ONN İnformasiya Agentliyi

Onlar düşməndən də təhlükəlidir – Cavid İSMAYIL yazır

Onlar düşməndən də təhlükəlidir – Cavid İSMAYIL yazır
21 Sentyabr 2021 - 10:35

Əfəndilər! Şərəf tariximizin 44 günlük Zəfər səhifəsinin ardınca  indi diplomatiya masalarında daha böyük, daha geniş miqyasda daima Var olmaq uğrunda savaş gedir.

Bu savaşı yeni dünya düzənində haqqın yanında, nahaqqın qarşısında duran, “Mən Türkəm!” hayqıraraq dünyada Var olmanın, özü  də  şərəflə Var olmanın mücadiləsi kimi dəyərləndirirəm.

Heç kimə sirr deyil ki, bir çox istiqamətdən açıq – aşkar daxilimizə nüfuz edən qara qüvvələr var. Dövlətçiliyimizə, var olmamıza uzanan bu məkrli əlin tarixçəsinin  çox qədmlərə getdiyi də bizlərə bəllidir. Bu məkrin daxilində ən təhlükəlisi təbii ki, sapı özümüzdən olan baltalar, milli xəyanət yolunu tutan, genetik şərəfsizliyə duçar olan, ağasız-sahibsiz yaşamağa öyrənməyənlər, “Vətənpərvər” libası geyinib, bütün zamanlarda xamelyon kimi rənglərini dəyişən çopur cabbarlar, həsən sabbahçılar, bir sözlə 5-ci kolona aid olan bütün məkrli qüvvələrdir.

Son zamanlar bu məkrli qüvvələr bir çox istiqamətdə açıq şəkildə hücüma keçiblər.

Bu yazıda diqqəti sosial şəbəkələrə yönəltmək istərdim.

Diqqət yetirin, heç kimə sirr  deyil ki, müasir zəmanəmizdə ideoloji xəttin ən önəmlilərindən öncülü sosial şəbəkələrdir.

Yenə də  Allah evinə donuz bağlayan erməniyə qucaq açan İran adlanan dövlət sərhədlərimizə qüvvə yığır və öz aləmində əzələ nümayişi edir.

İndi siz sosial şəbəkələrə nəzər salın. İranın Azərbaycana qarşı etdiyi bütün mənfi hərəkətlərinə sapı özümüzdən olan baltalar və ermənilər sevinclərini gizlətmirlər və açıq-aşkar bu proseslərə rəğbət bəsləyir və dəstəkləyirlər. Yaxşı, ermənilər aydındır ki, düşməndir. Bəs içimizdə olan nankorlar necə, düşmən deyil? Təbii ki, onlar düşməndən də təhlükəlidirlər.

Vətənimizin bütün maraqlarının ziddinə gedən və bu prosesləri müdafiə edən, rəğbət bəsləyən, bu çirkin əməlləri təbliğ edən hər kəs dövlətçiliyimizə çox böyük təhlükədir. Belələrinə qarşı birmənalı olaraq hüquq müstəvisində konkret tədbirlər aparmaqla yanaşı, dövlətin ideoloji xəttini təbliğ edən qurumlar adekvat kompleks işləri intensivləşdirməlidir.

Bir çoxunuza adi gəlsə də, Zəfər hərb tariximizdən xronika çəkilişlərinə sosial şəbəkələrdə baxanda görürəm ki, igidlik, fədakarlıq, əzmkarlıq, rəşadətlilik səhnələrinin fonuna fars ağzı ilə ağlamaq, bədbin musiqi, ümidsizliyi, çarəsizliyi və s. bu kimi  elementləri tərənnüm edən müsiqilər əlavə edir və tirajlayırlar. Bu da, əksər hallarda zənnimcə həmin xəyanətin bir qoludur. İnsanların düşüncəsini başqa istiqamətə məqsədli  yönləndirmək və öz aləmlərində qəhrəman xalqımızın ruhuna hardasa bədbinlik, hüzn və s. çökdürmək cəhdlərdir.

Doğrudur müqəddəs 44 günlük savaş öncəsi də Ali Baş Komandan xalqı birlik və bərabərliyə çağırırdı. Savaş  vaxtı  da  bu  çağırış  davam  etdi  və  qəhrəman xalqımız özünə yaraşanı edərək vahid bir yumruqda birləşdi. Xalq öz rəhbərinin, dövlətinin, ordusunun arxasında durmaqla bəlkə də həmin çox əsrlik tarixə malik olan məkrli qüvvələri böyük xəyal qırıqlığına məruz qoydu.

Dost da,  düşmən də gördü ki,  200 ildən yuxarı bir zaman axınında xalqımızın genetik yaddaşına təsir etsələr də xalq öz milli kimliyini, dövlətçilik anlayışını, vətən sevgisini itirmədi və dədələrdən miras qalan öz  dədə tarixinə sahib çıxdı.

Eyni zamanda hər birimiz belə hallara biganə qalmamalıyıq. Xüsusən də belə bir dönəmdə qeyd etdiyim videolara qəhrəmanlıq, cəsarət, milli kimliyi uca tutan, Vətən sevgisini, qəhrəmanlıq nümunələrini tərənnüm edən musiqilər, marşlar, qoşmalar və s. əlavə edərək sosial şəbəkələri sarmalıyıq.

Bir sözlə məkrli qüvvələrə sosial şəbəkələrdə də göz açdırmamalıyıq. Yeri gəlmişkən ümummilli lider Heydər Əliyevin “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” kəlamını xatırladaraq bildirirəm ki, Vətənimizin daima Var olması üçün cəmiyyətimizdə mənəviyyatsız insanlara yer  verməməliyik! Belələrinə qarşı Vətən naminə mübariz olmaq, hər bir Vətən övladının mənəvi borcu olmalıdır!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png