Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsində həlak olması bu qurumda son aylarda qeydə alınan növbəti ölüm faktı oldu.
ONN media xəbər verir ki, iyulun 1-də Samux rayonunun Burunqovaq kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmədən çıxaraq çay yatağına düşüb. Avtomobildə olan üç nəfərdən ikisi sudan çıxa bilsə də, DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərov boğularaq həyatını itirib.
DSX-nin məlumatına görə, hadisə barədə məlumat daxil olduqdan sonra qurumun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri həyata keçirilib və hərbi qulluqçunun nəşi aşkar edilib.
Bu, son aylarda DSX-də baş verən yeganə ölüm hadisəsi deyil.
İnternet üzərindən araşdırmalar göstərir ki, təkcə 2026-cı ildə DSX əməkdaşları, əsgərləri və kursantları arasında bir neçə ölüm faktı ictimailəşib.
Aprelin 13-də DSX Akademiyasının I kurs kursantı Əsəd İsmayıllı vəfat edib. Məlumata görə, o, 2026-cı ildə DSX-nin Xüsusi Məktəbindən məzun olub, daha sonra Akademiyanın “Sərhəd qoşunları və idarəetmə” ixtisasına qəbul edilib.
Mayın 12-də DSX əsgəri Hüseyn Həmzə oğlu Əsədovun ölümü ilə bağlı məlumat yayıldı. O, əsgər sıra baxışı zamanı qəfil yıxılıb və həyatını itirib. Bu hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş, gənc əsgərin tibbi komissiyadan necə keçməsi ilə bağlı suallar doğurmuşdu.
Mayın 19-da isə DSX-nin Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamovun vəfat etdiyi barədə məlumat yayıldı. Bildirildi ki, o, dərs zamanı və ya təhsil müəssisəsinin ərazisində deyil, öz evində dünyasını dəyişib. Məzahir İslamov 44 günlük Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğlu idi.
Mayın 25-də DSX hərbi qulluqçusu Ramin Cəbrayılovun vəfat etdiyi barədə məlumat yayıldı. Onun Beyləqan rayonu ərazisində ağır yaralandığı, xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirildi.
Beləliklə, Samux hadisəsi də daxil olmaqla, təkcə son üç ay ərzində DSX ilə bağlı ən azı beş ölüm faktı ictimailəşib. Bu faktların hər biri ayrı-ayrı səbəblərlə izah olunsa da, ümumi mənzərə narahatlıq doğurur.
Son illərə baxanda da oxşar hadisələrin davamlı xarakter aldığı görünür. Mediada DSX hərbi qulluqçularının xəstəlikdən, qəfil səhhət pisləşməsindən, yol qəzasından, silahla bağlı insidentlərdən və digər bədbəxt hadisələrdən vəfat etməsi ilə bağlı çoxsaylı məlumatlar var.
Məsələn, DSX hərbi qulluqçusu Aslan Məmmədovun uzun sürən xəstəlikdən vəfat etdiyi, əsgər Xəyal Həsrətovun səhhətinin qəfil pisləşməsi nəticəsində həyatını itirdiyi, əsgər Səid Qurbanovun sərhəd naryadından qayıdarkən qəfil vəfat etdiyi, əsgər Miran Ələkbərlinin ilkin rəyə görə ürək tutmasından öldüyü, Mirkamal Cabbarovun DSX hospitalında müalicə alarkən xəstəlikdən vəfat etdiyi barədə məlumatlar müxtəlif illərdə ictimailəşib.
Açıq mənbələrdə yayılan monitorinqlər də problemin miqyasının daha geniş olduğunu göstərir. Bildirilir ki, son beş ildə DSX-də 61 hərbi qulluqçu həyatını itirib. Bu rəqəm rəsmi statistika deyil, açıq mənbələr və media monitorinqi əsasında formalaşdırılmış məlumatdır.
Məsələ təkcə rəqəmlərdə deyil. Əsas sual budur: DSX-də ölüm hallarının illər üzrə səbəbləri, bölgüsü və araşdırma nəticələri niyə ictimaiyyətə açıq şəkildə təqdim olunmur?
Son beş ildə neçə hərbi qulluqçu və kursant vəfat edib? Bu ölümlərin neçəsi xəstəlik, neçəsi yol qəzası, neçəsi xidmətdə baş vermiş hadisə, neçəsi bədbəxt hadisə ilə bağlıdır? Tibbi və psixoloji nəzarət mexanizmləri necə işləyir? Gənc əsgər və kursantların sağlamlıq vəziyyəti hansı qaydada yoxlanılır?
Bu suallar cavabsız qaldıqca, hər yeni ölüm xəbəri cəmiyyətdə daha böyük narahatlıq yaradır.



Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
Bir qrup hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
Prezident bir qrup hərbi qulluqçunu TƏLTİF ETDİ
Bu hərbi qulluqçular “İgidliyə görə” medalı ilə təltif edildi - SİYAHI
SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
İlham Əliyev bu hərbçiləri təltif etdi
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Prezident bu şəxsləri əfv etdi
Bir qrup hərbi qulluqçu təltif edildi
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İyulun 12-də imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ!
Valideynlərin DİQQƏTİNƏ: Bağçalara qəbul üçün qeydiyyat başlayır
Bakıda 35 dərəcə isti olacaq - HAVA PROQNOZU
Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi
Naxçıvanın bir kəndində qaz kəsiləcək
Nail Kəmərli Speys TV-də yeni veriliş aparacaq
Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!
Neft yenidən ucuzlaşdı
DÇ-2026: İspaniya və Portuqaliyanın çətin sınağı...
Yaşayış kompleksində yanğın: maşınlara ziyan dəydi
Günün qoroskopu: Bu qərarı icra edə bilərsiniz
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olunub– ÖZƏL
Sülhə nail olunub- İlham Əliyev
Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı 