Təhsil Nazirliyi təhsil proqramı (kurikulum) ətrafında gedən müzakirələr haqqında məsələyə münasibət bildirib.
ONN media bildirir ki, nazirlikdən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, kurikulum nəyi və necə öyrətməyi, həmçinin, qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir.
Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır.
Proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyildir.
Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir və s.
Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olmuşdur.
Belə ki, təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürmüş və müvafiq proqramların hazırlanmasını tələb edib.