ONN İnformasiya Agentliyi

Rusiya əlifbamıza belə dözməzkən biz onun dilini yaşadırıq…

Rusiya əlifbamıza belə dözməzkən biz onun dilini yaşadırıq…
15-09-2020, 16:10

30 ilə yaxındır ki, dövlətimiz müstəqildir. Öz milli atributlarımız, o cümlədən dövlət dili olan ana dilimiz ölkədə hakimdir. Lakin hələ də bununla barışmaq istəməyən, işğalçı Rusiyanın 200 ildir bizə zorla sırıdığı yabançı dilin ölkəmizdə qalmasına çalışanların çoxluğu göz deşir. Bəhanələri də budur ki, guya rusun dili olmasa biz dünya ilə inteqrasiya edə bilmərikmiş… Bu gün 15 Sentyabr – Bilik Günüdür. Bir çox ailələr uşaqlarını ilk dəfə məktəbə aparır. Görürük ki, sosial mediada uşağının bu ilk gününü rus dilində təbrik edənlər də var. Anlaşılır ki, bu çoxsaylı Azərbaycanlı ailələr öz uşaqlarını rus məktəbinə göndərir. Azərbaycanda rəsmi statistikaya görə, hazırda 300-dən çox rus dilində dərs verən məktəb var. Özü də bu məktəblər Azərbaycan dövlətinin pulu hesabına fəaliyyət göstərir. Sual olunur: niyə? Azərbaycan dövləti niyə xarici dildə bu sayda məktəbə mən vətəndaşın ödədiyi vergi hesabına pul xərcləməlidir? Şəxsən mən buna qarşıyam.

Dillə bağlı müzakirələrdə milli aydınımız Sabir Rüstəmxanlının konkret və aydın mövqeyini təqdir edirəm. O, bütün fəaliyyəti dönəmində, harada olmasına baxmayaraq daim milli təəssübkeşlik edib, indi də elədir. Ona görə də çağımızın ən milli aydını adını haqq edir.
Sabir bəydən fərqli olaraq məşhur rusdilli Xalq yazıçımız (hansı xalqın?..) Çingiz Abdullayev isə rus dilinə qarşı çıxanları ağ yuyub, qara sərib. Adam bir rusdan daha artıq təəssübkeşlik nümayiş etdirərək Azərbaycanda rus dilinin qorunması və inkişafına dəstəyini ifadə edib. Tutarqası da budur ki, biz rus məktəblərini və dilini ona görə qorumalıyıq ki, Moskva TV-lərində çıxış edə bilmək üçün adamlarımız olsun. Boş və cəfəng bir tutarqa! Sanki hansısa xarici ölkənin TV-sində 3-5 adamın çıxış etməsi üçün o ölkənin dilində bizim dövlətimizin hesabına 300 məktəb saxlamalıyıq…
Yeri gəlmişkən, Çingiz Abdullayevin özü rus dilini ana dili səviyyəsində bilir və Azərbaycan dilində danışanda gözəlim tükcəmizin anasını ağladır. Bu məntiqlə gərək Moskva TV kanalları onu efirə dəvət etmək üçün növbəyə durardı. Amma bu şəxsi Rusiya kanallarında nəsə görə bilmirik. Ruscası yetərli deyilmi? Təbii ki, yetərlidir. Demək ki, rusca bilmək heç də məsələni həll etmirmiş…
Çingiz Abdullayev bizə bir də erməniləri misal çəkir ki, bəs, onlar rus dilini bildikləri üçün Moskva TV kanallarında daim üzdədirlər. Bizsə rus dilinə qarşı olduğumuz üçün ora çıxa bilmirikmiş… İmkanım olsaydı Çingiz müəllimdən soruşardım: siz doğrudanmı bu qədər sadəlövhsünüz? Rus məktəbi oxumadan rus dilini bilənin biri mən. Kimdir məni Moskva TV-lərinə dəvət edən? Hələ nəzərə alaq ki, Ermənistan rus məktəblərini, bizdən fərqli olaraq, demək olar ki, ləğv edib. Sizin məntiqinizlə gərək Moskva rus dilini hər vəchlə ayaqda tutmağa çalışan Azərbaycana daha çox efir verəydi. Amma görürsünüz ki, vermir. Demək ki, tutarqanız bir işə yaramır… Və bir də bu yaxınlarda Moksvaya səfər etmiş yeni Xarici işlər nazirimiz Ceyhun Bayramov var işin içində. Adam Rusiyanın Xarici işlər nazirinə ölkəmizdə rus dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı hesabat verdi sanki. Olmaz belə şey, olmaz… Azərbaycan indi elə bir mərhələdədir ki, artıq işğalçı rusun bütün mirasını rədd etmiş olmalıydıq. Lakin hələ də asılı durumdayıq. Hələ də “Rusiya nə deyər” kimi bir sualın əsiriyik.
Rusiya nə edər, nə deyər, özü bilər. Bundan bizə nə? Biz bir ləyaqətli dövlət və özünə hörmət qoyan xalq kimi rusun təkcə dilindən deyil, ümumiyyətlə bizi onlara bağlayan bütün amillərdən imtina etməliyik! Dillə bərabər rus soyad sonluqları kimi millətə ayıb olacaq bir yükü çiyinlərimizdən çoxdan atmalıydıq. Amma görürük ki, hələ də dünyaya gələn çocuqlarımıza -ov və -yev sonluqlu soyad qoyanlar var. Bunu da birdəfəlik həll etmək lazımdır. Qanun çıxarmaq, fərman vermək və rus sonluqlu soyad yazılmasını yasaqlamaq çıxış yoludur.
Təkrar dil məsələsinə qayıdırıq. Mərhələ-mərhələ rus məktəblərini ləğv etmək lazımdır. Onsuz da onlar bir müddət sonra heç kimə lazım olan deyil. Əgər Rusiya ölkəmizdə öz dilinin müəyyən qədər qalmasını-yaşamasını istəyirsə, zəhmət çəksin, Azərbaycan dövlətinə bunun üçün pul ayırsın. Biz də bir neçə rus məktəbinin Rusiya pulunun hesabına qalmasını təmin edək. Hələ biz rus dilinə bu qədər meydan vermişkən Rusiyanın Azərbaycan dili də daxil olmaqla digər millətlərin dilini küncə sıxmasını demirik. Adicə yanı başımızda – Dərbənddə Azərbaycan dilində çıxan “Dərbənd” qəzetinin adının belə Azərbaycan dilinin əlifbasında – latınla yazılmasına icazə vermir Rusiya!
Yaxud da o boyda Tatarıstanda min oyundan çıxır bu dövlət. Ki, tatar dili məktəblərdən yığışdırılsın! Hələ biz Rusiyanın qanun qəbul edərək ölkə ərazisindəki dillərin yalnız kiril əlifbasıyla yazıla biləcəyini təsbit etdiyini demirik! Yəni Rusiya bizdən fərqli olaraq öz ərazisində yalnız rus dilini hegemon edir. Bizsə durub rusun dilinin quyruğundan yapışırıq…
Bir də işğal edilmiş Krım məsələsi var. Rusiyanın işğalına qədər Krım tatarcası latın əlifbasına keçmiş durumda idi. İşğalın həmən ardından Krım tatarcası da kiril əlifbasına geri qaytarıldı. İndi Rusiya öz ərazisindəki türk xalqlarının adicə əlifba seçiminə belə dözməzkən biz niyə onların hətta dilini bu qədər yüksək səviyyədə bəsləyirik? Unutmadan bir problemi də qeyd edək. Deyirlər, rus məktəblərində Azərbaycanın milli dövlət ideoloji xəttinə zidd dərsliklərdən istifadə edilir. Bu dərslikləri Rusiya bizə “hədiyyə” edirmiş. Bunun özü elə yetərlidir ki, o məktəbləri qapadıb məsələni birdəfəlik bitirək. Bir başqa dərd də odur ki, builki imtahanlarda rus bölməsini bitirmiş min beş yüz abituriyentdən mini Azərbaycan dili imtahanını keçə bilməyib. Bəs biriləri deyirdi ki, rus bölməsinin uşaqları heç də Azərbaycan bölməsinin uşaqlarından geri qalmır? Onda necə oldu ki, əksəriyyəti Azərbaycanlı balası olan bu gənclər rus dilini əzbərə bilib öz ana dillərində imtahandan kəsilər oldular? Demək ki, beyinləri yuyulmuş bunların. Demək ki, bunlar 11 illik təhsil müddətində ana dilimiz haqqında heç narahat belə olmayıblar!
Rus məktəbləri qapanmalıdır artıq. Məişətdə, iş yerində rus dilində danışmağa üstünlük verənlər də ciddi nəzarətə alınmalıdır. Ümumiyyətlə anlamalıyıq ki, Azərbaycan torpaqlarını Ermənistana peşkəş edən, bizi hər addımda sıxma-boğmaya salan Rusiyaya güzəştlərə son verməyin zamanı çoxdan keçib. Biz onlara güzəşt etdikcə, onlar da düşmənimizə silah yardımı edir, torpaqlarımızın işğal altında qalmasını təmin edirlər. Özünə hörmət edən bir millətiksə, rus kimliyindən tam olaraq, özü də təxirə salmadan, Prezident İlham Əliyevin sözüylə desək, tərəddüd etmədən qurtulmalıyıq! Yoxsa bizə ayıb olar, çox ayıb…
Sözardı: Bu gün 15 Sentyabr – Bakının qurtuluş günüdür. 102 il öncə Nuru Paşa rəhbərliyində Qafqaz İslam Ordusu Bakını rus və erməni tör-töküntülərindən azad etmişdi. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə Azərbaycan Prezidentini təbrik etdi. Dilinin üstündə əsim-əsim əsdiyimiz Rusiyadan isə nəinki prezident, heç adi bir məmur da təbrik göndərməyib… Azər HƏSRƏT
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png