ONN İnformasiya Agentliyi

Bu günkü Ağdam

Bu günkü Ağdam
08 İyul 2021 - 10:42

Dünən, 06 iyul, 2021-ci ildə Ağdam rayonunda əlaqələndirmə komissiyasının toplantısına qatıldım. Bakıdan Ağdama gedən yolboyu Ağdamda ilk dəfə olduğum 1992-ci ilin fevral ayı gördüklərim kino lenti kimi gözümün önündə canlanmağa başladı. Ağdama ilk səfərim Naxçıvandan başlamışdır. Naxçıvan-Gəncə- Ağdam. O dövrdə Naxçıvana rəhbərlik edən Böyük siyasət adamı, Azərbaycan xalqının ümidlə baxdığı Ulu Öndər Heydər Əliyevin yardımını Qarabağdan ev eşiklərini qoyub qaçan, Ağdama pənah gətirən insanlara çatdırmaq idi. Ağdamda o dövrdə siyasi hərcmərclik baş alıb gedirdi.

Bir jurnalist kimi ilk öyrəndiyim o oldu ki, rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəisləri rayonu tərk ediblər. Dövlət adamlarından yalnız İspolkomun müavini Təhmasib Novruzov bizi qarşıladı. Yardımın Xalq Cəbhəsinin sədri Allahverdi bəyin qərargahına aparıb təhfil verməmizi məsləhət bildi. Çünki, Ağdam ordan idarə olunurdu. Könüllü dəstələri, diğər rayonlardan övladlarını axtarmağa gələn insanlar Allahverdi bəyin qərargahına üz tuturdular. Ərzaq, dava dərman, par paltardan ibarət olan əşyaları qərargaha verdik. Naxçıvanlıların könüllü verdiyi, xüsusi qablaşdırılmış qan əmanətini xəstəxanaya çatdırdıq.

Gətirdiyimiz xeyli məbləğdə pulu qaçqın ailələrinə verilməsini məsləhət bildilər. O dövrdə gördüyüm Ağdam gözəl şəhər idi. Abad evləri, ağ mişar daşından yeni salınmış məhəllələr, məşhur Ağdam bazarı ( top səslərinin yaxında eşidilməsinə baxmayaraq bazar işini davam etdirirdi) hələ də gözümün önündədir. Bu günkü Ağdam: bəlkə də 29 il bundan əvvəlki Ağdamı görməsəydim belə qəhərlənməzdim. O gözəllik yox olub. Yerlə yeksən olmuş şəhərin qalıqları, xarabazarlıq tüklərimi dimdik etdi. Bu sətirləri yazarkən göz yaşımı quruda bilmirəm. Hələ orta məktəbdə haqqında oxuduğum,şəkillərin gördüyüm Xerosimanı xatırladım. Bir bombanın zavalına gəlmiş şəhər. Ağdamın dərdi daha böyükdü, daş-daş üstündə qalmayıb: mənfur düşmən o gözəl ağ örpəkli gəlinə bənzər şəhərin ağ daşların bir-bir söküb aparıb, ağ paslanmayan çardaqları sökmədən, qurulu şəkildə vertolyotlarla daşıyıb. Heç bir tarix kitabında bu vəhşiliyə rast gəlinməyib. Düzdür müharibələr zamanı şəhərlər yandırılaraq, bombalanaraq məhf ediliblər. Erməni vandalları isə Ağdam başda olmaqla işğal altındakı şəhərlərimizi, kəndlərimizi, bağ-bağatlarımızı söküb aparıblar. Bu vəhşiliyin qurbanına çevrilmiş yurd yerlərimizi görəndə qəhər, düzmənə qarşı nifrətlə bərabər bir sevincimiz, təsəllimiz var: Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsi! 44 günlük savaşda 29 il həsrətində qaldığımız Vətən torpağının qəvi düşmənin işğalından azad edilməsi bizi qürürlandırır. Cənab prezidentimizin Qədim Qarabağ torpağının dirçəldilməsi, şəhər və kəndlərimizin yenidən qurulması, iqtisadi zonalar haqqındakı fərman və sərəncamları gələcək Qarabağın firavan həyatından xəbər verir. Bunun bariz nümünəsi Ağdamın baş planıdır. Müasir, dünya şəhərsalma standartlarına uyğunluğu ilə Ağdamın dünənki ( 29 il bundan öncəki) arxitekturasilə uzlaşdırılması yeni Ağdamın gözəl sabahından xəbər verir.

Qolun çırmayıb quruculuq işləri aparanlara uğurlar arzulayırıq!

Telman Quliyev

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png