ONN İnformasiya Agentliyi

Bədii publisistikanın ustadı, Səyavuş Sərxanlı – Aynur TURAN yazır

Bədii publisistikanın ustadı, Səyavuş Sərxanlı – Aynur TURAN yazır
01 İyul 2024 - 10:22

                     Mənim Qarabağım  dözümdü, tabdı,                      

İnam Günəşidi min səhərimin!

                       Mənim Qarabağım bir daş kitabdı-

                       Düşübdü başına düşmənlərimin.

       Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar  isə elin etibarını, ümidini  doğrultmağı  müqəddəs borc sayırlar. Şair, publicist Səyavuş Sərxanlı  onların önündə olan şəxsiyyətlərdəndir. Səyavuş Sərxanlının  yaradıcılığı çoxşaxəlidir. Vətənin, xalqın, milli dəyərlərimizin, təbiət gözəlliklərinin,  hətta gülün-çiçəyin belə tərənnümü özünəməxsus yer tutur.

Səyavuş Sərxanlının şair, publisist, 1971-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı (1977–1985), “Məmməd Araz” (1991), “Nəcəf Nəcəfov” (2000), Ümumittifaq N.Ostrovski (1980) mükafatları laureatıdır. 

     Sərxanlı Səyavuş Əli oğlu 1942-ci il fevralın 28-də Şəmkir rayonunun Sərxan kəndində (indiki Şəmkir şəhəri salınan ərazidə) dəmirçi ailəsində anadan olmuşdur. Nizami adına Şamxor şəhər orta məktəbini qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutuna daxil olmuşdur. Lakin öz arzusu ilə təhsili yarımçıq buraxıb istehsalat və mədəniyyət sahələrində çalışmışdır: taun əleyhinə səyyar mübarizə dəstəsində (Şamxor-Ağcabədi), 23 saylı Yevlax tikinti idarəsində fəhlə, Nizami adına Şamxor şəhər orta məktəbində çilingər-montyor, Şamxor şəhər pionerlər evi uşaq xorunun dirijoru, mədəniyyət evi dram dərnəyinin rəhbəri, “Ulduz” rayon qəzetində korrektor olmuşdur.

ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1962–1967). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, ilk qələm təcrübələrini “Qırmızı Şamxor” rayon qəzetində çap etdirmişdir. Lakin 1961-ci ildə “Azərbaycan gəncləri” qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdi-matı ilə “Cığır” və “Səslədi məni” şeirlərinin dərc olunması onun poetik yaradıcılığında dönüş yaratmışdır. Poetik tərcümə ilə də məşğuldur. “Ulduz” jurnalında ədəbi işçi, nəsr, poeziya şöbəsinin müdiri işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin göndərişi ilə Moskvaya – SSRİ Yazıçılar Birliyinin M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ali ədəbiyyat kurslanna təhsil almağa getmişdir (1980).

“Azərbaycan” jurnalı redaksiyasının əməkdaşı (1983–2005) olub. Yazıçılar Birliyinin oçerk və bədii publisistika şurasının üzvü idi. SSRİ Yazıçılar İttifaqının Bədii Publisistika Şurasının Üzvü olub.

Gənc şairlərin Alma-Atada keçirilən Ümumittifaq poeziya festivalında (1969), Sibirdə Sovet ədəbiyyatı günlərində (1975), Pribaltikada Azərbaycan poeziya günlərində (1976) iştirak etmişdir. Sovet jurnalistləri dəstəsində İtaliyada səfərdə olmuşdur (1978). SSRİ-Kampuçiya Dostluq Cəmiyyəti Azərbaycan şurasının üzvü olmuşdur. “Molodaya qvardiya” jurnalının xüsusi mükafatına layiq görülmüşdür (1981). Səyavuş Sərxanlı   2005-ci il iyulun 1-də vəfat edib.

      Sənətdə  sehrli nə varsa, intuisiyanın gözlənilməz  kəşflərindən doğur.  Kimin intiusiyası laldırsa, o nə sənətin dilini bilər, nə sənət dilində yaradar. El dilinin saf şeiriyyətinə sahib olanlar poeziyasını bir poeziya kimi başqalarına çatdırırlar. Yalnız  sözün  duruluğunda  nəcib duyğuların  işığı könülü oxşayır. Sözdə  hisslərinin, fikrin vəznini artırmaq istəyənlərin meyarı-təbii sadəlikdir. Elə burada şairin sözünün sehrini, əfsunlayıcı təsirinin sirlərini görürük…

Həqiqi poeziya insanın, təbiətin gözəlliyini dərindən duymaqdır, sadəcə  mədhiyyə oxumaq deyil!  Onun vətən  sevgisi, bu vətənin torpağına-daşına və eləcə də insanlarına  təbii bağlılığında,  necə deyərlər,  onlarla “can bir qəlbdə” olmasındadır. O, bu hissi  həmişə təbii detallarla, təravətli cizgilərlə tərənnüm edir.  Səyavuş Sərxanlının  poeziyasında əfsunlu Azərbaycan xalq poeziyasının, Aşıq Ələsgər, Səməd Vurğun, deyərdim ki, Məmməd Araz poeziyasının məftunedici ruhu duyulur:

       Ağacınam – ayaq üstə, yuxusuz,

       Əlacınam –  qadağasız, qorxusuz,

      Leylacınam – duya bilməz duyğusuz,

      Möhtacınam – yüz sınaqsız, sorğusuz,

      Neyə tutum, göydən asım yolunu –

      Vətən, var ol,

      Vətən, səslə oğlunu!..

  Ruhumuzu gözəlləşdirən şair Səyavuş Sərxanlı,  poeziyamıza 60-cı ollərin illərin ortalarında gəlmişdi. Nəbi Xəzri onun ilk şeirinə “Uğurlu yol” yazmışdı. Onun şeirlərində təbiilik, sadəlik, dogma dilin təmizliyindən gəlirdi. Səyavuş Sərxanlı  şeir dilini gözəlləşdirən şair olubdur. Onun yaradıcılığından söz açan Məmməd Rahim və Məmməd Araz da bu cəhəti qeyd etmişdilər.  Onun  əksər şeirlərində Azərbaycan baş qəhrəmandır.

 Bu mənada “Qürbətdə bir ovuc Vətən torpağı” şeiri əsas nümunələrdən ola bilər. Şair Vətən həsrətilə alışıb-yanan qürbətçilərin intizarını poeziya həqiqətinə çevirə bilib.

                     Aylı gecələrdə uzun ayları,

                     Onların sinəsi sökülüb gedər.

                     Həsrət çaylarıdı, vətən çayları,

                     Onların gözündən tökülüb  gedər.

Onun yaradıcılığına toxunduqca, şeirlərini vərəq-vərəq oxuduqca, əvvəlcə şarin sözünü tanıyırsan. Gül ətirli, şirin üslubunu, dağların-daşlarınsinəsindən süzülə-süzülə gələn gələn misralarını:

                  Qoşuldu dumana, çəkildi qəm də,

                   Daşlar da gülürdü, tər çiçək kimi.

                   Ürək çırpınırdı, meydan sinəmdə,

                   Uçmağa can atan kəpənək kimi.

 Və ya

                   Öpdüm çiçək-çiçək, öpdüm durmadan

                   Budağı, ağacı, daşı, torpağı…

                   Öpdüm gözlərimlə mən əl vurmadan –

                   Çəməni, bulağı, qopan yarpağı…

    Bu onun sözüydü. Oxuduğumuz gündən qəlbimizə hopan misralar. Bu sözlər adi sözlər deyildi, “Toxumlar torpağı”, bülbüllər şehləri, yağışlar buludu, addımlar yolları, sevgilər ürəyi, şeirlər günəşi dimdiklədiyi kimi”, bu sözlər də qulaqlarımızı dimdikləyir, qulaqlarımızdan keçib yadaşımıza hopur. Onun qələmi ilə ruhu bir idi, vəhdətdəydi. Biri bulağın suyu, biri şırıltılı səsi idi, biri biri ağacın yarpağı, digəri iə pıçıltısı idi.

Təbiilik,  zərif və sadəlik, aydınlıq, təbiətə nüfuz etmək həssaslığı Səyavuş Sərxanlının şeirinin gözəl xüsusiyyətlərindəndir. Onun dilində xalq dilindən gələn bir şirinlik var. Onda ürəyə yatmayan süni  ifadəyə, içi boş  təbirlərə rast gəlmək çətindir.

    Müəllifin şeirli anları onun nəğməli günləridir. Bu o anlardır ki, A. Aslanov “şair libası” geyir, daxili aləminə dalır. Dünyaya  şair nəzəri ilə baxır…

    Ölməz Füzulinin eşqi ilə şeirə gələn, Nəsimi taleyini özünə həyat amalı seçən, Sabirdən həqiqəti əxz edərək “həqiqəti deyən adam güclü olur” söyləyən, 29  yaşında gedər-gəlməzə göndərilən Müşfiqdən nakamlığı öyrənən Səyavuş Sərxanlı  Azərbaycan poeziyasında özünəməxsus cığır açaraq ədəbilik qazanıb. Yarım əsrlik  yaradıcılıq yolu keçmiş  Səyavuş Sərxanlının şeirləri hər zaman  səyavuşsevərlərin ürəyini oxşayacaq.  Ancaq bütün bunlar təəssüf ki, onsuz baş verəcək. Onun yoxluğu ilə barışmayan oxucu şeirləri  oxuyanda qəlblərində bir daha Səyavuş Sərxanlı   nuru, sönməz işığı,  yanacaq. Bir daha əmin olacaqlar ki, Səyavuş Sərxanlı   şeri bəşəridir, həmişəyaşardır.

              Mən ölsəm də bölünəcəm min yerə:

               Qayıdacam Yer üzünə min kərə!

               Məşəl kimi qaldıracam göylərə-

               Öz ağlından bağrı yanmış könlümü!

                                            

Aynur Turan, özəl olaraq ONN üçün

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png