Yaponiyada 180-dən çox daxili aviareys təxirə salınıb

Yaponiyada hava təzyiqinin kəskin aşağı düşməsi ilə əlaqədar yaranan şiddətli küləklərə görə 180-dən çox daxili aviareys təxirə salınıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, reyslərin əksəriyyəti şimaldakı Hokkaydo adasında və cənub-qərbdə yerləşən Kyüşü adasında təxirə salınıb.
Hokkaydo adasında şiddətli küləklər dəmir yolunun hərəkətində də problemlər yaradıb. Burada yüzdən çox qatarın hərəkət cədvəli pozulub. Qatarların, o cümlədən sürətli “Şinkansen” qatarlarının hərəkətində pozuntular ölkənin cənub-qərbində də müşahidə olunub.
Yaponiya Baş Meteorologiya Agentliyinin məlumatına görə, martın 1-ə keçən gecə ölkənin bəzi regionlarında küləyin sürəti saniyədə 32 metrə çatıb. Şiddətli küləklərin Yaponiyada martın 2-də də müşahidə ediləcəyi və sürətinin saniyədə 25-28 metrə çatacağı gözlənilir.
Eyni zamanda, sinoptiklərin bildirdiyinə görə, Hokkaydo adasında güclü qar yağacaq, sutka ərzində 70 santimetr qalınlıqda yağıntı düşəcək. Sahil rayonlarda 6-8 metr hündürlükdə dalğaların müşahidə ediləcəyi də bildirilir.