"Hərəkata 15 min döyüşçü verməyə hazıram"- Suriya Milli Ordusu

Suriya Milli Ordusu Türkiyənin Suriyada Fərat çayının şərqinə həyata keçirəcəyi hərəkata 15 min döyüşçü ilə dəstək verməyə hazır olduğunu açıqlayıb.
ONN media Publika-ya istinadən xəbər verir ki, bu haqda Türkiyənin dəstəyi ilə qurulan müxalif Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud bildirib.
Əməliyyatın Türkiyə və Suriya torpaqlarından eyni anda başlayacağını ifadə edən Hamud əsas cəbhələrin Münbiç, Tel Abyad ve Rəsulayn olacağını deyib.
Xatırladaq ki, dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.
“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.
O dəqiqləşdirdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Suriyanın şimal-şərqində, xüsusilə, ABŞ əsgərlərinin yerləşdiyi bölgələrdə hər hansı təktərəfli addımın qəbuledilməz olduğunu bildirib.