ONN İnformasiya Agentliyi

Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin…

Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin…
18 Oktyabr 2019 - 13:16

Müxalifət yenə də məsafənin uzaqlığını bəhanə edərək, Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi məkanda mitinq keçirməyəcəyini bildirdi. Əvəzində tərəfdarlarını şəhərin mərkəzində, gediş-gəlişin, xarici turistlərin ən gur olduğu ərazidə toplaşmağa çağırdı.

Müxalif liderlər qeyri-qanuni olan bu hərəkətlərini qanuniləşdirməyə, buna konstitusion don geyindirməyə çalışırlar. Bildirirlər ki, Konstitusiyanın müvafiq maddəsinə əsasən, onların “başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı” var. Bəli, doğrudur, Əsas Qanun hər bir Azərbaycan vətəndaşına bu kimi hüquqlar verir. Bununla yanaşı, qanunda birmənalı şəkildə bildirilir ki, vətəndaş bu hüququnu həyata keçirərkən müvafiq dövlət orqanını qabaqcadan xəbərdar etməli, ictimai qaydanı pozmamalı, aksiyanı dinc keçirməlidir. Amma müxalifət 8 oktyabrdakı icazəli piketi qanunauyğun keçirə bilmədi, ictimai qayda ciddi şəkildə pozuldu, aksiya idarəolunmaz hala gəldi…

Məsələnin digər bir ilginc məqamı da ondan ibarətdir ki, regionda ciddi siyasi proseslər gedir. Bakıdan dünyaya “Türk Dünyası birləşir və güclənir” mesajı göndərilir. Baş verənləri dərindən analiz etdikdə çoxsaylı suallar ortaya çıxır. Belə həssas məqamda Əli Kərimlinin məhz qarşıdurmaya hesablanmış icazəsiz mitinq çağırışı hansı xarici güclərə lazımdır? Sizə nəticəsi əvvəlcədən bəlli olan, qısamüddətli gərginlik yarada biləcək küçə aksiyası sifarişini kimlər verib? Türk Şurasının zirvə toplantısının eyforiyasından hələ qurtulmamış bir cəmiyyətin diqqətini bu cür qlobal hadisədən niyə yayındırmağa çalışırsınız? İslahatlar yolu ilə sosial problemlərin həlli istiqamətində ciddi addımlar atıldığı bir vaxtda, niyə iqtidar-müxalifət qarşıdurmasının güclənməsi görüntüsü yaratmağa cəhd edirsiniz? Bir sözlə, suallar çoxdur və bunlara veriləcək məntiqi cavabların heç biri sizin xeyrinizə deyil.

Müxalifətin bir qisminin özünə lider hesab etdiyi Əbülfəz Elçibəyin də əsas istəklərindən biri türkdilli xalqlar arasında birliyə nail olunması idi.Siz bu sahədə bir nəticə əldə edə bilmədiniz, əksinə, iqtidar Türk Birliyinin yaranmasında ciddi nailiyyətlər ortaya qoydu. Prezident İlham Əliyevin bu haqda dediyini xatırlatmaq yerinə düşər:”Birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik”. Odur ki, bu dönəmdə iqtidarla yanaşı, sizlər də ölkəmizdə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün nəticələrinə sevinməli və diqqətinizi həmin istiqamətə yönəltməli idiniz. Əksinə, nə xaricdə fəaliyyət göstərən müxalif internet kanalları, nə də yerli resurslarınız belə bir nailiyyətin təbliğinə yer ayırmadı. Adama elə gəlir ki, ermənilər qədər sizlər də Türk Şurasının Zirvə Görüşündən narahatlıq keçirirsiniz. Nə bilmək olar, bəlkə də belə uğurlara kölgə salmaq üçün qarşıdurma yaradaraq, tarixi hadisəni arxa plana keçirmək tapşırığı ermənilərdən gəlib…
Bir sözlə, bu gün Azərbaycan cəmiyyətində hansısa mitinq, nümayiş, küçə yürüşlərinin keçirilməsinə sosial sifariş yoxdur. Cəmiyyətimiz dünyada gedən proseslərdən yaxşı baş çıxarır və sizin 19 oktyabr mitinqinizə dəstək verməyəcək.

Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png