ABŞ Azərbaycana hərbi yardımı davam etdirəcək, Ermənistan isə iqtisadi çətinlikləri aradan qaldırmaq üçün 120 milyon dollar alacaq.
ONN media xəbər verir ki, bu fikirləri “yerevan.today” saytında Tatev Mirzoyan adlı müəllif yazıb.
Onun sözlərinə görə, bir gün fərqlə yayılan bu iki xəbər olduqca şübhəli vəziyyət yaradır.
Müəllif bunu səbəbini belə anlayıb:
“Belə ki, ABŞ prezidenti Co Bayden 907 saylı qətnamədən yan keçmək qərarına gəlib. Bəs bu qətnamə nədir? “Azadlığa Dəstək Aktı”nın 907 saylı qətnaməsi Azərbaycana hərbi yardımı qadağan edir.
Qətnamə SSRİ-nin dağılmasından sonra, 1992-ci ilin avqustunda qəbul edilib. Təxminən on il ərzində Azərbaycan ABŞ hökumətindən birbaşa yardım ala bilməyən yeganə MDB dövləti olub.
2001-ci il 11 sentyabr hücumlarından sonra Corc Buş Konqresdən hər maliyyə ilində 907 saylı qətnamədən yan keçmək və Azərbaycana hərbi yardım göstərmək imkanı yaratmağı xahiş edib.
2002-ci ildən bu yana Azərbaycan 411,6 milyon dollara yaxın hərbi yardım alıb. Bu məbləğ təhlükəsizlik sektoru ilə bağlı 20-dən çox proqram vasitəsilə bölüşdürülüb.
2002-ci ildən isə bu proqramlar çərçivəsində Ermənistana yardım təqribən yarısı qədər, təxminən 196 milyon dollar təşkil edib.
44 günlük Qarabağ savaşına “insanpərvər” Qərbdən, o cümlədən ABŞ-dan heç bir qınaq eşitmədik (30 il ərzində torpaqlarımızı işğalda saxlayan bir ölkə vətəndaşından bunu eşitmək gülməldir. Birincisi, işğala görə əsas qınaq ediləsi ölkə Ermənistandır). İndi də özünü demokratiyanın mərkəzi hesab edən bir ölkə (ABŞ-ı nəzərdə tutur) Azərbaycan dövlətini silahlandırmaqda davam etmək qərarına gəlib.
Təbii ki, sual yaranır: görəsən, Bayden ABŞ Konqresini Azərbaycanın sərhədlərinin təhlükə altında olduğuna və ya göstərilən yardımın Ermənistana qarşı hücum xarakterli istifadə olunmayacağına necə inandıra bilib?
ABŞ-ın Azərbaycanı silahlandırmaq, Ermənistana isə dünyada sülh üçün dua etmək üçün vasitələr təqdim etməsi faktdır. Bu işdə ABŞ-ın rəhbərlik etdiyi kar və kor Qərbin (Paşinyan indinin özündə də məhz Rusiyaya yox, müəllifin kar və kor adlandırdığı Qərbə arxalanır, çünki bilir ki, Kreml güclü iqtisadiyyatı və ordusu olan Azərbaycandan üz döndərməyəcək, mono “respublika” olan “Hayastan” indi Putin üçün maraq doğurmur) öz planları və vəzifələri var. O, Ermənistanın indiki hakimiyyətinin kifayət qədər rahat qəbul etdiyi bu planlara uyğun proqramlarını həyata keçirir”.