Aİ-nin altıncı sanksiyalar paketi ilə bağlı Kremldən AÇIQLAMA

Kreml müxtəlif ssenariləri hesablayaraq Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması prosesini izləyir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bunlar hələlik planlardır, orada müzakirələr gedir. Biz hadisələrin inkişafını izləyirik, müxtəlif variantları hesablayırıq”, - o bildirib.
Kreml nümayəndəsi həmçinin Avropa diplomatiyasının rəhbəri Cozef Borrelin Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini hazırlaması, bu paket çərçivəsində digər bankları SWIFT sistemindən ayırması, məsuliyyət daşıyanlara qarşı tədbirlər görülməsi barədə sözlərini şərh edib.
Peskovun sözlərinə görə, sanksiyalar tətbiq etməklə Rusiyaya zərər verməyə çalışan ölkələr ağır bədəl ödəmək məcburiyyətindədirlər və avropalılar üçün bu cür tədbirlərin dəyəri hər gün artacaq.
“Ümumiyyətlə, əgər biz sanksiyalar sahəsindən, amerikalıların, avropalıların və digər ölkələrin sanksiya istəklərindən danışsaq, bu, ikitərəfli silahdır. Bizə zərər vurmağa çalışaraq, onlar da böyük bədəl ödəməlidirlər. Artıq bunu edirlər və bu sanksiyaların Avropa vətəndaşları üçün bədəli hər gün artacaq”, - Kreml sözçüsü qeyd edib.