YERİNƏ
- Məni bağışlasın bu ana dilim,
- Deyirlər “Şimal” de “Quzey” yerinə.
- Palaza bürünüb mən də o gündən
- “Cənub” söyləyirəm “Güney” yerinə.
- Ortaya natamam, həm də tam dedik,
- Əyriyə düz dedik, düzə xam dedik.
- Gah “Baş üstə!” dedik, gah “Tamam!” dedik,
- Bilmədik nə deyək “Okey!” yerinə.
- Yaxşıca dil tökdük, ovutduq sözü,
- Keçmədi boğazdan, çox udduq sözü.
- Cəh-cəh vuran yerdə unutduq sözü,
- Axırda “zad” dedik, o “şey” yerinə.
- Qəm sevincə, sevinc qəmə qarışdı,
- Bilmədik barışdır, yoxsa savaşdır.
- Gözümüz öyrəşdi, qulaq alışdı,
- Əcəb “şaxsey” dedik “vaxsey!” yerinə.
- Dedilər, “danışma, otur yerində!”,
- Çox da həqiqət var dediklərində!
- Şahlar, qorxuram ki, günün birində
- “Dost-doğma” deyələr “ögey” yerinə.
Şahlar Göytürk