AMEA-nın mətbuat xidmətindən ONN media-ya bildirilib ki, aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Kimyanın davamlı inkişafda rolu” mövzusunda Azərbaycan-İtaliya beynəlxalq elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev seminarın AMEA və İtaliyanın müvafiq elmi müəssisələri arasında kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sonra çıxış edən İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kimya sahəsində inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Tədbirdə M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Topoloji izolyator materiallarının dizaynının kimyəvi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. M.Babanlı bildirib ki, Azərbaycanda topoloji izolyator materialları sahəsində sistemli tədqiqatlar 2011-ci ildən aparılır. Bu müddətdə Avropa Birliyinin və Yaponiyanın topoloji izolyatorların nəzəri və təcrübi tədqiqi ilə məşğul olan aparıcı elmi mərkəzləri ilə geniş beynəlxalq əlaqələr qurulmuşdur. Həmin əməkdaşlıq çərçıvəsində İtaliyanın bir sıra elmi müəssisələri ilə birgə tədqiqatlar aparılır və onların nəticələri Web of Science sisteminə daxil olan yüksək impakt faktorlu jurnallarda çap edilmiş 10-dan artıq müştərək elmi məqalədə öz əksini tapıb.
Mərasimdə M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Nizami Zeynalov “Polimer nanogellər – dərman maddələrinin immobilizasiyasında daşıyıcı kimi” mövzusunda məruzəsini diqqətə çatdırıb. Professor vurğulayıb ki, son illər nanogellərin sintezi və onların iştirakı ilə dərman preparatlarının uzun müddətli təsirə malik olmaları tədqiqatçıların diqqət mərkəzindədir. Alim bu mənada polimerlərdən istifadə olunması müasir üsullar arasında dərman preparatlarının lazımı orqanlara çatdırılmasında əsas yer tutuğunu deyib.
Tədbirin davamında İtaliyanın “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniellonun “İnkişafın davamlılığının və tərəqqinin təmin olunmasında kimya və kimya mühəndisliyinin rolu nədir?”, Rome Tor Vergata Universitetinin professoru Massimiliano Barlettanın “Bioplastik materialların təkmilləşdirilməsi və onların emalı” mövzularında məruzələri dinlənilib.
Seminarda həmçinin dünyanın aparıcı elmi təşkilatları ilə beynəlxalq əməkdaşlıq perspektivlərindən danışılıb. Qarşılıqlı münasibətlərin inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından da bəhs olunub.