Bir həftə təlaş içində Putinlə görüşəcəyi günü gözləyən Paşinyan və onun tərəfdarları axır ki, görüşdən sonra məsələnin nə qədər qəliz olduğunu anladılar.
ONN media Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ermənişünas İsmayıl Tanrıverdi qeyd edib. O bildirib ki, Putinin Paşinyanı təcili Moskvaya çağırmasının səbəbi bəlli olub:
"Görüş zamanı erməni tərəfinin ümid etdiyi məsələlər - nə qazın qiyməti, nə KTMT-nin Baş katibi məsələsi, nə də Qarabağ müzakirə olundu".
İ.Tanrıverdinin sözlərinə görə, görüşdən sonra Vladimir Putinin həbsdə olan R.Köçəryanı Yeni il və Milad bayramı münasibətilə təbrik etməsi Rusiya prezidentinin Paşinyanı Köçəryanın həbsdən azad olunması üçün Moskvaya çağırdığına işarə idi:
"Suyu süzülə-süzülə geri qayıdan Paşinyan xalqdan gizlətsə də, məlum olub ki, 2019-cu il yanvarın 9-da məhkəmədə Köçəryanın məsələsinə baxılacaq. Bu da o deməkdir ki, həmin gün Köçəryanın 30 milyon dram girov əvəzində həbsdən buraxılması gözlənilir".