Türkiyədən Rusiyaya aviauçuşlar həyata keçiriləcək. ONN media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib. O bildirib ki, Rusiya ilə uçuşların 1 avqustdan Ankara və İstanbul, 10 avqustdan isə tətil bölgələri - Antaliya, Bodrum və Dalamana reallaşdırılacaq. Nazir bildirib: “İki ölkə arasında aparılan danışıqlar çərçivəsində Rusiya beynəlxalq uçuşlara 1 avqustdan başlayır. İlkin mərhələdə Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərləri ilə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında səfərlər reallaşdırılacaq. Rusiya ilə Türkiyənin tətil bölgələri havalimanlarına uçuşlar isə 10 avqustdan başlayacaq. Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərlərindən Türkiyənin Antaliya, Bodrum və Dalaman şəhərlərinə tarifli və çarter uçuşları olacaq. Rusiya ilə Türkiyə arasında uçuşların başlanmasını hər iki ölkə səbirsizliklə gözləyir. Rusiyaya gedən sərnişinlər ən gec 3 gün əvvəldən PCR metoduyla “Covid-19” testindən keçməlidir. Onlar həm də ingilis və ya rusca anket doldurmalıdır. Mənfi PCR testini təsdiq edən hər hansı bir sənəd olmadan təyyarəyə minməyə icazə verilməyəcək. 1 avqustdan Türkiyə Rusiyadan başqa Küveyt, Hindistan və Cənubi Afrika uçuşlarına da başlayacaq. Epidemiyanın vəziyyətinə görə Tunis, Əlcəzair, Misir, Qırğızıstan, İraq, Keniya və Özbəkistan uçuşları da başlanma sırasındadır.”
Türkiyədən Rusiyaya uçuşların tarixi açıqlandı

