ONN İnformasiya Agentliyi

İran üçün “əcəl zəngi”: Ağ Ev hər an düyməyə basa bilər

İran üçün “əcəl zəngi”: Ağ Ev hər an düyməyə basa bilər
29 İyun 2019 - 11:15

İranın dini lideri Əli Xamneyi ABŞ-ın İranla yeni danışıqlar aparılması ilə bağlı təklifini yenidən rədd edib. 

Bu barədə Ayətullah Xamneyi məhkəmə işçiləri ilə görüşündə belə deyib. Tramp hökumətinin İrana danışıqlar təklifini Vaşinqtonun yeni “hiylə”si adlandıran Xamneyi deyib ki, Amerika İranın hərbi gücündən vahiməyə düşdüyü üçün rəsmi Tehrana müzakirə təklifi edir:

“Amerikalılar İran millətinin güc amillərindən vahiməyə düşərək yaxın gəlməyə qorxurlar. Onlar məhz həmin qorxuya görə də, müzakirə yolu və bəhanəsi ilə İran millətinin əlində olan bu silah və güc amilini əlindən alaraq, başına istədikləri oyunu açmaq istəyirlər. 

Düşmən təzyiq yolu ilə hədəfinə çatmadığını gördükdən sonra İran millətini sadəlöhv təsəvvür edərək, müzakirə təklifi irəli sürür, deyir ki, İran milləti inkişaf etməlidir. Biz də deyirik, əlbəttə ki, İran milləti inkişaf etməlidir və hökmən də irəliləyəcək. Lakin sizsiz və bir şərtlə ki, siz yaxın gəlməyəsiniz.

Danışıqlara gəlincə, əgər müzakirədə onun sözünü qəbul etsən, İran millətinin atasını yandıracaq, yox əgər qəbul etməsən, bizə qarşı hazırkı təzyiq, təbliğat və ağır siyasi atmosfer davam edəcək. Amerika tətbiq etdiyi bu zalım və ədalətsiz sanksiyalarla İran millətini ittihamlandırır, söyür. Lakin İran milləti bu təhqirlərlə öz mövqeyindən əl çəkməyəcək, geri oturmayacaq” -deyə, Əli Xamneyi vurğulayıb.

Xatırladaq ki, Donald Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yeni sanksiyalar Xamneyinin özü, onun işçiləri və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq. Yeni sanksiyalara, həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib.

İran ABŞ Prezidenti Donald Trampın “Bu ölkəni yox edərik” təhdidini cavabsız qoymayıb. Xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın öz qənaətində yanıldığını bildirib: “ABŞ İranı yox edəcək durumda deyil. 

Qadağan olunmuş kütləvi qırğın silahlarından istifadə etmədən bunu edəcək gücü yoxdur”.

İranın istənilən hücuma hazır olduğunu deyən nazir “Biz müharibə və ya qarşıdurma istəmirik. Tramp xatırlamalıdır ki, 18-ci əsrdə yaşamırıq və BMT-nin müqaviləsinə əsasən, müharibə təhdidləri qeyri-qanunidir”, – deyə, vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Tvitter” hesabında “İran tərəfindən ediləcək hər hansı bir hücuma böyük və əzici bir güclə cavab veriləcək. Bəzi sahələrdə əzici “yoxedici” mənasına da gələ bilər”- yazıb.

İranın ali liderinin ABŞ-la danışıqlardan imtina etməsi iki ölkə arasında hərbi gərginliyin artacağını deməyə əsas verir. Ancaq ABŞ-ın İrana birbaşa hərbi müdaxilə edəcəyini birmənalı şəkildə proqnozlaşdırmaq hazırkı situasiyada çətindir. Çünki Tramp adminstrasiyasının İrana aviazərbələr endirməklə bağlı mövqeyi daha çox bəyanat xarakteri daşıyır və taktiki planda nəzərdən keçirilir. İkincisi, ABŞ hakimiyyətində bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Ona görə də Tehran rejimi ABŞ-ın təhdidlərinə real yanaşmadığından danışıqlara getmək təklifini qəbul etmir. Təbii ki, yeni sanksiyalar İranda iqtisadi böhranın daha da dərinləşməsinə səbəb olacaq.

Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində neft satışına qoyulan sanksiyaların rəsmi Tehrana ağır zərbə vurduğunu deyib.

Huk bildirib ki, ABŞ-ın tətbiq etdiyi qadağalar ölkə iqtisadiyyatına kəskin mənfi təsir göstərməklə yanaşı, həm də İranın ekstremist terrorçu qruplaşmalara maliyyə dəstəyini xeyli zəiflədib:

“Amerikanın qoyduğu sanksiyalar bu günə qədər İranı 50 milyard dollarlıq neft satışından məhrum edib. Bu isə elə bir məsələdir ki, İran İslam Respublikasının İraqda, Suriyada və digər yerlərdə maliyyə dəstəyi verdiyi terrorçu qruplaşmalar, o cümlədən də “Hizbullah”, “Həmas” və digər qruplar da hiss edir. Sanksiyalar qoyulması nəticəsində, həmin qruplar hazırda ciddi maliyyə böhranı ilə üz-üzə qalıblar və İran artıq istədiyi qədər onlara yardım edə bilmir. 

“Təəssüflər olsun ki, İrandakı hakim dini mafiya öz xalqını talan edərək onun pulunu zorakılıq ideologiyasına sərf edir. “Hizbullah” terror təşkilatının hərbi kadrlarının aldığı maaşlar, İranın öz hərbçilərinin aldığı aylıq məvacibdən qat-qat yüksəkdir. Çünki İran “Hizbullah”ın büdcəsinin 75 faizini təmin edir. Bu isə ildə 700 milyon dollar təşkil edir.

Bundan başqa İranın dini lideri Əli Xamneyi öz xalqını ağır və çətin duruma salmaqla özünü zənginləşdirib. O, “İmam Xomeyni” Fərmanının İcraiyyə Qərargahından milyardlarla dollar pul əldə edib. Siz İran liderinin bu qədər sərvətinə və onun digər əmlakına baxdıqda, İran İslam Respublikası sistemində və onun rəhbərlərində olan bu qədər korrupsiya və ikiüzlülüyün son həddinin şahidi ola bilərsiniz”-deyə, Brayan Huk əlavə edib.

İqtisadi sanksiyaların yaratdığı problemlər İranda hakimiyyətə qarşı daxili sosial təzyiqləri artıır. Buna baxmayaraq, rəsmi Tehran danışıqlara getməkdə maraqlı görünmür. Neft satışı və regional siyasət məsələlərində Avropa Birliyi, Rusiya və Çinin dəstəyini qazanması İranın manevr imkanlarını artırır. Bu isə Tehrana Vaşinqtonla danışıqlardan yayınmağa şərait yaradır. Üstəlik, ABŞ İrana qarşı mübarizədə ərəb ölkələri koalisiyasından istifadə etməyə çalışır. Belə demək mümkünsə, Tramp administrasiyası 1980-ci ildə olduğu kimi, İrana qarşı genişmiqyaslı hərbi zərbə vura biləcək ikinci Səddam Hüseyn rejimi axtarır. Lakin İrana münasibətdə ərəb ölkələrin həm öz aralarında, həm də ABŞ-la yekdil fikir birliyinin olmaması ABŞ-a belə bir müttəfiqi tapmaqda çətinlik yaradır. ABŞ-ın dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə son səfərləri zamanı konkret nəticələri İrana yönəlik tənqidi bəyanatdan uzağa gedə bilmədi. Eyni zamanda, İraq Prezidenti Bəhram Salehin açıqlaması İran məsələsinə dair ərəb ölkələri arasında məzhəbsəl fikir ayrılığının yarandığını göstərir. Bəhram Saleh bildirib ki, ABŞ İrana zərbə endirmək üçün İraq ərazisindəki hərbi bazalarınndan istifadə edə bilməz. Bu da ABŞ-a mane olan səbəblərdən birini təşkil edir. İranın mövcud situasiyada danışıqlardan yayınması daha çox vaxt qazanmaq cəhdi kimi qiymətləndirilə bilər. Tehran rejimi 2020-ci ildə ABŞ-da keçiriləcək Prezident seçkilərinə qədər siyasi manipulyasiya imkanları əldə etməyə çalışır. Yəni qarşıdan gələn seçkilərdə Donald Trampın məğlub olması ehtimalına İran siyasi avantaj kimi baxır. Əgər D.Tramp ikinci müddətə Prezident seçilərsə, o zaman İran Ağ Evin daha sərt təzyiqləri ilə üzləşə bilər.

“Independent Media Institute”un analitiki Vicay Preşed yazır ki, Prezident Trampın hücum qərarını təxirə salması ABŞ-ın İrana qarşı apardığı hibrid müharibəni dayandırması anlamına gəlmir. “Sanksiyalar, informasiya müharibəsi və kiberhücumlar bu hibrid müharibəni özündə birləşdirir. Hətta Prezident Trampın İrana qarşı zərbə endirmək barədə qərar verərək, sonra ondan imtina etməsi informasiya müharibəsinin tərkib hissəsidir. ABŞ bununla Vaşinqtonun kifayət qədər təhlükəli olduğunu və istənilən an bomba ata biləcəyini İrana bildirmək istəyir. İranın ətrafında hibrid müharibə məngənəsi daralır”-deyə, ekspert qeyd edir.Cebhe.info

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png