ONN İnformasiya Agentliyi

Vüsalın vüsalı Vətən oldu

Vüsalın vüsalı Vətən oldu
08 Yanvar 2021 - 19:00

Bir ilə yaxın idi ki, toy hazırlığı görürdü Mədinə xala. Əzizləyib, oxşayırdı hər gün Vüsalının xına xonçalarını, bəy paltarını.  Kənddəki ata evini təmir etdirib balasına bəy otağı bəzəyirdi.  O, Mədinə xalanın beş övladının ortancılı idi. Ailədəki iki qız,  iki oğlan ailə qursa da, Vüsal hələ tələsmirdi, təhsilim bitsin, kursumu  tamamlayım, xidmətimi edim ailə quraram deyirdi. Vüsalının vüsalını görmək istəyən Mədinə ana ilə İslam kişi isə tələsdirirdi onu ailə qurmağa. Dünya gözü ilə sənin də toyunu, xoşbəxtliyini  görək deyirdilər. Vüsal isə hər məzuniyyətə gələndə kurslarda, təlimlərdə  təltif edildiyi ordenləri, medalları gətirib anasının sinəsinə taxır, bax bütün bu medalları, ordenləri sənin sayəndə almışam anası (anasına həmişə belə səslənərdi). Sən məni vətənpərvər böyütməsən  mən uğur qazana bilməzdim. Bunlar sənin haqqındı, –  deyirdi.

Bütün bu düşüncələrdən məni bayaqdan  evin bir küncündə dayanıb evə təzə gələn qonağı – məni  izləyən dörd  yaşlı kiçik Tuqayın (Vüsalın qardaşı oğlu) səsi ayırır. O, balaca əlini əmisi Vüsalın rəsminə uzadıb: – Bilirsən, o mənim ürəyim əmimdir, həm də dostumdur. Gələndə  həyətimizdə mənimlə oyun oynayırdı. Neçə aydır,  gəlmir daha. Şəkilləri var hər yerdə, bəs özü hardadır, niyə gəlmir?  Mən onun üçün çox darıxmışam axı?  Sən bilmirsən əmim nə vaxt gəlib bir də mənimlə oynayacaq?

Hələ dörd yaşı var bu körpənin o bilmir ki, müharibə nədir, – deyir Mədinə ana:

–  Övladlarımın hamısı əzizdir mənə. Vüsalım isə  tamam başqa idi. Evimin gözbəbəyi idi o. Hər səhər zəng vurur, səsini eşitməyəndə gücüm tükənir. Səsin mənə güc verir, – deyirdi. O qədər həssas idi ki, ailəsinə qarşı Aprel döyüşlərində yaralananda heç birimizə xəbər verilməyini istəməmişdi.  Bir böyük oğlum Apoş gedib Gəncədə hospitalda onu görmüşdü. Ona da bərk-bərk tapşırmışdı ki, bilməsin atamgil. Hər məzuniyyətə gələndə elə həvəslə danışırdı ki, təlimlərdən əsgərlərimizin irəli getməyindən. Ana, o yurd bizimdi mütləq geri alacağıq o torpaqları. Səni Şuşaya oradan da Kəlbəcərə, İstisuya aparacam deyirlər ordakı bulaqlar min dərdin dərmanıdır.  Vətən müharibəsi başlayan gündən hər gün gözüm telefonda qaldı, hamı zəng vurdu ondan soraq gəlmədi. Gecə-gündüz əlimi uca Tanrıya tutub dua elədim, xalqımızı, oradakı balalarımızı qoru, başımızı dik, alnımızı açıq eylə, Allahım, dedim. Atası ondan xəbər gəlmirdi deyə çox təlaşlanırdı zəng edirdi, danışa bilmirdi. Şəhidlər gəldikcə Naxçıvana fikrə dalır, Allaha əmanət olsunlar deyirdi. Heç vaxt mənə bildirmirdi fikirli olduğunu. . Günün çoxunu Vüsalın ev tikdirmək üçün aldığı dirrik yerində keçirirdi. Mənə deyirdi ki, fikir eləmə, o qoçaq oğlandır, indi aslan kimi döyüşür, sağ-salamat qayıdacaq. Amma hiss edirdim ki, ömür-gün yoldaşım Vüsalın müharibədə itkin düşməyindən bərk nigarandır. O, öz uşaqlığını xatırlayır. Axı o üç günlük olanda atasını İkinci Dünya müharibəsində itirmişdi. İtkin düşmüşdü atası. Elə bəlkə də bu fikir onun ürəyinin dayanmağına səbəb oldu. Vüsal üçün xəyallar qurduğu – evi bu tərəfdən tikərik, ay oğul, üzü gündoğana tikilən ev yaxşı olur. Həyətə də bağ salarıq, – dediyi həyətdə də  həyatla vidalaşdı. Həyat yoldaşımı itirəndə Vüsaldan hələ də xəbər olmasa da, ürəyim hiss edirdi ki, o yaşayır, hələ də döyüşür. Həmin gün isə (noyabrın doqquzu) sanki od düşmüşdü ürəyimin başına, onun üçün hazırladığım bəy otağına girir, toy üçün aldığımız bəzəkləri, xonçaları əzizləyir “haradasan, igid balam, niyə anana səs vermirsən?”, – deyirdim. Həmin vaxt bir anlıq səs gəldi, sanki kimsə məni şəhid anası deyə səslədi, tez  çölə çıxıb həyətə boylandım. Heç kim yox idi. Bircə ağ göyərçin gəlib qonmuşdu qapımıza. Sinəsi yaralı bir göyərçin. Sonradan bildim ki, həmin an balam şəhid olub. Bəlkə də  elə həmin ağ göyərçin Vüsalımın ruhu imiş. Sülh tərəfdarı idi axı balam. Oğlumun cənazəsi gələn gün də gəlmişdi həmin ağ, yaralı göyərçin.

Vüsalımın cənazəsi gələn günü mənə xəbər verdilər onun şəhid olduğunu. O an ağlımdan ilk keçən onu kim qarşılayacaq fikri oldu. İki oğlum var, qohum-qonşum çox olsa da, atası yox idi. İslam sağ olsa balamı öz qarşılayardı dedim. Öyrənəndə ki, elimizin ağsaqqalı Sədrimiz şəhidləri özü şəxsən qarşılayıb. Yanan ürəyim bir az da olsa sakitləşdi. Vüsalım atasız qarşılanmadı, –  dedim.  İgidimi ocağımıza gətirəndə evimizi toy evi kimi bəzədim, yoluna qırmızı xalça sərdim. Toy çaldırdım balama. Sən şəhidlik köynəyini bəy paltarından üstün tutdun. Vətənini öz yarından, anandan, bacından çox sevdin, Vüsalım, –  dedim.

Apoş Vəliyev (qardaşı): – Onun ən böyük arzusu Vətənin bütövlüyü idi. O dünyaya göz açdığı il elimizin üstünü qara buludlar almışdı. Uşaqlığı mənfur düşmənin atdığı mərmi səslərini, Vətən uğrundakı döyüşlərdə canından keçən igidlər haqqında hadisələri dinləməklə keçmişdi. Uşaqlıq arzusu idi hərbçi olmaq. Vətən müharibəsi başlayandan bir neçə gün sonra ondan xəbər ala bilmədik. Düşünürdük ki, onu da Murov əməliyyatında itirdik, bəlkə də. Amma son ana kimi ümidli idim. Onunla son yazışmamızda, hər şey yaxşıdı, özünüzdən muğayat olun, narahatçılığa ehtiyac yoxdur, yazmışdı. O, həmlə batalyonunun komandiri idi. Vaxtı ilə Polad Həşimov kimi zabitlərdən öyrənmişdi hərb sənətinin sirlərini. Həmişə deyirdi ki, mən əsl generalın tələbəsiyəm. İyunda baş verən təxribatda Polad Həşimovun şəhid olması onu çox sarsıtmışdı. Onun qisasını almağa can atırdı. Fürsət tapıb Bakıya gələndə onun məzarına gedir əziz generalımız, qisasınızı almadan bu dünyada bizə rahat nəfəs almaq haramdı, –  deyirdi. O hərbçi olmağı o qədər sevirdi ki, yaralansa belə ordudan təxris olmadı. Qələbəyə böyük ümid bəsləyirdi. Ali Baş Komandanın rəhbərliyi ilə qaytaracağıq Qarabağı, – deyirdi hər dəfə söhbətləşəndə. Hərdən ona, sanki sən Şuşada dünyaya gəlmisən, o qədər sevirsən ki Qarabağı, elə bil qarabağlısan, – deyərdim zarafatla. O, isə həmişə gülümsəyib cavab verərdi: – Vətənin o başı, bu başı olmaz. Naxçıvan da, Şuşa da, Azərbaycan da, Qarabağ da bizimdi. O, şəhidlik şərbətini də elə çox sevdiyi Şuşada içdi. Vüsalın şəhid olduğu xəbərini eşidən gündən  əvvəlki  zabit yoldaşları, dost-tanışları, əsgərləri hər gün mənə zəng vurur, yazır  onun igidliyindən danışırlar.   Qardaşımın cənazəsini görəndə onun düşündüyümdən də igid biri olduğuna şahidlik etdim. Qolunda və ayaqlarında sarğı olduğundan onun yaralı-yaralı döyüşdüyünü bildim. Döyüş yoldaşları yaralı olmasına baxmayaraq, döyüş meydanını tərk etmədiyini hər dəfə qürurla dilə gətirirlər.

Zabit yoldaşı Qəzənfər Dünyamalıyev deyir ki, bu gün sağ olmağımı döyüş yoldaşım Vüsala borcluyam. O məni yaralı vəziyyətdə öz həyatını təhlükəyə ataraq səngərdən çıxarıb. Yeddi km yolu çiynində daşıyıb. O yaralansa da heç vaxt geri çəkilmədi həmişə irəli yox ardımca dedi.

Vüsalın cənazəsini Naxçıvana gətirəndə muxtar respublika Ali Məclisinin Sədri Hava Limanında şəxsən qarşıladı. Doğma atamız kimi dərdimizə şərik oldu. Atamın yoxluğunu  bizə hiss etdirmədi. Bizim bütün şəhid ailələrinin bircə istəyi və bir təsəllisi var: əzizlərimizin xatirəsinə ehtiramla yanaşılsın, onlar unudulmasın. Bütün bu sadaladıqlarıma isə mən burada – doğma yurdumda bir daha şahid oldum. Naxçıvanlılar öz doğması kimi qarşılayır şəhid balalarını, onlara el ağlayır, onlarla bütün xalq qürur duyur.

Tural Vəliyev (qardaşı): – Bizim aramızda az yaş fərqi olduğu üçün əkiz kimi idik. Həmişə hər yerə bir gedər birlikdə oyun oynayar, məktəbdə də ayrılmazdıq. Onun yüksəldiyi zirvə həmişə arzusunda olduğu bir zirvə idi. Qəlbi o qədər Vətən sevgisi ilə dolu idi ki, onun yolu bundan başqa bir yol ola bilməzdi. Vüsal Heydər Əliyev adına Hərbi Liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də uğurla tamamladı. Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücumda Şuşanın azadlığı uğrunda gedən döyüşlərə kimi, Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında iştirak edib. Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabrda  Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. O hərbi xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən isə “Vətən uğrunda” medalı ilə təltif edilib.  Mən bir şəhid qardaşı kimi ailəmiz adından dövlət başçısına və muxtar respublikamızın rəhbərinə minnətdarlığımı bildirirəm.

Azərbaycan əsgərinin dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissi ilə döyüşə atıldığı, tarixi ədalətin bərpa edildiyi 44 günlük Vətən müharibəsində candan öncə Vətən deyən, sinəsini düşmən gülləsinə sipər edən oğullarımızın sayəsində tarixə yazıldı Vətən savaşı. Hər bir əsgər aslan kimi döyüşdü, Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Vətəndən daha əziz, daha yüksək  heç nə yoxdur. Belə Vətən sevgisi görməmişdi dünya dünya olanı. Vüsal kimi onlarla igid Azərbaycan oğlu öz canı bahasına  vüsalına – Vətəninə qovuşdurdu 30 ildir torpaq həsrəti ilə yanan ürəkləri. Özləri isə xalqımızın ürəklərdə sönməyən məşələ döndülər.

Ramiyyə Əkbərova,
“Şərq qapısı” qəzetinin şöbə müdiri

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png