ONN İnformasiya Agentliyi

Qafarova Litva prezidenti ilə görüşdü

Qafarova Litva prezidenti ilə görüşdü
04 Fevral 2022 - 18:07

Fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarova Litvaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Qinatas Nauseda ilə görüşüb.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Litva Prezidenti Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Litva üçün dost və vacib tərəfdaş ölkə olduğunu diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışaraq, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin xalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib. Qinatas Nauseda ölkələrimiz arasında münasibətlərin inkişafından, tvininq layihələri çərçivəsində, həmçinin təhsil sahəsində uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

O, ölkəsinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirərək, Litvanın ölkələrin ərazi bütövlüyü prinsipinə dəstəyini ifadə edib.

Qinatas Nauseda Litvanın Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığı, ölkəmizin Şərq tərəfdaşlığında iştirakını dəstəklədiyini, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin dekabrda Brüsseldə Avropa İttifaqının VI Şərq Tərəfdaşlığı Sammitində iştirakını alqışladığını bildirib.

Spiker Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Litvaya ilk səfəri olduğunu qeyd edib və bu səfərin iki ölkənin qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Ermənistana suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. O, deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Görüşdə tərəfləri maraqlandıran digər mövzular barəsində də fikir mübadiləsi aparılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png