Son zamanlar benzinin qiyməti bir tərəfə, keyfiyyəti ilə bağlı şikayətlər daha da artıb. Keyfiyyət də qiymətə uyğun artmalı deyilmi?
ONN media Sfera.az-a istinadən xəbər verir ki, benzinin keyfiyyəti ilə bağlı problemlərdən danışan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bunları deyib:
"O problemləri biz də eşidirik.Amma, şikayət edənlərə deyəndə ki, keyfiyyətindən şikayət etdiyiniz yanacaq doldurma məntəqəsinin satdığı benzindən nümunə üçün bizim loboratoriyaya gətirin bir yerdə yoxlayaq, o anda geri çəkilirlər. Benzinin keyfiyyəti standarta uyğundur, qaydasındadır. Azərbaycan standartlaşdırma instutunun tərkibində neft məhsullarının laboratoriyası var, ən son texnikalarla təchiz edilib. Orada mütəmadi olaraq yanacaqdoldurma məntəqələri tərəfindən umumi nümunələr təqdim olunur. Həmçinin sertifikat orqanları tərəfindən təqdim edilən nümunələr yoxlanılır və indiyə kimi heç bir problem aşkar edilməyib. Bu gün yanacağın standarta uyğunluğu təsdiq olunur".
Fazil Talıblı rayonlardakı yanacaqdoldurma məntəqələrində satılan benzin üçün isə başqa fikirdədir:
"Qaldı ki, yanacaq doldurma məntəqələrinin öz işinə, Bakı şəhərində deyə bilmərəm, amma rayonlardakı yanacaqdoldurma məntəqələrində hər hansı bir qatqıdan istifadə edirlər ya etmirlər bilmirik. Bizim bu bərədə məlumatımız yoxdur. Əgər istehlakçılarda belə bir narahatçılıq və narazıçılıq varsa, buyurub bizim komitəyə müraciət edə bilərlər”.