Binəli Yıldırım daha bir vəziifəyə namizəd irəli sürüldü

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizəd irəli sürülüb.
ONN media xəbər verir ki, bu barədə qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb:
“İstəyirik ki, İstanbul daha çox inkişaf etsin. Ona görə də ən təcrübəli, ən qocaman, ən icraatçı bir şəxsi namizəd olaraq göstərdik. İstanbul buna layiqdir”.
B.Yıldırım bu qərara görə təşəkkürünü bildirib və vəzifənin öhdəsindən gəlmək üçün çox çalışacağını deyib:
“Mənim bu şəhərə daha çox xidmət borcum var. İndi bu borcu ödəməyə gəlirəm. Söz verirəm ki, çox çalışacağıq”.
Qeyd edək ki, Binəli Yıldırım 2002-2016-cı illər aralığında nəqliyyat, dənizçilik və kommunikasiya naziri, 2016-2018-ci illər aralığında baş nazir vəzifələrində çalışıb. Bundan başqa, 5 dəfə millət vəkili seçilib. Bu ilin 12 iyulundan etibarən isə parlament sədri vəzifəsini icra edir.(qafqazinfo.az)