ONN İnformasiya Agentliyi

“Teatr məbədgahdır”- Əjdər Zeynalov (Müsahibə)

“Teatr məbədgahdır”- Əjdər Zeynalov (Müsahibə)
16-07-2024, 10:30

       İnsanın həmişə tamaşaya ehtiyacı olub. Bir vaxtlar məkr və  məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist düçüncəli biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə köçürdü. Bu səhnədə sevmək də, mübarizə də, döyüş də, ölmək də vardı.

Sadəcə pərdələr enəndən sonra ölənlər dirilir, tamaşa qansız və qadasız ötüşürdü. Tamaşaçılar uzun müddət bu sehri “aça” bilməsələr də, teatra inanırdılar...

Bəli, tariximizi, mədəni təşəkkülümüzü, milli-mənəvi məfkurəmizi özündə yaşadan məbədlərdən biri də teatrdır. Xalqımızın milli-mənəvi irsini zənginləşdirən sərvətlərdəndir  oyun-tamaşa mədəniyyəti əsrlərlə formalaşaraq bu günkü günümüzlə səsləşən teatr, kino və s. sənət nümunələrimiz bir xalq olaraq bizim mədəni irsimizdir. Bu mədəni irsimizi icra edib, onu qoruyub-saxlayaraq gələcəyə daşıyanlar isə  canlı dəyərlərlərimiz, ölməz sənət sahibləridir. Əjdər Zeynalov bax bu dəyərə, sənətkar zirvəsinə yüksələn müasirimizdir. ONN İnformasiya Agentliyi olaraq siz dəyərli oxucular adından ona suallar ünvanladıq.

Əjdər Zeynalov kimdir və bu sənətə necə gəlib ?

— Mən Əjdər Zeynalov, adi bir vətəndaş, xalqını, vətənini sevən azərbaycanlıyam. Oğuz türküyəm, Qərbi  Azərbaycandanam, 4 iyul 1964 – cü ildə o torpaqlarda doğulmuşam. Zəngibasar rayonun Qaraqışlaq kəndindənəm.  Qərbi Azərbaycan bütöv Azərbaycanımızın bir parçası, dilbər guşələrindən biridir. 1981-ci ildə orta məktəbi bitirib “İrəvan Teatrı” nda altı ay aktyor işləmişəm. Altı aydan sonra mən xüsusi göndərişlə Bakıya göndərildim. Orada ali məktəbdə oxuyub teatr sənətinin dərinliyinə varıb, öyrənib savadlı kadr kimi “İrəvan Teatrı” nda yenidən işləmək fikrindəydim...

    1988-ci ildə ali məktəbi bitirdikdən sonra  Ermənistan və Azərbaycan arasında münaqişələr yaranmağa başladı və  mən təbii ki, həmin teatrda işləyə bilmədim. O vaxtki nazirimiz Zakir Bağırovun qəbulunda oldum. Onu da qeyd edim ki, o çox gözəl xarakterə malik bir insan idi. O məni qəbul etdi, biz üz-üzə oturduq və  mən ona bildirdim ki, cənab nazir, mən “İrəvan Teatrı”na qayıtmaq, orada işləmək və orada Azərbaycan mədəniyyətini inkişaf etdirmək istəyirəm. Oradakı vətəndaşların, Oğuz türklərinin bütün bunlara daha çox ehtiyacı var dedim. O mənim sözlərimə çox sevindi və mənə dedi ki, məni səndəki bu vətənpərvərlik hissi çox qürurlandırdı və mən bunu yüksək qiymətləndirirəm. Ancaq oğlum, “İrəvan Teatrı” artıq yoxdur. Biz səni burada işlə təmin edərik, burada işləyərsən.

 Bəs necə oldu ki, yenidən “İrəvan Teatrı” nda işləməyə başladınız?

— Sağ olsun Respublikamızın xalq artistləri Vidadi Əliyev, Elmira İsmayılova və s. bunlarla görüşəndə onlar belə bir məsələ qaldırdılar ki, “İrəvan Teatrı” nı burada, Bakıda bərpa eləyək. Mən də onlara qoşulub çox əziyyətlər bahasına olsa da, axır ki, “İrəvan Teatrı” nı “Akademik Milli Dram Teatr”nı nəznində teatr studiya kimi bərpa etməyə nail olduq. Beləliklə, biz Xırdalan Mədəniyyət Evində müvvəqqəti yerləçərək fəaliyyətə başladıq və orada tamaşalar hazırladıq. Ulu Öndərimiz Azərbaycan xalqının istək və sevgisi ilə Bakıya dəvət olunduqdan sonra artıq Bakıda hakimiyyətdə olduğu müddətdə bizə dövlət statusu verdi ki, neçə ki, Azərbaycan var, “İrəvan Teatrı” yaşamalıdır.  Çünki bu bizim tarximizdir. İrəvan bizim qədim torpaqlarımız, Qərbi  Azərbaycan elimiz, buranın vətəndaşları isə əsl Azərbaycan  xalqı, oğuz türkləridir.

1989 - cu ildə artıq Mədəniyyət Nazirliyinin göndərişi ilə  mən aktyor kimi “İrəvan Teatrı” na qəbul olundum. O zamandan, ta 2017-ci ilədək burada sözün əsl mənasında can qoydum. Teatrın ağırlığı demək olar ki, mənim çiyinlərimdə olub. Yəni cavan aktyor kimi baş və əsas rollarda oynadım. Ümumiyyətlə biz orada teatrın həm aktyoru, həm fəhləsi idik. Bir sözlə, biz əlimizdən gələni edirdik ki, “İrəvan Teatrı” sanballı, şöhrətli adını burada da inkişaf etdirək, yaşadaq.

Çox əsgi zamanlarda çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Bəs siz - Əjdər Zeynalov bu haqda nə düşünür?

— Xeyr, belə düşünmürəm. Hər zaman deyirəm, Teatr məbədgahdır. Teatr mənəvi qida mənbəyidir. Aktyor teatrda özünü kökləyir və təkmilləşir. Kino gözəldir, ən böyük təbliğat vasitəsidir. Teatr yaradıcı insan üçün aktyor üçün məbədgahdır.

Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır.  Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Sizcə aktyor və ya aktrisa kimdir?

— Aktyor və ya aktrisa dedikdə bu sənəti bilən həqiqi peşəkarlardan və bu sənəti sevən insanlardan söhbət getməlidir. O, oynadığı rolun dərinliyinə varmasa,  onun iç dünyasını duymasa, o obrazı yarada bilməz. Aktyor gərək oynadığı rolu yaşasın. Mənim müəllimim Nəsir Sadıqzadə deyirdi ki, o obrazın daxili aləminə varmaq, yaşamaq, onu yaratmaq yaxşıdır, amma eyni zamanda aktyorda ikinci planda təhtəşüur olmalıdır ki, o obrazı oynaya – oynaya düşünsün ki, mən aktyoram.

Ulu Öndər Heydər Əliyev deyib ki, Bəşəriyyət qarşısında kinonun xidməti böyükdür. Amma bizim xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir. Bu fikrə münasibətinizi bilmək istərdik.

 — Ulu Öndər Heydər Əliyev çox gözəl, uzaqgörən bir  siyasətçi idi. Onun bu fikirləri ilə tamamilə razıyam. Bilirsiniz, kino ən böyük təbliğat vasitəsidir. Yəni bəzən yüzlərlə alimin, tanınmış insanların cəmiyyət qarşısında hər hansı çıxışı, nitqi, hər hansı mözu haqqında çıxışı, bir kino qədər təbliğedici ola bilməz. Təbii ki, yaxşı kinodan söhbət gedir. Kino ən böyük təbliğat vasitəsidir. Yaxşı kino bütün dünyaya səs salmağa qadirdir. 

10 Mart - Milli Teatr Günüdür. Bu əlamətdar gündən sonra teatrda nə kimi dəyişiklər oldu?

Belə düşünürəm ki, bu bayram Azərbaycanda əvvəllər daha təntənəli qeyd olunurdu. Təbii ki, mükafatlar verilirdi. Layiqli insanlara medallar, adlar, fəxri fərman və s. verilirdi. İndi də belədir, ancaq düşünürəm ki, o vaxtlar daha şəffaf idi. Axı nə qədər eyni adamlar eyni mükafatı almalıdır?.. Bizim fəxri adımız niyə yoxdur?.. Kölgədə qalan sənətkarlar da var.

Siz  Azərbaycan mədəniyyətinin, incəsənətinin, müasir dövr ən görkəmli xadimlərindən, sənətkarlarındansınız. Özünüzə qarşı biganəlik hiss etmisinizmi?

— Bəli, görmüşəm. Mən özümə olan biganəliyi görməzdən gələ bilirəm. Ancaq mədəniyyətimizə, teatr, kino sənətimizə qarşı biganəlik bağışlanmazdır. Ən pisi də budur ki, bəzən sənətkarlar da bir-birinə qarşı biganə ola bilirlər.

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı və qısametrajlı bədii, sənədli, habelə cizgi filmləri çəkilib. Bu gün gənclərimiz dünyanın bir sıra ölkələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. Bu haqda bizim bilmədiyimiz və ya görə bilmədiyimiz hansı məqamları siz bir peşəkar  kimi qeyd edərsiniz?

— Bəli, kinomuzu daha da  inkişaf və tərəqqiyə aparmaq üçün daim dövlət tərəfindən qayğı, nəzarət olmalıdır. Mədəniyyətimizin və eləcə də kinomuzun inkişafına xüsusi dəstək  olunmalıdır. Çoxlu sayda istedadlı  gənclərimiz var. Onları xaricə təhsilə göndərmək lazımdır. Lap elə ortayaşlıları da. Niyə də yox? Gedib təcrübə keçsinlər, bu yöndə dərin biliyə yiyələnsinlər. Hər sahədə olduğu kimi mədəniyyətimiz də novotorluq tələb edir.

Məşhur rejissor Alfred Hiçkok deyib ki, filmdəki mənfi qəhrəman nə qədər güclü alınıbsa film də o qədər yaxşıdır. Hansı obrazda və nə qədər qəddar olmusunuz?

— Mənfi obrazları da o qədər oynamışam ki, jurnalistlər müsahibələrində “Azərbaycanda mənfi obrazların mahir ustası” adını mənə ünvanlayırlar. Bəzən də məni böyük sənətkarımız Məlik Dadaşovla da müqayisə edirlər. Bilirsiniz, hər bir aktyor hər bir obrazı özünə uyğun canlandırır.

Hansı obrazınız yaddaqalandır? Tamaşaçılar üçün hansıları sadalaya bilərsiniz, bəs özünüz üçün bu  hansıdır?

— Mənim üçün bütün obrazlarım, əzizdir, yaddaqalandır. Mənə elə gəlir ki, bu sualı tamaşaçılara yönləndirmək lazımdır ki, mənim hansı obrazım yaddaqalandır, hansı obrazım sevilib. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün obrazlarımı çox sevirəm və sevə-sevə oynamışam. Hərəsinin öz tamaşaçı kütləsi, hərəsinnin öz baxış dairəsi və  auditoriyası var.

Teatr xalqın mədəniyyətinin, inkişaf səviyyəsinin göstəricisidir. Odur ki, bu zəngin fəaliyyət sahəsinin yaranması xalqların, mədəniyyətlərin inteqrasiyası kimi qəbul olunur. Azərbaycan teatrından danışarkən bu fikri tam qəbul etmiş oluruq. Belə ki, ötən əsrin əvvəllərində mədəniyyət, sənət, ən əsası teatr sahəsindəki sıçrayış - milli operanın, musiqili komediyanın yaranması xalqımızın təfəkkür səviyyəsi, mədəni inkişafını göstərmiş oldu. Bu gün vəziyyət necədir?

—Teatr, mədəniyyət, dil hər bir xalqın qürur mənbəyidir. Yəni, hər bir xalqı ilk növbədə dili və mədəniyyəti ilə tanıyırlar. Teatrda o  dövr və indiki dövr arasında dağlar qədər fərq var. O dövrdə internet yox idi, televiziya cəmi  bir kanalı-Azərbaycan Milli Televiziya kanalını göstərirdi. Sonralar digər kanallar da yaranmağa başladı. Həmin dövrlər xalqımızda teatr, kinoya daha çox sevgi vardı, daha çox baxılırdı. Artıq 2000-ci ildən başlayaraq bu tərəqqi – texnika və s. inkişaf etdi. Mobil telefonlar, internet və s. artıq kinoya, teatra həvəs azaldı. Düzdür, xalqımızın ziyalı təbəqəsi çoxdur, hələ də teatra həvəslə baxmağa gəlirlər, amma o dövrlə indiki dövrü müqayisə etmək mümkünsüzdür. Əvvəllər təkcə teatrlaras deyil, dərnəklərə, xalq teatrlarına da həvəslə üz tuturdular.

Əjdər müəllim, bu günkü kino, teatr sənəti və rejissor işi sizi qane edirmi? Bu haqda fikirlərinizi bilmək istərdik.

—Azərbaycanda çox istedadlı aktyorlar, rejissorlar var. Yetər ki, onlara dövlət və ya imkanlı şəxslər tərəfindən vəsait ayrılsın və həmin vəsait aidiyyatı  və zəruri yerlərə xərclənsin ki, vətənpərvərlik mövzusunda filmlər çəkilsin. Yəni hazırda  bizim vərtənpərvərlik mövzusunda olan filmlərimiz çox azdır. Tarixi filmlər isə demək olar ki, yoxdur. Uzağa getməyək, qardaş Türkiyənin, Qazaxlarların, Özbəkərin və s. tarixi filmlərinə baxdıqda yerli filmlərimizlə müqayisə etdikdə çox zəif olduğumuzu  etiraf  etməliyik. Başqa xalqlar necə deyərlər, öz milçəyini fil edir, kino çəkir, biz  Azərbaycanın keşməkeşli, amma bir o qədər də şanlı tariximizi yetərincə işıqlandırıb dünyaya çatdıra bilmirik. Azərbaycanın müxtəlif sahələrdə yetərincə tarixi şəxsiyyətləri, milli qəhrəmanları, və şanlı tarixi vardır. Bu şəxsiyyətlər haqqında gözəl kinolar çəkilməlidir. Bu günkü kino deyərdim ki, ürəkaçan deyil.

Bilirsiniz, Xalqın gözü tərəzidir, onsuz da xalq görür. O rejissor ki, filminin taleyi haqqında fikirləşmir, o düşünmür ki, bu film uğur qazanacaq, ya qazanmayacaq, demək o rejissor deyil! Rejissor odur ki, fikirləşməsin ki, bu ancaq Bakı camaatı, Azərbaycan üçün maraqlı olsun. Bir sözlə, orejissor ki, öz filmini Azərbaycan sərhədlərinin hüdudlarından kənarda görmür, o işinin ustadı deyil. Hər bir rejissor çalışmalıdır ki, elə filmlər çəksin ki, dünyanın bir çox yerindən sədası gəlsin. Dünyanın marağına çevrilsin.

Azərbaycan filmləri içərisində müxtəlif peşə və sənət adamlarının, tarixi şəxsiyyətlərin  həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu müxtəlifliyinin göstəricisidir. Kimin obrazını yaratmaq istəyərdiniz?

— İnanın ki, aktyor üçün fərqi yoxdur kimin obrazını oynamaq, onu yaratmaq və s. Mən öz növbəmdə çox obrazlar yaratmışam. Tarixi obrrazlarda, belə ki, İrəvan Xanlığı haqqında sənədli-bədii film vardı, orada İrəvan xanını, N.Nərimanov, M.Ə.Sabir, H.Z.Tağıyev, H.Zərdabi və s.  obrazını oynamışam.

Hansı film janrlarını özünüzə daha yaxın hiss edirsiniz?

— Kino müxtəlif janra məxsusdur. Fantastik hadisələr məzmunlu filmlər, komediya və ya real həqiqətlər əsasında, düzdür bədiiləşmiş kinolar və s. Aydındır, real həqiqəti olduğu kuimi kinoya köçürmək olmaz. Bu çox yaxşıdır. Məsələn sovet dövründə çəkilən filimlər realdır, canlıdır. Aktyorlar bu obrazları təbii, gözəl oynayırlar. Sözsüz ki, kinonun da öz qayda-qanunları var. Mən çox istərdim ki, bizdə tarixi filmlər, ən əsası 44 günlük qalibiyyətimizlə nəticələnən Qarabağ müharibəmizə dair kinolar çəkilsin. Qələbə, müharibə ön cəbhədə olurdu. Arxa cəbhədə isə  insanlar necə həyacan keçirir, qələbə sorağı ilə yaşayırdı, bax, bu kimi hadisələri hər janrda, melodrama, sevgi janrı, bütövlükdə vətənpərvərlik ideyası ilə yazmaq, düşünüb gözəl ideyalar etmək lazımdır. Gözəl mövzuları qələm alan gözəl ssenarist, rejissorlar, bunları oynaya bilən layiqli aktyorlar seçilsin. Təbii ki, bu etaplarda bizim də kinomuz ən yüksək səviyyədə olacaqdır.

Əjdər müəllim, bildiyiniz kimi ötən illərdə biz 44 günlük haqlı savaşımızı qələbə ilə bitirdik. Bu qələbə nəinki Azərbaycan tarixinə iz qoydu, həm də dünyaya səs saldı. Düzdür biz öz kinomuz, musiqimiz, elmimiz və tariximizlə yetərincə tarixə ün salmışıq. Bu qürur verici tarixi hadisə  isə  dünya xalqları içərisində çox yazılıb, çox oxunacaq. Bir Azərbaycan vətəndaşı olaraq sinəmizi şişirən, başımızı uca tutan savaşımız haqqında nə deyə bilərsiniz?

— Bu müharibə bizim qürur yerimizdir. Allah cənab prezidentimiz İlham Əliyevə can sağlığı versin. Allah ordumuzu qorusun. Ordumuzun mərd, igid oğullarını qorusun. Həmin dönəmdə mən də iki dəfə hərbi kommisarlıqda oldum. Könüllü getmək istəyirdim. Orada bir polpolkovnik vardı, mənə dedi ki, Əjdər müəllim, bir pəncərədən çölə baxın, görün həyətdə nə qədər oğullarımız dayanıb, hamısı da cəbhəyə könüllü getmək istəyir. Sən ağsaqqal adamsan. Dedim ki, gənclərin üstündə bir ağsaqqal durmalıdır, ya yox?.. Çox xoş münasdibətlə məni yola saldılar. İkinci dəfə getdikdə isə, onlar daha qətiyyətllə dedi ki, müəllim xahiş edirik, gəlmiyin. Onsuz da bu gənclərin əlində qalmışıq, hamı könüllü cəbhəyə yollanmaq istəyir.

Son olaraq  ONN –in oxucularına nə demək istərdiniz? 

ONN İnformasiya Agentliyinin əməkdaşlarına ilk növbədə can sağlığı, uğurlar arzulayıram. Mən ümumilikdə sayt haqqında fikrimi  bildirmək istəyirəm. Hər hansı göz önündə olan insan, ictimaiyyət adamı lap sosial şəbəkələrdə özü haqqında məlumat versə də, hər hansı dövri mətbuatda haqqında yazılsa da, saytların rolu böyükdür ki, insan daha yaxşı tanınır və oxucu, bütövlükdə tamaşaçı qazanır. Hər hansı sayt, eləcə də onn.az saytı  biz sənətkarları və tanınmış insanları yetərincə tanıdır, diqqət mərkəzində saxlayır, bu isə o deməkdir ki, biz tamaşaçı yaddaşında daha çox yaşayırıq. Əgər hər hansı bir problem varsa, sayt vasitəsilə aidiyyatı səlahiyyət sahibi insanlar bunu görür, münasibət bildirir, həll edirlər. Bütün bunlara görə hesab edirəm ki, saytlar bu mənada hər zaman öndədir. Təbii haldır ki, hər görülən işdə qüsurlar, çatışmazlıqlar olur. Hər şeyi tərifləmək olmaz axı. Bəzən tərif insanı geri aparır, arada tənqid də olmalıdır. Bu isə reallıqdır. Tənqid səhvlərin düzəldilməsi deməkdir. Bəzən yazılan yazılar sifarişli olur. Ya tərifləyən, ya vuran olurlar. Obyektiv yanaşma ilə yazan qələm sahibləri azdır. Bir sözlə hər kəsi öz adı ilə göstərən jurnalistlər də azdır, saytlar da azdır. Bax bu mənada  onn.az saytını təbrik etməyə dəyər. Məni yada saldığınız üçün təşəkkür edirəm.  Arzu edirəm ki, ONN İnformasiya Agentliyinin öz televiziyası yaradılsın və bir gün belə  bir müsahibəni  orada, üz-üzə verək. Təşəkkür edirəm bütün heyətinizə.

Biz də ONN İnformasiya Agentliyi olararaq  xalqın aktyoru,  ekranların sevilən siması Əjdər Zeynalova dəyərli müsahibəsi üçün təşəkkür edirik. Ona can sağlığı, yaradıcılıq uğurları  arzulayırıq. Hələ bundan sonra da sizin  uğurlu yaradıcılğınız, istedadınız neçə-neçə obrazlara qanad verəcək, həyat,  can verəcək. Bir gün gələcək nəsillər öz aktyorluq sənətini Əjdər Zeynalov irsini öyrənərək püxtələşəcək. Bax o gün siz həmişəyaşar şəxsiyyət kimi daim var olacaqsınız.

Aynur TURAN

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png