ONN İnformasiya Agentliyi

İlham Əliyev və xanımı Şuşada

İlham Əliyev və xanımı Şuşada
29 Avqust 2021 - 18:30

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” otelinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, 1980-cı ildə inşa edilən otelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, oteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan oteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Otel ərazisində avtomobil dayanacağı da inşa edilib. Otelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.

***

Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verildi ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

***

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.

Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.

Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.

Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.

Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.

Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.

Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

***

Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.

Dövlət başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verilib.

***

Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma tədbirində iştirak ediblər.

***

Avqustun 29-da Şuşada yeni yaşayış massivinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma tədbirində iştirak ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png