ONN İnformasiya Agentliyi

Mədəniyyət naziri Xızıda vətəndaşlarla görüşüb

Mədəniyyət naziri Xızıda vətəndaşlarla görüşüb
25 Yanvar 2019 - 13:00

ONN media xəbər verir ki, ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü yanvarın 25-də Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Sumqayıtdan qəbula gəlmiş sakinlər 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı şəhərdə “Nəsimi poeziyası” respublika festivalının keçirilməsi, rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin xarici ölkələrdə sərgi və satışının təşkil olunması, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm, ana Vətən” sənədli-bədii filminin Bakıda təqdimatının keçirilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Abşeron rayonundan qəbula yazılan vətəndaşlar uşaq musiqi və incəsənət məktəblərində axşam şöbələrinin yaradılmasını xahiş ediblər.

Xızı sakinləri rayondakı Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin müasir tələblərə cavab verən yeni binaya köçürülməsi, Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinə və Cəfər Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyinat, işlə təmin olunma barədə müraciət ediblər.

Zəngilan rayonundan olan vətəndaşların müraciəti mədəniyyət müəssisələrində attestasiyanın keçirilməsi və müvəffəqiyyət əldə etmiş kadrların işinin qiymətləndirilməsi barədə olub.

Qubadlı rayonundan qəbula yazılmış vətəndaşlar məcburi köçkün ailələri üçün yeni tikilən yaşayış massivlərində musiqi məktəbləri, klublar və mədəniyyət evlərinin yerləşdirilməsi və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Niyazi adına Şuşa şəhər incəsənət məktəbinin “Təbəssüm” rəqs qrupunun xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakına köməklik göstərilməsi də xahiş edilib.

Bundan əlavə, qəbulda Cabir Novruz Mədəniyyət Fondu tərəfindən Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi ilə bağlı layihə barədə nazirə müraciət olunub.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png