Türkün özünü dünyaya yenidən tanıtdırmağının vaxtı gəlib!

Türkün özünü dünyaya yenidən tanıtdırmağının vaxtı gəlib!

Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədən ilk ABŞ prezidenti olaraq Türkiyəyə və müsəlmanlara olan münasibətini açıq şəkildə ortaya qoydu. Bu hərəkətin Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olacağı qaçılmazdır və dünyada sülhə və ədalətə ən böyük xəyanətdir. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzunu ədalətlə araşdırmaq üçün “Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edərək, tarixi bir mövzunu pis niyyətli siyasətbazların, məkirli və qərəzli dairələrin oyun meydanından uzaqlaşdırmaq istədi. Nə oldu? Özünü demokratik adlandıran ölkələr, başda da ABŞ olmaqla bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdi. Artıq gizli niyyətlər ortaya çıxır. Qeyd etmək lazımdır ki, bir əsr bundan öncə baş verən hadisələri heç bir tarixi sənədə istinad etmədən, heç bir beynəlxalq məhkəmə instansiyası tərəfindən təsdiq edilmədən, sadəcə erməni diasporasının təsiri altında yalnış şəkildə təqdim etmək yanlış olduğu qədər, həm də gülünc və qərəzlidir. Demokratik təfəkkür, dünyaya insan haqlarının ixracatçısı, “ədalətli” bir ölkənin və onun başbilənlərinin çox yaxın bir tarixdə-30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsi deyil, bəs nədir? Bu, eyni zamanda intibah dövrünə qədəm qoymuş türkün qarşısını almağa bir cəhddir. Sadəcə bir amili yaddan çıxarırlar, üzbəüz dayandıqları dünya tarixini yazan TÜRK millətidir. Milli  Məclisin deputatı, Komitə  sədri, Yeni  Azərbaycan  Partiyasının qurucu fəal  üzvü, Texniki  elmlər  namizədi  Sadiq  Qurbanov 

Geri qayıt