Azərbaycanlı nazir işdən çıxarıldı- O, DÖVLƏTƏ 73 MİLYON DOLLAR ZİYAN VURUB
Ukrayna Nazirlər Kabinetində Dövlət Maliyyə Xidmətinin rəisi Roman Nəsirovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul olunub.
ONN media xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna”ya məlumat yayıb.
Sözügedən qərarın hökumətin bugünkü iclasında qəbul olunduğu bildirilir.
“Biz dövlət komissiyasına Nəsirovun vəzifədən kənarlaşdırılması ilə bağlı təqdimat göndərmişik. Bu gün qərar qəbul olunacaq”, – deyə ölkənin baş naziri Vladimir Qroysman hökumət iclasında bildirib.
Qeyd edək ki, Ukrayna antikorrupsiya bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qriven (73 milyon dollar) ziyan vurmaqda şübhəli bilir. Ötən ilin martın 3-də Nazirlər Kabineti Nəsirovun vəzifəsinin icrasından uzaqlaşdırılması barədə tapşırıq verib. Dekabrın 7-dən isə məhkəmə onun işinə baxmağa başlayıb.
