ONN İnformasiya Agentliyi

Yaponiya Monqolustanla ittifaq qurur – Səbəb

Yaponiya Monqolustanla ittifaq qurur – Səbəb
27 Aprel 2021 - 14:48

Yaponiyanın bir qrup millət vəkili “Monqolustan mədəniyyəti Çin hökumətinin assimilyasiya siyasətindən qorunmalıdır” istiqamətli parlament ittifaqının əsasını qoyub. Bu o deməkdir ki, Çinə qonşu olan digər ölkələr kimi Monqolustan da Pekinin regional siyasətindən narazıdır.

Bu sözləri A “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, İttifaqa Liberal Demokrat Partiyasının üzvlərindən biri, Yaponiyanın keçmiş daxili işlər və rabitə naziri Sanae Takaiçi rəhbərlik edəcək:

“İttifaqın yaradılmasında məqsəd Çin Kommunist Partiyasının assimilyasiya siyasəti nəticəsində təhdid altında olan monqolları qorumaqdır. Məsələ burasındadır ki, Çində yaşayan digər etnik azlıqlar kimi, monqollar da məcburi assimilyasiyaya məruz qalırlar, ana dillərində tədris ala bilmirlər. Çində monqol dili təhlükə altındadır. Yaponiyada yaşayan monqollar da Tokionun ittifaqla bağlı təşəbbüsünü dəstəkləyir. Tokionun qərarının Çindəki monqolları cəsarətləndirəcəyi bildirilir.

Yaponiya son illərdə Monqolustana maraq göstərir, bu ölkə ilə əlaqələri genişləndirir. Keçmiş illər Yaponiyadan müxtəlif heyətlər Monqolustanda səfərdə olub, ikitərəfli əlaqələri genişləndirməyə çalışıblar. İkinci Dünya müharibəsi illərində Monqolustan da digər ölkələr kimi, Yaponiyanın militarist siyasətindən əziyyət çəkib. Ancaq indi hər iki ölkə tarixin bu səhifəsini qapatmağa nail olub. Bu gün həm Yaponiyanı, həm də Monqolustanı Çinin regional siyasəti narahat edir. Çinin iqtisadiyyatı inkişaf etdikcə Pekinin hərbi iştahı da artır. Bu təhlükə Monqolustanla Yaponiyanı yaxınlaşdırır”.

Politoloqun sözlərinə görə, Yaponiya keçmiş illərdə Çinin daxili işlərinə qarışmır və insan haqlarının pozulması ilə bağlı açıqlamalar vermirdi. İndi tam tərsinədir:

“Yaponiya rəsmiləri Çində uyğurların üzləşdiyi zorakılıqlardan tutmuş Honkonqa edilən təzyiqlərə qədər, bütün mövzulara maraq göstərir və bəyanatlar yayırlar. Bu günlərdə Yaponiyanın xarici işlər naziri çinli həmkarına zəng edərək Tokionun deyilənlərlə bağlı narahatlığını onun diqqətinə çatdırıb.

Bəllidir ki, Pekin kimsənin Çinin daxili işlərinə qarşımasını, uyğur və ya Honkonq məsələsindən danışmasını istəmir. Ancaq bu haqda artıq tək Amerika və ya Böyük Britaniya danışmır, Hindistan, Avstraliya və Yaponiya da narazılıqlarını dilə gətirirlər. Misal üçün Yaponiya parlamentində insan haqları ilə bağlı qanunun hazırlanması üzərində xüsusi qrup çalışır. Bu qanun qəbul edilərsə, gələcəkdə Yaponiya da insan haqlarının pozulmasına görə Çinə qarşı sanksiyalar tətbiq edə bilər.

Bu arada Yaponiya Hindistanla ittifaqı gücləndirir. Hər iki ölkə 2+2 formatında (Yaponiya, Hindistan + ABŞ və Avstraliya) görüşə hazırlaşırlar. Formata daxil olan ölkələri Çinin Sakit okean bölgəsində artan hərbi qüdrəti narahat edir. Çin bölgədəki adalara iddiasını ortaya qoyub. Bu isə bölgə ölkələrinin maraqlarına ziddir. Bölgə ölkələri Sakit okeanda azad hərəkətin tərəfdarıdır, adalarda Çinin hərbi bazaları olduqda isə gəmilərin azad hərəkəti və ticarət üçün çətinliklər yaranır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png