ONN İnformasiya Agentliyi

Gənclərin vətənpərvərlik tərbiyəsi uşaq yaşlarından başlanmalıdır

Gənclərin vətənpərvərlik tərbiyəsi uşaq yaşlarından başlanmalıdır
31 İyul 2019 - 16:20

Zaur Abasov: “Humanitar fənlər gənclərimizə vətənpərvərlik ruhu aşılamalıdır”

Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması vətənpərvər gənclərin yetişdirilməsini vacib edir. Nəzərə almaq lazımdır ki, vətənpərvərlik hissinin formalaşmasında təbliğat əhəmiyyətli rol oynayır, deməli bu iş ailədən, uşaq bağçalarından və orta məktəblərdən başlanmalıdır. Etiraf edilməlidir ki, hazırda gənclərin vətənpərvər ruhda formalaşması istiqamətində xeyli iş görülüb. Ancaq müasir çağırışları nəzərə alaraq demək olar ki, bu prosesin davam etdirilməsinə ehtiyac duyulur. Yardımlı rayon Dəlləkli kənd orta məktəbin direktoru Zaur Abasov qeyd edib ki, müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu  Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: “Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Məhz bütün bunları nəzərə alaraq ibtidai siniflərdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi fikir vermək istər dərslərdə, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı bu istiqamətdə müntəzəm iş aparmaq lazımdır. Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Bu məqsədlə istər dərslərdə, ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi zamanı, istərsə də müxtəlif mövzularda tez-tez keçirilən dərsdənkənar tədbirlərdə Vətənimiz, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələri haqqında geniş məlumat vermək lazımdır. Ölkəmiz, onun təbiəti, təsərrüfatı, təbii sərvətləri haqqında tədris olunan biliklər şagirdlərdə dərin iftixar hissi yaradır, onlarda vətənpərvərlik hissini daha da gücləndirir. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq   üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mübarizə haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

Onun sözlərinə görə, tərbiyənin arxasında duran adamın özü gərək yuxarıda sadalanan meyarları özündə daşısın ki, övladlar yad ünsürlərin təsiri altına düşməsinlər: “Ailə tərbiyəsi vətəndaşın formalaşmasına o zaman müsbət təsir göstərir ki, ailə üzvlərinin dünyagörüşü, mənəviyyatı, əxlaqı yüksək olur. Digər tərəfdən, belələri təkcə milli yox, həm də bəşəri təfəkkür sahibi olmalıdırlar. Ümumən ailədə tərbiyə məsələsi ailənin üzvlərindən başlayır. Bir şeyi nəzərə almaq lazımdır ki, ölkəmiz Şərq və İslam dünyası ilə vəhdətdə götürüləndə azərbaycanlıların ailədə çox fərqli tərbiyə metodları ortaya çıxır. Xüsusən də övlada, uşağa münasibətdə fərqlər yetərincə çoxdur. Bu yöndə yaxşı cəhətlər də var, kəsirli cəhətlər də. Tərbiyəmizdə kəsirli cəhət ondan ibarətdir ki, uşaqlarımızı bir sıra hallarda sərbəst böyüməyə qoymuruq. Bu isə gənclərin sərbəst düşünməsinə və mütərəqqi təşəbbüslərlə çıxış etməsinə mane olur. Bəzən bu o həddə gəlib çatır ki, müəyyən mənfi fəsadlara gətirib çıxarır. Çünki, avam, savadsız, dünyagörüşü məhdud olan ailə üzvlərindən yüksək səviyyədə nəsə gözləmək olmaz. Yəni uşağın formalaşmağını bugünkü dövrün tələbləri çərçivəsində qura bilməz. İstər-istəməz bu kimi amillər ailə tərbiyəsində uşağın formalaşmağına sirayət edir. Odur ki, hər bir kəs yadda saxlamalıdır ki, torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır”.

Alim

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png