ONN İnformasiya Agentliyi

Bu şəxslərin sığorta haqqını dövlət ödəyəcək

Bu şəxslərin sığorta haqqını dövlət ödəyəcək
26 Sentyabr 2018 - 15:09

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələri üçün “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib.

ONN media xəbər verir ki, təlimdə çıxış edən agentliyin departament rəhbəri Araz Nəsirov icbari tibbi sığorta haqqında danışıb. O bildirib ki, tibbi sığorta haqqının muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilib:

“Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə (işçi və işəgötürən birlikdə) yaxın olması, bunun 2 faizinin işçinin, 1 faizinin isə işəgötürənin payına düşməsi təklif olunur. Vəsaitin 3 faizə yaxın olması səhiyyə xidmətlərinin, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verər. Hazırda icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir.

Qeyd edim ki, uşaqlar, ahıllar, hamilələr, ünvanlı sosial yardım alanların sığorta haqqı dövlət tərəfindən ödəniləcək”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri Aysel İbayeva isə icbari tibbi sığorta haqqında yeni qanun layihəsinin artıq müvafiq qurumlarla razılaşdırıldığını bildirib:

“Agentlik tərəfindən hazırlanmış bu qanun layihəsindən irəli gələrək, 13 qanuna da dəyişikliklər layihəsi hazırlanıb. Layihədə sığorta haqlarının yığımı, icbari tibbi sığorta büdcəsinin formalaşdırılması, maliyyə dayanıqlığının təmin edilməsi, gəlirlərin proqnozlaşdırılması, tibb müəssisələrinin statusu və rolu, tərəflərin hüquq və öhdəlikləri kimi məsələlər öz əksini tapıb”.

Daha sonra “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqələrinin şərtləri barədə təlim iştirakçılarına ətraflı məlumat verilib və jurnalistlər müsabiqələrdə iştiraka dəvət ediliblər. Müsabiqələrin şərtləri agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil olunub və jurnalistləri maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png