ONN İnformasiya Agentliyi

Rektor “onların üzünə tüpürün” deyib?.. – BSU açıqladı

Rektor “onların üzünə tüpürün” deyib?.. – BSU açıqladı
20 May 2019 - 13:52

BSU-nun rektoru, professor Nurlana Əliyeva “harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. O, heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq, şər və böhtandır.

ONN media xəbər verir ki, bu barədə məlumat axar.az-a Bakı Slavyan Universitetinin mətbuat xidmətindən verilib. Məlumatda bildirilir ki, dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadinlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir:

“Səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüşü zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir.

N.Əliyeva indiyədək heç vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq, bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb. Dörd mindən artıq tələbənin qarşısında tez-tez çıxış edən rektor hər dəfə cəmiyyətdə həmrəylik, birlik, vəhdətin zəruriliyini vurğulayır, müharibə şəraitində yaşayan ölkəmizdə insanlarımızın bir yumruq kimi birləşməsinin vacibliyini önə çəkir. Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür.

Bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir.

Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın tələbələrlə görüşü zamanı “harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı məlumat yayılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png