365 milyon borc silinəcək

365 milyon borc silinəcək


"Azərbaycanda 2006-cı il yanvarın 1-dək sığorta borcu yaranmış şəxslərin borcları silinəcək. Çünki bu gün prezident İlham Əliyevin imzası ilə Milli Məclisə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi ilə bağlı müraciət daxil olub". 

ONN media bildirir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Vahid Əhmədov bildirib. 

Azərbaycanda sığorta amnistiyasının olacağını vurğulayan V.Əhmədov təqribən 365 milyon manat vəsaitin silinəcəyini söyləyib:

"Burada təqribən 365 milyon manatdan söhbət gedir. Bunun da təqribən 270 milyon manatı borc vəsaitidir".

Deputat 2006-cı ildən sonrakı müddətdə yaranan sığorta borclarının da ödənilməsi və ya silinməsi ilə əlaqədar təkliflər olduğunu deyib:

"Əlbəttə ki, bütün bunlar nəzərə alınacaq. Yəqin ki, yaxın günlərdə bu məsələ Milli Məclisin iclaslarında müzakirə olunacaq".

V.Əhmədov Azərbaycanda problemli kreditlərlə bağlı da hümanist addımlar atılmasına ehtiyac olduğunu söyləyib:

"Azərbaycanda bəzi kredit borcları ilə bağlı qərar verilməsinə ehtiyac var. Çünki Azərbaycanda kredit borcları artıq milyard manata çatıb. Bu sahədə müəyyən qərarlar qəbul edilsə, bu, əhalinin maddi təminatının yaxşılaşdırılmasına kömək etmiş olar. Kredit borcları ilə bağlı mən və Əli Məsimli müvafiq təkliflər irəli sürmüşük. İndi dövlət başçısı istənilən vaxtı müvafiq qərar qəbul edə bilər".

Geri qayıt