"Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev həbs edilən qardaşı Rasim Quliyevlə bağlı facebookda paylaşım edib. ONN media Bəhruz Quliyevin həmin paylaşımını təqdim edir: "Əziz dostıar, iki gündür mən də ürəyim, əzizim, canım, qardaşım Rasim Quliyevin həbsinə görə şokdayam. İnanmazdım ki, bu qədər ləyaqətli, təmiz, gözütox, imanlı, vətənpərvər, dövlətçi, nümunəvi bir insan həbs olunar... Tanıyanlar bilir ki, biz 90- cı illərin Xalq hərəkatından gəlmişik, dövlətçilik uğrunda qatı Heydər Əliyevçi kimi çox çətinliklər, türmələr görmüşük, amma nəfsimizə görə ittiham ağlıma gəlməzdi. Amma heç kim qeyri-adi hadisələrdən sığortalanmayıb. Mən bu həbsin detalları və məzmunu ilə tanışam. Əminəm ki, tezliklə bu cinayət hadisəsinə obyektiv baxılacaq hər şey ortaya çıxacaq, haqq ədalət öz yerini tapacaq. Mən qardaşımın müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə sədaqətinə, Allahın və Dövlətimizin ədalətinə inanıram. Hamının ürəyi sakit olsun ki, biz nə rüşvətxor, nə də korrupsioner deyilik. Qardaşımı tanıyanlar və tanımayanların sosial şəbəkələrdə, saytlarda yazıb dəstəkləyirlər. Nə qədər zənglər olur mənə çoxsaylı dostların narahat olduğunun şahidi oldum, Rasimin bu illərdə nə qədər hörmət, nüfuz qazandığını bir daha anladım.
Qardaşımda iman, Allah sevgisi o qədər güclüdür ki, hər qəpiyin o dünyada haqq-hesabını verəcəyini bildiyi üçün heç kim görmədən, bilmədən həmişə xeyirxahlıqla məşğul olub, heç vaxt ailəsinə haram tikə aparmayıb. Bizi tanıyanlar bilir ki, biz üç qardaş və bacılarım bir həyətdə və sadə Azərbaycan vətəndaşlarının orta yaşayış həddində yaşayırıq. Bu gün də hər şeyə görə Allahımıza şükür edirik.
Bizim üçün narahat olanlara, biz tanımadan haqqın tərəfində duranlara dərin təşəkkürümü bildirirəm. Mən qardaşımın sonsuz minnətdarlığını sizə çatdırıram. Tezliklə Rasim Quliyev Sizlərlə olacaq, və Dövlətimizə, Xalqımıza xidmətini qaldığı yerdən davam etdirəcək, İnşallah. Mən qardaşımla fəxr edirəm!”
PS: İnanırıq ki, aparılan araşdırmalarda Rasim Quliyevin günahsız olması öz əksini tapacaq.