ONN MEDİA

Məmur etirafı- YUNUS OĞUZ yazır

Məmur etirafı- YUNUS OĞUZ yazır
02 Fevral 2019 - 18:16

O, tanışımın tanışı idi. Bir- iki dəfə məclislərdə onunla oturmuşdum. Tanış olmuşduq, daha doğrusu tanış etmişdilər. Adımı deyəndə ayağa durdu ki, bəs məni yazılarımdan tanıyır. Ancaq yazılarımdan. Dedi: “Kitabların haqqında çox eşitmişəm, amma məmur olandan bəri heç  kitab oxumuram. Mən pul oxuyuram, pul sayıram. Bundan başqa işim-gücüm yoxdur. Ancaq sən… (məni öz tanışlarımın yanında xeyli təriflədi. Bunu yazmağa hacət duymuram. Bir az təvazökar olmaq lazımdır). Sonra məni çəkdi qırağa, (bir az da vurmuşdu) soruşdu ki, sənin üçün neyləyim? Tanışımın tanışı tanımadığı adama (özü də mənə) bundan artıq nə təklif edə bilərdi ki? Gülümsədim, can sağlığı arzuladım. Bilirdim harda işləyir, imkanlarına da bələd idim. Məmur olmasına baxma! Əli hər yerə çatırdı. Bilirdim gəncliyində içində  millət, vətən eşqi olub, odlu-odlu danışıb. Onun barəsində akademiyada işləyəndə bir necə dəfə söhbət olmuşdu, amma şəxsən tanış olmamışdıq. İndi olduq. Köhnə vaxdan  fərqli  olaraq, indi vətəndən, millətdən danışmırdı. Danışdığı harda ev alıb, neçə maşını var, neçə yüz minə uşağına toy eləyib, hansı kostyumu geyinir. Bir sözlə nə danışırdısa hər şey pula, mala, dövlətə bağlı idi. Qayıtdıq masaya. Mənə söz veriləndə ayağa durdum, çox danışmadım, bir neçə kəlmə sözdən sonra, Gültəkin abidələrində yazılan məşhur bir cümləni dedim: “Ey türk kəndinə dön! Sən kəndinə dönəndə  böyük olursan!” Tanışımın tanışı qəhqəhə çəkərək güldü və sarkazmla  əlavə etdi ki, rəhmətliyin oğlu, kəndimdə adam qalıb? Hamısını şəhərdə yerləşdirmişəm… İndi kəndimiz bom-boşdur…

Aradan illər keçdi. Onun haqqında ordan-burdan eşidirdim. Hətta qəzetlərdə, saytlarda “qudurğan məmur” ləqəbini də almışdı. Və bir gün bu qudurqanlığın nəticəsində ona divan tutuldu,  cinayət işi açıldı.

Heç bilmirəm telefon nömrəmi hardan tapıb, mənə zəng edib görüşmək istədiyini bildirdi. Təəccübümə rəğmən görüşmək qərarını verdim…

Bu dəfə çay içirdik. Əvvəlki adam-məmur deyildi. Rəngi saralmış, gözləri çuxura düşmüş, peysəri ilə yanaşı qarnı da ərimişdi. Hiss etdim ki, şalvarının qayışını möhkəm sıxıb ki, əynindəki sürüşüb düşməsin. Axı əvvəlki ölçü ilə indiki ölçü bir deyildi.

Ona baxıram, danışmıram. Gözləyirəm özü danışsın.

O yandan, bu yandan  ikinci armudu stəkandakı çayı ağ gilas mürəbbəsi ilə (mən qonaq edirdim, ha…) içəndən sonra dili açıldı. Dedi qardaş! (Qardaşa bax…e..!) Sən, o zaman düz deyirdin “Kəndinə dön!” Mən fərqində olmadım. Pul, var-dövlət ağlımı əlimdən aldı. İndi həqiqi mənada heç kəndimə də dönə bilmirəm. Doğma kəndimdə yel əsir, yengələr oynayır. Bura gətirdiyim qohum-əqrəba da məndən üz döndərib. Kimə lazımdır cinayətkar, əlindən hər şeyi alınan köhnə məmur, kimə lazımdır?

Soruşdum: “Bu yola necə oldu düşdün? Arada yazıb- pozmağın da vardı. İçində bir MƏN vardı, ləyaqət, şərəf vardı”. Gülümsünüb kədərlə cavab verdi: “Bosumu tanıyırsan da? – Başımı razılıqla yellədim. – Onunla bir institutda işləyirdim, bir otaqda otururdum. O böyük vəzifəyə gedəndən sonra məni də dartıb yanına apardı, bildiyin vəzifəni mənə həvalə elədi. Əvvəl-əvvəl təmiz işləyirdim. Bir gün mənə gələn qonaqları qarşılamağı, başqa gün  tədbirlər  keçirilməsini, sonra nələr, nələr tapşırdı. Bütün bunlar böyük xərc tələb edirdi axı. Maaşımla bu tədbirlərin birini heç keçirə bilməzdim. Borc-xərc yola verirdim. Bir dəfə soruşdum ki, müəllim,  bəs mən neyləyim? Verdiyiniz tapşırıqları yerinə yetirmək üçün heç on illik maaşım kifayət etməz.- Qarşısındakı çaydan bir qurtum içdi, amma ağ gilas mürəbbəsinə əl vurmadı. Nə fikirləşdisə hiyləgərcəsinə gülümsədi. – Etiraf etdi. – Bu gördüyün hiyləgər gülümsəməyi bosumdan öyrənmişəm. Ona nə deyirdinsə belə gülümsəyirdi. Bu sualdan sonra elə də gülümsədi, sonra dedi: “Rəhmətliyin oğlu, mən səni ora nəyə qoymuşam: “Ye, yedirt”. Neçə aydır mən səndən bu sualı gözləyirdim. Qorxma! Arxanda durmuşam. Kimdi sənə söz deyən?”.

Dərindən ah çəkdi. – “Bundan sonra hər şey axarın əksinə getdi, – dedi, – pullar çemodanla gəldi, yarısını bosuma göndərirdim, yarısını özümdə saxlayırdım. Beləcə pul gözümə kül üfürdü. Hər şey mənim üçün pulsuz mənasız oldu. Bir zamanlar elmin hidayəti haqqında danışan adamın hidayəti pul oldu. İndi nə qədər peşimanam. Gecdir, istəsəm də bu bəladan qurtula bilmirəm. Neyləyim? Suala sualla cavab  verdim.

– Bəs evə apardığın pulları soruşmurdular ki, bunlar hardandır?

Bu dəfə çox dərindən ah çəkdi. Gözü ilə ticarət mərkəzinin çayxanasına baxdı ki, bəlkə spirtli içkiləri olsun. Ancaq buralarda belə şeylər olmur.

– Onlar da mənim kimi qudurdular, köklərinin hardan olduqlarını unutdular. İndi vəziyyət belədir. Xaricdə, daxildə nəyim varsa hamısının üstünə həbs qoyulub. İndi belə çıxır ki, hər şey boşuna imiş. Şərəfimi, ləyaqətimi, qürurumu satdığım şeylərə görə heç nəyim yoxdur. Nə qürurum, nə pulum. İndi bəs neyləyim?

Yenə suala sualla cavab verdim: “Bəs məni niyə çaya dəvət etmisən? Get kimlə bu işləri görmüsən onunla məsləhətləş…

Daha danışmağa qoymadı: “Qardaş, elə bu sualı vermək üçün sənə sual vermək istədim. Bosumun vəzifəsini qaldırdılar, indi heç kimin əli ona çatmır. Bəs biz neyləyək? Onun vəzifəsini qaldırırlar, bizimsə günümüz belə olur. “Kəndimə necə qayıdım?”.

Siz necə düşünürsünüz? İnsan kəndinə qayıda bilərmi?-

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP