ONN İnformasiya Agentliyi

Habil Qurbanov: “Ulu Öndər Heydər Əliyev ölkəmizdə insan hüquqlarının qorunmasını dövlətin prioritet vəzifəsi kimi müəyyənləşdirib”

Habil Qurbanov: “Ulu Öndər Heydər Əliyev ölkəmizdə insan hüquqlarının qorunmasını dövlətin prioritet vəzifəsi kimi müəyyənləşdirib”
02 May 2024 - 10:28

“Azərbaycan xalqı hər il olduğu kimi, bu il də may ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum gününü böyük ruh yüksəkliyi və sonsuz sevgi hissi ilə qeyd edir. Lakin məhz bu il, Ümummilli Liderimizin anadan olmasının 101-ci ildönümü günü tarixin yaddaşında məxsusi bir gün olaraq qalacaq. Çünki bu il Azərbaycan ilk dəfə olaraq öz xilaskar övladının doğum gününü artıq özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş şəraitdə qeyd edir. 2020-ci ildə Ölkə Preidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Ulu Öndərin müqəddəs vəsiyyətinə əməl etdi öz torpaqlarının 30 il ərzində davam edən işğalına son qoydu. Ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində isə, Qarabağda separatçılığa birdəfəlik son qoyuldu, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.”

Bu sözləri Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar saytımıza verdiyi açqlamasında hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov deyib.

Daha sonra müsahibimiz 1990-cı illərin əvvəllərində ölkəmizdə gedən proseslərlə müasir dövrümüzdə cərəyan edən hadisələr arasında müəyyən paralellər apararaq bunları qeyd edib: “Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəlində Ulu Öndərimizin qətiyyəti və dərin zəkası sayəsində siyasi böhrandan necə xilas olmuşdusa, bu gün də məhz Ümummilli Liderimizin siyası kursunu və inkişaf strategiyasını inamla davam etdirən möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin səyləri və yenilməz iradəsi sayəsində ardıcıl möhtəşəm zəfərlər əldə etməkdədir. Bu tarixi analogiya bir daha göstərir ki, Heydər Əliyevin dövlətçilik məktəbi hər zaman olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə öz misilsiz töhfələrini verməkdə davam edir. Müstəqil milli dövlətçiliyimizin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycanın ən yeni tarixinin ən mühüm və şərəfli səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Məhz bu səbəbdən də hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə artıq müstəqil dövlətimizin möhkəm bünövrəsini qoyan Ulu Öndər respublikanın ədliyyə sistemində də mühüm islahatlar həyata keçirmişdir. Qeyd edək ki, ölkəmizdə Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün formalaşdırılıb, noyabr ayının 22-də isə nazirliyin əsasnaməsi təsdiq edilib. Lakin sovetlər dövründə qurum repressiyalara məruz qalıb, nazirlik dəfələrlə ləğv edilərək yenidən yaradılıb, ədliyyə sisteminin inkişafına ciddi əngəllər törədilib. Ölkəmizdə Ədliyyə Nazirliyinin yenidən dövlət strukturu kimi təşəkkül tapması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər birliyində Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ədliyyə sistemində ilk növbədə milli kadr hazırlığına xüsusi diqqət yetirilib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülüb. 1970-ci ildə Ədliyyə Nazirliyi təsis edilib, 1972-ci ildə isə nazirliyin əsasnaməsi təsdiq edilib. Bundan sonra ədliyyə sisteminin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, bu sahənin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılıb. Belə bir qərarın qəbul edilməsi təkcə həmin dövr üçün deyil, eyni zamanda da gələcək müstəqil Azərbaycanda hüquqi bazanın formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildir ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarın surəti Ədliyyə tarixi muzeyində qiymətli eksponat kimi saxlanılır.”

Fikirlərini davam etdirən H.Qurbanov 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrün Azərbaycan ədliyyəsinin inkişafında əsaslı dönüş mərhələsi kimi xarakterizə olunduğunu xüsusi vurğulayıb: “Ulu Öndərin gərgin səyləri nəticəsində ölkədə qısa bir müddət ərzində dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış yeni Konstitusiya 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Məhz bu Konstitusiya əsasında Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Ulu Öndər həmin dövrdə yeni yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur. 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Qeyd etmək lazımdır ki, 1993-cü ildən başlayaraq ölkəmizdə insan hüquqlarının qorunması və xalqın mənafeyinin təmin edilməsi kimi məsələlərə hər zaman ümdə vəzifə kimi yanaşılıb. Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 22 fevral tarixli “İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair” Fərmanı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması barədə 1998-ci il 18 iyun tarixli Sərəncamı mühüm qanunvericilik və institusional islahatlara təkan vermiş, ölkəmizdə insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını şərtləndirmişdir. Nəticədə 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir. Ombudsman aparatı fəaliyyətə başladıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq yaradılmış, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilmişdir. Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə ədliyyə sisteminin inkişafına Ulu Öndər Heydər Əliyev daim xüsusi diqqət və qayğı göstərib. Ulu Öndərin hüquqi islahatlar kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf və davam etdirilməsi bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçımızın son dövrlərdə imzaladığı məqsədyönlü fərman və sərəncamlar, qəbul etdiyi praqmatik qərarlar, həyata keçirdiyi əsaslı islahatlar sayəsində hazırda ölkəmizdə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi işi davamlı prosesə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bir çox göstəricilər üzrə təkcə MDB məkanında deyil, eləcə də bütün dünyada nümunə göstərilir” – deyə, Habil Qurbanov fikirlərini tamamlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png