ONN İnformasiya Agentliyi

S-400-lər Azərbaycana yerləşdirilsə… – Analitik açıqladı

S-400-lər Azərbaycana yerləşdirilsə… – Analitik açıqladı
18 Aprel 2019 - 9:34

Azərbaycan Rusiya ilə dost ölkədir, Türkiyə isə bizim strateji müttəfiqimizdir. Şübhəsiz ki, bu iki qonşu ölkənin bir-birilə münasibətlərinin yaxınlaşması, hətta müəyyən strateji sahələrdə əməkdaşlıq etməsi bizim də maraqlarımıza cavab verir.

ONN media xəbər verir ki, bu sözləri analitik Vüqar Zifəroğlu Türkiyənin Rusiyadan aldığı S-400-lərin Azərbaycan ərazisində yerləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ankara ilə Moskvanın yaxınlaşması Türkiyənin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliyə səbəb ola bilər:

“Bu yaxınlaşma ilə Ankara təkcə Cənubi Qafqazda deyil, Orta Asiya istiqamətində, postsovet məkanında müəyyən əlavə manevr imkanları əldə edə bilər. Rusiyanın postsovet məkanında təsiri çox güclüdür. Bu da təbiidir. Çünki Sovet imperiyası dönəmində Rusiya flaqman ölkə idi. İmperiya dağıldıqdan sonra da Rusiya postsovet məkanında öz təsir imkanlarını maksimum dərəcədə qoruyub.

Ankara ilə Vaşinqtonun münasibətlərinin kəskin şəkildə pozulduğunu düşünmürəm. Çünki ABŞ Türkiyəni heç vaxt itirmək istəməz. Ən azından Yaxın Şərq məsələlərinə, hətta lazım olduğu zaman Ankaranın Moskvayla münasibətlərində bir körpü rolunu oynaya biləcəyinə görə Ankarayla münasibətləri heç vaxt tam şəkildə pozmaq istəməz. Burada müxtəlif faktorlar var. Bu faktorlar Türkiyənin Qərb ölkələrində, o cümlədən ABŞ-da çox vacib strateji əhəmiyyətli edir. Bu mənada Moskva ilə müəyyən qədər yaxınlaşma və müəyyən razılaşmaların əldə edilməsi hələ o demək deyil ki, Vaşinqtonla münasibətlər ciddi şəkildə pozula bilər.

Türkiyə və ABŞ arasındakı gərginliyin Azərbaycana hansısa formada təsir edəcəyini düşünmürəm. Azərbaycan xarici siyasətində, dövlətlərarası münasibətlərdə kifayət qədər müstəqil siyasət yürüdən və öz prioritetlərini önə çəkən hüquqi bir ölkədir. Bu mənada Azərbaycanın həm Türkiyə, həm də ABŞ-la münasibətləri kifayət qədər balanslaşdırılmış bir siyasətdir. S-400-lər Azərbaycan ərazisində yerləşdirilərsə, bunun hər hansı bir risk yaradacağını düşünmürəm”.

Ekspertin sözlərinə görə, S-400-lər Azərbaycan ərazisində yerləşdirilərsə, bu, yalnız üstünlük qazandıra bilər:

“Ümumiyyətlə, S-400-lərin Azərbaycanda yerləşdirilməsi məsələsi hələlik bir ideya, ehtimaldır. Amma bu, müəyyən mənada Azərbaycana strateji nöqteyi-nəzərdən dividendlər gətirə bilər. Rusiya raketlərinin Ermənistan ərazisində yerləşdirilməsi Ermənistan üçün hansı dividendlər qazandırırsa, S-400-lərin də Azərbaycan ərazisində yerləşdirilməsi Azərbaycan üçün eyni üstünlük yaradır”.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzeti Rusiyanın Türkiyəyə verəcəyi S-400-lərin müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanıla biləcəyini yazıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png