olunmasına imkan yaradır. Eyni zamanda, qəbul üçün elektron növbə sistemi, "video-qəbul" təşkil edilib.

Burada notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı, apostilin verilməsi, notariat arxivindən sənədlərin surətlərinin əldə edilməsi, mətbu nəşrlərin uçotunun aparılması sahəsində əhaliyə xidmətlər göstərilir.

Həmçinin, mərkəzdə vətəndaşların rahatlığının təmin edilməsi, o cümlədən əlillərin sərbəst hərəkəti üçün hər cür şərait yaradılıb, qəbul işinin səmərəli təşkilində təşkili, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə zəruri avadanlıqlar quraşdırılıb. Gözləmə zalında vətəndaşların hüquqi maarifləndirilməsi məqsədilə ədliyyə xidmətlərinə dair müxtəlif, həmçinin ədliyyə tarixi və fəaliyyəti barədə video-çarxlar nümayiş etdirilir.

Yüz illik yubileyini qeyd edən Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların istifadəsinə verilmiş yeni mərkəz insanlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə, onların ədliyyə orqanlarına əlçatanlığının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png