ONN İnformasiya Agentliyi

22 may Mehdi Məmmədovun doğulduğu gündür

22 may Mehdi Məmmədovun doğulduğu gündür
22 May 2020 - 10:01

Unutmayaq, unutdurmayaq.

22 may (1918 Şuşa-1985 Bakı) Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu, SSRİ Xalq Artisti, Sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun doğulduğu gündür.

Mehdi Məmmədov 1918-ci il may ayının 22-də qədim Türk yurdu olan Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirərək Moskvada ali rejissor təhsili almağa gedib.

1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin “Bahar” dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib, burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb.

Mehdi Məmmədov aktyor kimi də fəaliyyət göstərib. Teatr məktəbində Karl Moor (“Qaçaqlar”, Şiller), Hacı Əhməd (“Almaz”, Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko (“Günəş övladları”, Maksim Qorki), Neznamov (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin “Yanğın”, Seyid Hüseynin “Kölgə” dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun “Vaqif”, “Xanlar”, Mirzə İbrahimovun “Madrid”, Məmmədhüseyn Təhmasibin, “Bahar”, Mehdi Hüseynin “Nizami” pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə “Alov”da Kamalov, “Canlı meyit”də Protasov, “Xəyyam”da Xəyyam, “Meşşanlar”da Terenti Teterov rollarında çıxış edib.

“Azərbaycanfilm”in 1959-cu ildə istehsal etdiyi “Onu bağışlamaq olarmı?” filmində Qaya roluna çəkilib. Radio teatrında Şekspirin “Hamlet” faciəsində baş rolu səsləndirib.

Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960-1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub. 

Mehdi Məmmədov 1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png