Haqqında dövri mətbuatda tez-tez qısa həcmli yazılara rast gəldiyim ustad aşıq Mikayıl Azaflı irsi çox təəssüf ki, elmi aspektdə dərindən araşdırılıb tədqiq edilməmişdir ki, bu da həmin azman sənətkarın yaradıcılığı haqqında bizdə dolğun təsəvvürlərin formalaşmamağına təsir etmişdir. Mikayıl Azaflı aşıq olmaqla yanaşı həm də dərin ilhama, yüksək təbə malik olan ünlü-sədalı bir şairdir və onun aşıq poeziyasının müxtəlif şəkillərində qələmə aldığı şeir nümunələri poeziya sevənlərin zövqünü oxşamaqdadır. Aşığın şeirlərində işlənən dərin mənalar, yüksək fəlsəfi fikirlər, dünyəvi və bəşəri ideyalar, insan əməlləri ilə bağlı zəngin düşüncələr, yüksək zövqlə işlədilmiş bədii təsvir və ifadə vasitələri, bir sözlə -aşığın poeziya incilərində olan bədii duyum oxucularla bərabər tədqiqatçıların da diqqətini cəlb edir. Görkəmli sənətkar Mikayıl Azaflının ifaçılıq məharəti, onun saz havalarında olan yaradıcılığı və şeirlərinə bəslənən ifalar ümumxalq məhəbbəti qazanaraq aşığın şan-şöhrətinin artmasına səbəb olmuşdur. Bu gün də aşığın apardığı toy məclisləri ilə bağlı olan əhvalatlar dildən-dilə keçərək klassik aşığın xalq yaddaşında möhkəmlənməsinə səbəb olur. İlk dəfə Mikayıl Azaflının sənət dünyası haqqında müfəssəl məlumatlar verən, dərin tədqiqat aparan və bu azman sənətkarın aşıq sənətimizdə oynadığı rolu zərgər dəqiqliyi ilə müəyyənləşdirən qələm sahiblərindən Əli Kafkasiyalının “Qoca Qartal Azaflı” əsəri elm ictimaiyyəti tərəfindən də maraqla qarşılanmışdır. Həmçinin Mikayıl Azaflı haqqında dolğun məlumat verən, aşığın yaxın dostu professor Qəzənfər Paşayevin də bu istiqamətdə qələmə aldığı yazıları aşığın sənət dünyasının öyrənilməsində müstəsna rol oynayır. Şübhəsiz ki, sağlığında klassikləşən Mikayıl Azaflı haqqında çox yazılmış və çox danışılmışdır. Bizi daha çox aşığın yaradıcılığının elmi müstəvidən araşdırılması maraqlandırır.
Aşıq Alıdan, Aşıq Ələsgərdən, Hüseyn Şəmkirlidən, Hüseyn Bozalqanlıdan sonra gələn ustadlıq yolunda Mikayıl Azaflı ilə Aşıq Şəmşir yaradıcılığı daha çox ümumxalq məhəbbəti qazanmış və bu iki tanınmış sənət sahibinin yaradıcılıqları bir-birlərinə olduqca yaxındır. Belə ki, hər iki sənətkar aşıq şeiri şəkillərində bənzərsiz şeirlər yaradaraq aşıq poeziyasının zənginləşməsinə səbəb olmuşlar. Onlardan sonra gələn aşıqlarımız arasında bu qədər ciddi yaradıcılıqla məşğul olan sənətkarlar olduqca azlıq təşkil edir.
Mikayıl Azaflı yaradıcılığında aşıq poeziyasında mühüm rol oynayan şeir məktublaşmalarına rast gəlirik ki, bu da geniş bir müstəvidə əhatə olunmuşdur. Yəni Mikayıl Azaflının yaşadığı dövrdə tanınmış əksər aşıq və şairlərlə şeir məktublaşmaları mövcuddur ki, bu da sənətkarın dövrünün qabaqcıl söz bilicisi kimi söz xiridarlarının hər zaman diqqətini cəlb etdiyinin göstəricisidir. Aşığın bu istiqamətdə qələmə aldığı şeirlər xalq arasında müəyyən əhvalatlar şəklində danışılaraq öz növbəsində nəsildən-nəslə ötürülməkdədir. Bu yönümdə Aşıq Şəmşirin, Əli Qurbanovun, İsa Cavadoğlunun, Adil Həsənovun, Əsgər Kərimovun, Xəlil Qazaxlının, Sərraf Şuriyənin və digər adları çəkmədiyimiz və ya bizlərə məlum olmayan nə qədər bu cür bir-birindən qiymətli olan şeir məktublaşmaları Azaflı Mikayılın zəngin sənət yolunun sadəcə bir göstəricisidir.
YA QİSMƏT
(İsa İsayevin məktubu)
İsa İsayev
Min arzu eylərəm, min cürə xəyal,
Birinə çatmayam, çatam, ya qismət.
Birinci addımı salamat atdım,
İkinci Addımı atam ya qismət.
Mikayıl Azaflı
İnsana taleyi yazan yazanda,
Ömürlə verilir dünyada qismət.
Kiminin yığvalı toxunur daşa,
Kimini yetirir murada qismət.
Ustad sənətkar Mikayıl Azaflının şeir məktublarını incələdikcə görürük ki, dövrünün qabaqcıl söz biliciləri aşığın yaradıcılığına böyük məhəbbət göstərmişlər və onun zəngin yaradıcılıq yolunu yüksək qiymətləndirmişlər. Bütövlükdə aşığın digər şeirlərində olduğu kimi onun məktublaşma şeirlərində də biz bir ustad yolunu, ağsaqqallığı, müdrik davranmanı, öyüd-nəsihətlərini, səbirli mövqeyini görürük ki, buda Mikayıl Azaflı şəxsiyyətinin böyüklüyünün göstəricisidir. Həmçinin qeyd edim ki, bir tədqiqatçı kimi hər zaman məni narahat edən məsələlərdən biri də Mikayıl Azaflı ilə bağlı olan əhvalatların yazıya köçürülməsidir. Axı indiki nəsil dünyadan köçdükcə aşıqla bağlı olan dəyərli ensiklopedik məlumatları da özləri ilə əbədiyyətə aparırlar.
Aşıq sənətində və poeziyasında mühüm yer tutan deyişmələr aşıq və ya şairlərin ilhamının, təbinin, həmçinin elminin nümayişi baxımından onların gücünü göstərən müstəsna bir haldır. Aşıqlar bu deyişmələrlə öz gücünü cəmiyyətə, digər aşıqlara nümayiş etdirərək İlahi dərgahdan aldığı vergini təsdiqləyir. Poeziyamızı incələdikcə görərik ki, deyişmələrə ən çox aşıq sənətində, ələlxüsus aşıqlarımız arasında rast gəlirik. Özü də bu deyişmələrin çoxu bədahətən olmuşdur deyə xalqın diqqətini cəlb etmiş və aşıqlara el-oba arasında sevgi daha da artmışdır. Mikayıl Azaflı yaradıcılığında da deyişmələrə rast gəlirik ki, bu da aşığın sənət yolunda bütün çətinlikləri şərəflə keçməsini, İlahi dərgahdan pay almasını təsdiq edir. Bəzənsə onun deyişmələri uzun müddət çəkmişdir və buna baxmayaraq , axırda aşıq yenə qələbə çalmışdır. Maraqlıdır ki, aşığın deyişmələrini nəzəri baxımdan təhlil edəndə görürük ki, aşıq şeiri şəkillərinin ən ağır formalarında deyişən Mikayıl Azaflı hər zamanda təntənəli zəfər çalmışdır. Onun bir çox aşıq, el şairi və görkəmli şairlərlə deyişmələri vardır. Aşıq Şəmşir, Hüseyn Arif, Zəlimxan Yaqub, Rasim Kərimli, Paşa Salahlı, Qəmkeş Allahverdi, Əli Qurbanov, Narınc Xatun, Müzəffər Şükür, Dərbənddən Aşıq Soltan, Türkiyədən Aşıq islam Ərdənər və digər şəxslərlə deyişmələri bizlərə yaxşı məlumdur. Adlarını çəkdiyimiz insanların yaşadığı bölgələri də nəzərə alsaq görərik ki, Mikayıl Azaflının deyişmələri geniş regionları əhatə etmişdir ki, bu da aşığın qazandığı şah-şöhrətin, əsasən də sənətdə tutduğu mövqeyin bariz göstəricisidir.
Paşa Salahlı ilə deyişmə:
Paşa Salahlı:
Ay Azaflı, bu dünyada,
Ölən kimdi, öldürən kim?
Ömür vaxtsız gedir bada,
Gülən kimdi, güldürən kim?
Mikayıl Azaflı:
Ay Salahlı, sirri-xuda,
Ölən insan, öldürən o.
Zamanında şən, şər, qada,
Gülən insan, güldürən o.
Bütövlükdə aşığın yaradıcılığında ithaflar da ayrıca yer tutur. Bu aşığın özündən əvvəlki sənətkarları tez-tez xatırladığını, onların yaradıcılığına müraciət etdiyini, ən əsası da onların ölümlərinə kədərləndiyini göstərir. Aşığın ithafları çoxdur və onların hər birini burada paylaşmaq niyyətimiz olmadığından aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Hüseyn Bozalqanlıya həsr etdiyi aşağıdakı şeiri paylaşmaqla kifayətlənirik.
Hüseyni
(Aşıq Hüseyn Bozalqanlıya)
Böyük sənətkarı Azərbaycanın,
Könüllər əzizlər hər an Hüseyni.
Sənət aləmində füsunkar təbli,
Əsrimiz veribdi nişan Hüseyni.
Haqdan süzülərdi ilhamı, dəmi,
Ulduza bağlıydı sazının simi,
Söz, qoşma deməkdə tez onun kimi,
Birdə yaradarmı canan Hüseyni?
O böyük dahidi, böyük ustadı,
Azaflı, bal təki sözünün dadı.
Ellərin qəlbində yaşayır adı,
Aşıqlar başında xaqan Hüseyni.
Xalqımız şairə, aşığa hər zaman yüksək qiymət verir, onu bütün varlığı ilə sevir, tarixdə yaşadır və bəzənsə bir kəndi, hətta bir rayonu orada yetişmiş aşıq və ya şairə görə tanıyır ki, bu da azərbaycanlıların sənətə olan məhəbbətini göstərir. Biz aşığın şeirlər kitabına baxsaq görərik ki, orada “Mərsiyələr” başlığında ayrıca bir bölmə var. Bu bölmənin özü bir çox mətləbdən xəbər verir. Belə ki, aşıq sənət dostlarının dünyadan köçməsini bütün söz xiridarları kimi Mikayıl Azaflıda matəm etmiş, söz deyib şeir qoşmuşdur.
Ümumiyyətlə, Mikayıl Azaflı da dünyadan köçdükdə ona çoxlu ithaflar yazılıb. Onların bəziləri aşıq Haqq dünyasına qovuşan zaman yazılmışsa da, bəziləri ölümündən sonra yazılmışdır. Bu aşığa, onun sənətinə olan sevginin göstəricisidir. Hazırda yeni yetişən söz ustadları da aşığa saysız şeirlər yazırlar ki, heç şübhə etmirəm ki, bu indən sonra da davam edəcəkdir.
Aşığın əsas külliyyatının cəmləndiyi “Qoca Azaflıyam” adlı şeirlər kitabında Mikayıl Azaflının söz yaradıcılığının bir hissəsi cəmlənmişdir. Belə ki, aşığın qızı Gülarə Azaflı ilə olan söhbətlərimizin birində atasının evlərində hələ bir o qədər kitab həcmində şeirlərinin olduğunu vurğuladı. Bütövlükdə Mikayıl Azaflı bəşəri düşüncəli, azman bir sənətkar kimi zaman-zaman sənət fədailərinin, aşıqların, şairlərin, tədqiqatçıların və ümumilikdə söz sevənlərin diqqətini cəlb edəcəkdir.
Mahmud Əyyublu
AAB-nin üzvü