"Milli Şura"nın mitinqinə icazənin verilməməsi və onun səbəbləri ətrafında süni səs-küy yaratmağa çalışanlar günahı hakimiyyətdə deyil, özlərində axtarmalıdırlar".
ONN media xəbər verir ki, bu fikirləri Olaylar.az-a açıqlamasında "Səs" Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, yanvarın 19-da - "Məhsul" stadionunda keçirdikləri icazəli mitinqsən sonra təyin olunmuş yerdən kənarda, yəni ictimaiyyətin sıx olduğu yerlərdə asayişi pozmağa yönəlmiş cəhdlər, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə qarşı göstərilən müqavimətlər, həmçinin, vətəndaşları öz aksiyalarına zorla iştirak etdirmək cəhdləri bu gün də müvafiq güc qurumları tərəfindən araşdırılmaqdadır: "Maraqlı məqam isə budur ki, nə AXCP sədri Əli Kərimli, nə də "Milli Şura"nın rəhbərliyi qanunsuzluq faktlarını məsuliyyət olaraq üzərlərinə götürmürlər. Halbuki, BŞİH-nin mitinqə icazə verilməməsi ilə bağlı rəsmi məlumatında da vurğulanır ki, yanvarın 19-da keçirilmiş mitinqdən sonra 200-ə qədər şikayət daxil olub və vətəndaşlar ictimai asayişin növbəti dəfə pozulması cəhdlərindən ehtiyat etdiklərini bildiriblər. Hər halda, radikal müxalifət liderləri ən azından, belə halların növbəti dəfə təkrarlanmayacağı barədə öhdəlik götürməli, daha öncəki qanunsuzluq hallarının məsuliyyətini qəbul etməliydilər. Amma göründüyü kimi, həm öhdəlik, həm də məsuliyyət məsələsi ortaya çıxanda yaxalarını kənara çəkirlər. Bu zaman sual yaranır, qanunsuzluqları törədənlər sizlərsinizsə, qanuni tələblərdən niyə qaçırsınız? Yəni belə cəhdlər bir daha bu cür qənaətə gəlməyə zəmin yaradır ki, radikal və dağıdıcılıq təfəkkürünə malik olan müxalif liderlər üçün qanun hər zaman arxa planlarda olub. Sadəcə, onlar növbəti dəfə suyu bulandırmaqla havadarları qarşısında öz reklamlarını aparmaqla məşğuldurlar".
Siyasi ekspert hesab edir ki, istər BŞİH-nin, istərsə də hüquq-mühafizə orqanlarının qərarları qanunamüvafiqdir və araşdırılmalar başa çatana qədər, "Milli Şura"nın yetkililəri gözləməlidirlər: "Əgər mitinq keçirmək istəyən tərəf əvvəlcədən məsuliyyət daşıdığını bildirsəydi, əlbəttə ki, onların aksiyalarına icazə də verilərdi. Çünki ölkəmizdə sərbəst toplaşma və ifadə azadlığı mövcuddur və kimlərsə, bu qanunları pozmağa çalışacaqlarsa, əsas günah da həmin adamlarda - yəni məsuliyyətdən yaxasını geri çəkənlərdə axtarılmalıdır."