Azər HƏSRƏT Gündəmdə olan akademik Ramiz Mehdiyevlə bağlı müzakirələrə o qədər də həvəsli deyiləm. Bununla belə məsələyə dair bir neçə yazı yazmışam. Ən azından ona görə ki, ictimai rəylə işləyən birisi kimi fikirlərimi oxumaq istəyən olar deyə. Var da belə adamlar. Hətta bəzən konkret olaraq özümə müraciət edib, “müəllim, mövqeyinizi görmədik” deyənlər də olur. Ona görə də çalışıram ki, mümkün olduqca gündəmdəki məsələlərə münasibət bildirim. Bu dəfə, dediyimiz kimi, gündəmdə Ramiz Mehdiyevdir. Yazmışdıq, ona görə də əsas məsələnin üzərindən bu dəfəlik keçirik. Daha önəmli bir məsələ olduğu üçün. Yazırlar ki, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina xanımın yüzlərlə (hətta minlərlə) hektar torpağı varmış. Akademikin özünün də (mümkündür ki, rəsmən öz adında olmasa da) həm torpaqları, həm də mülkləri varmış. Hətta deyilir ki, ailə artıq özünə məxsus mülkləri-torpaqları satmağa başlayıb. Bu satışlarla işimiz yoxdur. Bizi maraqlandıran başqa məsələdir. Sual edirik ki, Prezident Administrasiyasının rəhbəri olmuş bir adamın bu qədər torpaqla-mülklə nə işi vardı? Bu adam Administrasiyanı idarə etməliykən niyə özünə bu qədər torpaq-mülk əldə edib onunla məşğul olurmuş? Həm də bunları hansı pullarla əldə edib? Maaşla? Təbii ki, yox. Hədiyyə kimi? Qanunla bahalı hədiyyə qəbul edə bilməz. Həm də niyə ölkənin hər tərəfində insanlar buna hədiyyə vermək istəsin ki? Nəyin qarşılığında? Yəqin ki, nəyinsə qarşılığında… Əlavə edək ki, bu yaxınlarda keçmiş deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin də torpaq məsələsi gündəmdə idi. Onun Şabran rayon kəndlilərinə məxsus min hektar torpağı mənimsədiyi deyilirdi. Yaxşı ki, məhkəmə gec də olsa ədaləti bərpa edib torpağı keçmiş deputatın əlindən aldı. Amma kəndlilərə də olan oldu axı. Onlar ötən illər ərzində o torpaqdan əldə edə biləcəkləri gəlirləri itirdilər. Bəs, bunu kim kompensasiya edəcək? Məncə, məhkəmə bu işə də əncam çəkməlidir… İndi demək istədiyimiz odur ki, iri çaplı vəzifə sahiblərinin hamısının əlindəki torpaqları dövlət əsl sahiblərinə – kəndlilərə qaytarmalıdır. Nazirin, deputatın, icra başçısının, polis rəisinin, prokurorun, məhkəmə hakiminin (sədrinin) və bu qəbildən olan vəzifə sahiblərinin nə işi var torpaqla? İndi kimsə çıxıb deyəcək ki, liberal iqtisadiyyatdır, hər kəs əmlaka sahib ola bilər. İndi mən də deyirəm ki, örnək üçün, Prezidentin köməkçisi Natiq Əmirov min hektar torpağı hansı gəliri hesabına əldə edib? Yaxud da Kərəm Həsənov, Zeynal Nağdəliyev hansı işlərinə görə belə varlanıblar? Onların varlanma üsulu və səbəbi axı Ramiz Mehdiyevin varlanma üsul və səbəblərindən fərqli deyil. Elədirsə, niyə elə indinin özündə Prezidentin köməkçilərindən başlayaraq nazirlərin, deputatların qanunsuz yolla əldə etdiyi torpaqların-mülklərin müəyyənləşdirilməsi, müsadirə edilib kəndlilərə qaytarılması gerçəkləşdirilməsin? İndi biz oturub gözləyək ki, adamlar vəzifədən uzaqlaşdırılıb “keçmiş” statusu alsın, sonra barələrində bunları yazaq? Bəlkə elə indidən yazaq və cənab Prezidentə də güclü ictimai dəstək verək ki, bu adamlarla mübarizədə xalqın əsl dəstəyini hiss edib daha çevik davransın? Hələ onu da əlavə edim ki, iri çaplı “dövlət adamları” təkcə “bağban” deyillər. Onların arasında həm də çox sayda “çoban” və “naxırçı” da var. Hətta “donuzçu”, “toyuqçu”ların da olduğu deyilir. Ona görə də bu adamlar seçim etməlidirlər: ya çoban-naxırçı olaraq mal-heyvan otarmağa getməli, ya da heç şübhəsiz haram yolla əldə etdikləri bu sürüləri də dövlətə-xalqa qaytarmalıdırlar. Yeri gəlmişkən, mən özüm bir kənd adamıyam. Atalarım yüz illərdir kənd adamı olublar. Bir vaxtlar geniş torpaqlarımız, heyvan sürülərimiz də olub. Sovetlər hamı kimi bizi də müflis edib. Bu gün mənim bir kəndli olaraq demək olar ki, torpağım, mal-heyvanım yoxdur. Niyə? Dövlət vəzifəsi də tutmuram ki, kimsə çıxıb desin ki, “get, işinlə məşğul ol”. Yəni zatən dövlətin bizə ehtiyacı da yoxdur, torpaqla əlləşə bilərik. Özümüz üçün, ailəmiz, yurdumuz üçün bu yöndə fayda verə bilərik. Tamam, o adamlar vəzifələrində qalsınlar, işimiz yox. Lakin torpaqları mənim kimi kəndlilərə qaytarsınlar. Onsuz da gec-tez qaytarmalı olacaqlar. Onda da çox böyük peşmançılıq yaşayacaqlar. Gözlərindən gələcək, yeyə bilməyəcəklər yığdıqlarını. Örnəklər də var axı. Nazir olduğu zaman da “diqqət mərkəzimdə” olmuş Ziya Məmmədov örnəyi var. Belələri çoxdur. Ona görə də yüksək rütbəlilər zəhmət çəkib ya vəzifələrini, ya da qanunsuz yollarla əldə etdikləri torpaqları sahiblərinə – kəndlilərə qaytarsınlar. Ümumiyyətlə isə, dövlət vəzifədə olduğu müddətdə əlavə mülk-torpaq, sürü sahibinə çevrilmiş hər bir şəxsi tək-tək araşdırmalıdır. Araşdırmalıdır ki, bu adam birdən-birə bu qədər var-dövləti hansı pulla əldə etdi? Təbii ki, bunun altından çox böyük korrupsiya halları çıxacaq, çox! Bu arada, cənab Prezidentin kadr islahatları çərçivəsində həyata keçirdiyi təyinatlar bizi yetərincə ümidləndirir. Yeni təyin edilən nazirlərin demək olar ki, hamısı haqqında xoş sözlər deyilir. Özəlliklə də korrupsiyadan uzaq olmaları ilə bağlı. Bu, sevindirici haldır. Elə Prezident Administrasiyasında da, Türkiyəli qardaşlarımız demiş, sicili təmiz kadrların sayı artmaqdadır. Özü də Prezidentin lap yaxınlığındakı kadrların. Bu da sevindiricidir. Ona görə də Administrasiyadan başlamaqla bütün “çoban” və “dehqan” vəzifəlilərlə üzülüşmək vaxtı çatıb. Əlbəttə, Milli Məclis də bu prosesdən kənarda qalmamalıdır. Orada da rüşvətlə-haramla özünə karyera qurmuş, deputat yerini satın aldığı deyilən N qədər adam kürsü məşğul etməkdədir. Dövlətimizin xilası həm də onlarla üzülüşməkdən keçir… Sözardı: Bu il keçirilmiş parlament seçkilərində 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsinin ərazisində keçirdiyim elə bir görüş olmadı ki, orada sakinlər torpaqla bağlı şikayət etməsinlər. Kəndlərin torpaqları o kəndlərə dəxli olmayan “gəlmələrə” paylanıb necəsə. Həmin “gəlmələr” də Bakıda çox yüksək vəzifə tutduğundan heç kim onlarla bacara bilmir. Hətta Çarxı kəndinin yetərincə torpağı olduğu halda sakinlər torpaqsız qalmış kimidirlər. İllərdir şikayət etmədikləri yer qalmayıb. Heç bir nəticə yoxdur. Onların min hektardan çox torpağına sahiblənmiş “gəlmə”nin arxası həddən artıq möhkəm olduğundan dövlət belə bata bilmir… Dədəli, Xaçmaz
Torpaq kəndlilərə!



Zakir Qaralov da cərimələnəcəkmi? – SABİQ BAŞ PROKUROR RAMİZ MEHDİYEVLƏ QOHUM İMİŞ
Zakir Qaralov da "nəvə toyu"nda iştirakı ilə bağlı MƏLUMAT YAYILDI
Toy mövzusundan imtina etdi: “Mənim nə borcumadır…”
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı açıqlama
Ramiz Mehdiyev koronavirusa yoluxub? - AMEA -dan AÇIQLAMA
Ramiz Mehdiyev niyə cəzalandırılmır? – AÇIQLAMA
Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevi məhkəməyə verdi
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
Ramiz Mediyevin kürəkəni məhkəmədə belə qandallandı — VİDEO/FOTO
Ramiz Mehdiyevin həyat yoldaşı vəzifəyə TƏYİN OLUNDU
AzTV: “Prezident İlham Əliyev akademik Ramiz Mehdiyevə dərs verdi” – VİDEO
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 