ONN İnformasiya Agentliyi

Daşnaq – bolşevik terrorunun ideoloqları : Stepan Şaumyan, Anastas Mikoyan…. 2 – ci yazı

Daşnaq – bolşevik terrorunun ideoloqları : Stepan Şaumyan, Anastas Mikoyan….  2 – ci yazı
05 Aprel 2020 - 11:45

Yazının 1-ci hissəsini, burdan oxuya bilərsiz. https://onn.az/banner/dasnaq-bolsevik-terrorunun-ideoloqlari-stepan-saumyan-anastas-mikoyan-1-ci-yazi/

Yazı ilk dəfə 2009-cu ildə Xalq qəzetində yayımlanıb. 

Dünyaya satılmaq üçün gələn “millət” – ermənilər!” –  Əjdər Tağıoğlu

Bəs bu külli- ixtiyar ona haradandı? Məkrli, hiyləgər siyasətlə Kremlin “rəşadətli bolşeviklər” siyahısında yer almış A.Mikoyanın siyasi simasızlığını meydana qoyan rəsmi sənədlərlə,”26-lar”ı qətlə yetirən 41 nəfər məhkumun məhkəmə prosesində verilən ifadələrlə, özünün müstəntiqə şəxsən verdiyi izahatla tanış olduqda bu sualın cavabı aşkarlanır. O, Mərkəzikaspi Diktaturasının məsul işçilərindən,mauzerist canilərinindən olmuşdu. Bütün bu təkzibedilməz gerçəkliklə S.Şaumyanın və onun başqa iki soydaşının,habelə özünün tarixi satqınlığını gizlətmək üçün A.Mikoyanın süni şəkildə düzüb-qoşduğu “həbsxana tərcümeyi-halı” “faktı” antifakta çevrilir.

Məqalədən parçalar:

“Üç gün idi ki,biz bu zindana düşmüşdük. Şaumyan, Çaparidze, Fioletov və başqa yoldaşlar bizim kamerada idilər–cəmi on altı adam var idi. …Sentyabrın 20-sinə keçən gecə idi.Kamerada olan bütün məhbusları üç qrupa böldülər.Birinci iki qrupu sıralarımızdan qopararaq kameradan çıxardılar.”

Aparılan iki qrupa daxil edilənlər, Mikoyanla üçüncü qrupa ayrılanlar kimlər idilər bəlli olmur. Bəs Mikoyanın şahidlik etdiyi üç qrupa ayrılmış on altı nəfərdən başqa yerdə qalan bolşeviklər harada saxlanılırdılar ? O,bu barədə də məlumat vermir. Aparılanların taleyi də qaranlıq qalır.

Məqalədə oxuyuruq:

“Əzablı günlər və həftələr ötüb keçir,bir xəbər gəlmir.”

Buradan belə çıxır ki, 20 sentyabr tarixindən, başqa sözlə, “Ağcaqum”da baş vermiş qanlı hadisə günündən “həftələr ötüb keçsə” də, Mikoyanın məqsədli olaraq adlarını çəkmədiyi onunla üçüncü qrupa ayrılmış bolşeviklər hələ də həbsdə imişlər. Şahidin “ifadəsindən” təbii sual doğur: hansı məqsədlə Zakaspi Diktaturası və ingilis müstəmləkəçiləri qatı düşmənləri olaraq həbs etdikləri bolşeviklərin hamısını bir yerdə məhv etməmiş, onları “üçüncü növə” ayırmış və sonuncuları tarixə yazdıqları qanlı gündən “həftələr ötüb keçsə də” mühafizə altında saxlamışlar?! Şərti qəbul edək ki, həmin “məhbus”lardan biri Mikoyan olmuşdu. Bəs o biri məhbuslar kimlər idilər? Onlar da güllələnmişlərmi? Əgər güllələnmişlərsə, bəs o zaman “Kremlin rəşadətli bolşeviki” Mikoyanı hansı “möcüzə” xilas etmişdi. Məqalədə bu məsələ də aydınlaşmamış qalır.

Mikoyan 26 Bakı komissarlarının, guya, onunla eyni kamerada yerləşdirilmiş on altı nəfərini birinci və ikinci qrupa ayırır, lakin onların ümumi sayı barədə məlumat vermir. O, yazır:

…Onların harada olduqlarını,hara aparıldıqlarını bilə bilmirik. Bəziləri deyirlər ki, onlar Aşqabaddadırlar, başqaları deyirlər ki, İrandadırlar…”

A.Mikoyanın şahidliyi S.Şaumyanın sirli “ölümünün” Kreml tərəfindən 90 il xalqdan gizlədildiyini aşkara qoymuş olur. Lakin o,”Alyoşa”,”Vaneçka” uydurması ilə, başqa millətdən olan komissarların adlarını çəkməklə həm özünün, həm də S.Şaumyanla yanaşı iki soydaşının tarixi xəyanətlərinin üstünü ört-basdır etməyə çalışır.

Yalançı “şahid” uydurmalarına davam edərək yazır: “Yaxın dostlarımızın harada olduğunu bilmirik…şübhə qəlbimizə girir, onu parçalayır. Stepanın, Alyoşanın, Vaneçkanın daha sağ olmadıqlarını düşünmək ağırdır… Birdən birisi bayırdan qəflətən bizə, həbsxanaya qorxunc bir həqiqəti gətirib xəbər verir, eser cəlladların misli görünməmiş cinayətinin dəhşətli mənzərəsini mənə təsvir edir. Bu adam Krasnovodskda dəmir yolu fəhləsiydi, gərək ki, bələdçi idi. Nə biz onu tanıyırıq, nə də o bizi… Həmin gecə o, vağzalda imiş. O, burada qiyafələrini dəyişmiş,başlarına ağ çalma geymiş silahlı, şübhəli adamlar görür. Vaqonlarda kürəklər var imiş. O, pis və dəhşətli bir iş hazırlandığını duyaraq, bu qanlı divanın şahidi olmaq qərarına gəlir.”

A.Mikoyanın təsvir etdiyi ətraf şəraiti, kənar adam üçün olduqca təhlükəli vəziyyəti gözünüz qarşısında canlandırın. Mikoyanın “şahidinin” keçirdiyi qorxulu psixoloji vəziyyəti yaşayın və belə bir suala cavab verin: “başlarına ağ çalma geymiş silahlı adamlar” və “vaqonlarda kürəklər” görməklə siz “pis və dəhşətli bir iş hazırlandığını duya” bilərdinizmi? Haradan bilərdiniz ki, “ağ çalma geymiş” bu adamlar məhz “qanlı divan” tutmağa hazırlaşırlar? Bunu bilmək üçün “vaqonda kürəkləri” görmək lazım idimi? Bəlkə, həmin adamlar qumlu səhrada kürəklə arx çəkməyə, su gətirməyə və ya kürəklə görülə biləcək başqa bir işin dalıyca gedirmişlər? Bəs siz bilərdinizmi ki, o “başlarına ağ çalma geymiş silahlı adamlar” hökmən “qiyafələrini dəyişmişlər?” Əgər siz Mikoyanın uydurduğu “şahid ifadəsinə” inanmış olsanız, o zaman gərək həmin adamların əvvəlki keyim forması barədə də məlumatınız ola.

Mikoyanın heç bir siyasi məqsəd güdməyən şahidinin (“yalançının şahidi yanında olar” — deyiblər) marağı nə qədər dəlilik dərəcəsinə çatır ki, o, şirin canını fəlakətə atır. Yuxarıdakı cümlənin davamında oxuyuruq: “Kimsənin gözünə görünmədən vaqonların arasına girib buferlərin üstündə əyləşir.O,öz gözləri ilə görür ki,qatarı uzaq bir səhrada dayandırdılar, kommunizm uğrunda çarpışan “mübarizləri” dəstə-dəstə vaqonlardan çıxartdılar,dəmir yol xətti yaxınlığında onlara vəhşicəsinə divan tutdular.”

Bu “gözə görünməmək” hara,”vaqonlarda kürəkləri görmək” hara?! 1.Əgər “gözə görünməmək” lazım idisə, deməli vaqonlar ciddi silahlı nəzarətdə idi, o ətrafa yaxınlaşmaq da olduqca təhlükəli idi. 2. Əgər,hətta “vaqonlarda kürəkləri görmək” təsadüfi adam üçün adi məsələ imişsə, deməli, vaqonlar nəzarətsiz imişlər və “gözə görünməmək” də kimsəyə lazım deyilmiş. Əcəb erməni nağılıdır!

Mikoyanın nağılından belə çıxır ki, güllələnməyə gətirilmiş bolşeviklər bir vaqona deyil, bir neçə vaqona yerləşməsi mümkün olan sayda olmuş, onları da guya “dəstə-dəstə” vaqonlardan çıxartmışlar. Bəs elə isə nə üçün daşnaq-bolşevik lideri S.Şaumyan başda olmaqla “dostluq və qardaşlıq” qurbanlarının kitablarda sayca 26 nəfərdən ibarət olduğu yazılırdı? Bu məsələnin bir tərəfi. Digər tərəfinə gəldikdə Zakaspi Diktaturasının “üçüncü qrup”a Mikoyanla birlikdə “seçdiyi” məhbuslar kimlərdir və onların son aqibətləri necə olmuşdu?

SSRİ xalqlarından Kremlin gizlin saxladığı tarixi həqiqət insanlara 90 ildən sonra məlum oldu. “26 Bakı Komissarları”nın ümumi məzarı başqa əraziyə köçürülərkən tarixi sirr meydana çıxdı: “26-lar”dan 3 komissar məzarsızdı! Bu faktı yuxarıda mətnini verdiyimiz rəsmi sənəd də təsdiq edir: “24 sentyabr. Məlumatlara görə, adı çəkilən şəxslər artıq edam ediliblər. Bolşeviklərdən üçü burada həbsdədirlər”. A.Mikoyan Mərkəzikaspi hökuməti tərəfindən həbs edilmiş “26-lar”ı Bakıdan çıxarmaq üçün kim tərəfindən səlahiyyətli şəxs edilmişdi? “26-lar” barədə geniş istintaq araşdırmaları aparmaq səlahiyyəti olmuş eser Vadim Çaykinin “26 Bakı Komissarlarının e’damı” kitabında verilmiş məlumatlar “Böyük Armeniya” naminə erməni liderlərinin bütün tarixi çağlarda siyasi fahişə olduqlarını meydana qoyan çox qiymətli tarixi faktlardır. Diqqət yetirək.

Lev Dalinin verdiyi yazılı ifadə “26-lar”ın faciəli taleyinə səbəb olmuş Anastas Mikoyanın Qafqazda inqilab alvovunu söndürmək uğrunda vuruşan ingilis müstəmləkəçiləri və Mərkəzikaspi Diktaturası ilə iş birliyində olduğunu ifşa edən rəsmi sənəddir. Dalinin öz əli ilə yazdığı ifadə bundan ibarətdir:

“1. Yoldaş V.A.Çaykinə: Sizin tərəfinizdən 26 bolşevik komissarının (Bakıdan) qətli ilə bağlı iş üzrə məhkəmə-istintaq komissiyasının təşkili barədə məsələ qaldırıldığına görə, Bakı şəhəri fövqəladə istintaq komissiyasının sədrinə, Lev Dalin, bu məsələnin tam mənzərəsi yaranması üçün aşağıdakı məlumatları nəzərinizə çatdırmağı öz borcum hesab edirəm: Bakı Sentrokaspi diktaturasının sərəncamına əsasən keçən ilin 16-18 avqustunda komissarlar və bir sıra bolşevik rəhbərləri ələ keçirilmiş gəmilərdən çıxarılaraq 1 nömrəli mərkəzi, 2 nömrəli Bayıl həbsxanalarına gətirilmişdilər.  Avqustun 25-də bolşeviklərin hamısı Bayıl həbsxanasında idilər.
        2. Bolşeviklərin işi üzrə istintaqı fövqəladə komissiyanın müstəntiqi, hələ bolşeviklər tərəfindən dəvət edilmiş vətəndaş Çukov aparırdı.

3. Sentyabrın 14-də saat 10-11 radələrində bolşevik Mikoyan Sentrokaspi Diktaturası və İcraiyyə Komitəsindən mənim ünvanıma A.Velunun və katib A.Ter-Karapetyanın imzası ilə bütün həbsdə olan bolşeviklərin “Sevan” gəmisinə yerləşdirilməsi barədə sərəncam gətirdi. Gəminin komandiri haraya getmək barədə sərəncamı sonra biləcəkdi. Burada həmçinin dayandığı yer göstərilmişdi.

5. Yoldaş Mikoyanın imzasına əsasən həbsxananın siyasi korpusunda bütün saxlanılanların buraxılması barədə icazəni imzalayaraq mən ona Bakı komissarlarının gəmiyə mindirilməsi zamanı müşayiət və qorunma üçün 12 nəfərdən ibarət 1-ci bölməni özü ilə götürməyi təklif etdim.

Petrovskdə, komissarları müşayiət edən bölmə rəisinin mənə etdiyi məruzədən müəyyənləşdirdim ki,

a) onlar göstərilən yerə gəldikləri vaxt “Sevan” paraxodu orada olmamışdır;

b) bunun yaxınlığında olan yerdə onlar “Türkmən” və ya “Torkan” (dəqiq yadımda deyil) gəmisinə minərək dənizə çıxdılar;

v) onlarla eyni vaxtda partizan T.Əmirov öz dəstəsinin bir hissəsi ilə həbsxanaya yaxınlaşdı (gəmidə olan Əmirovlardan biri);

q) yol boyu mübarizə başladı: bir tərəfdən Həştərxana tərəf yönəlmək təklifi edən Əmirovun təhdidləri və rüşvət təklifləri, digər tərəfdən isə gəmi komandirinin yanacaq qıtlığı səbəbindən Həştərxana getməmək bəyanatları — özü də komandir iki istiqamət göstərdi — Petrovsk və ya Krasnovodsk; nəhayət Krasnovodska getmək qərara alındı, belə ki, Biçeraxov Petrovskda idi;

d) Krasnovodska çatan kimi onların hamısı İcraiyyə Komitəsi tərəfindən saxlanıldı.

Vicdan və namus borcu qarşısında bütün dediklərimi təsdiq edirəm. L.Dalin

Tiflis şəhəri, 4 iyun, 1919-cu il.

Vadim Çaykin A.Mikoyanın tarixi satqınlığını Mərkəzikaspi dövlətinin əsas simalarından olan Abram Veluntsla əlaqədar araşdırmalarına və L.Dalinin yuxarıda verdiyimiz rəsmi ifadəsinə yekun olaraq aşağıdakı nəticə ilə təsdiq edir. Bu nəticəyə yuxarıda adı çəkilən Abram Veluntsun şəxsi ifadəsi əsasında gəlinib. Onun dediyi Mikoyan tərəfindən azad edilən və onunla birgə Bakıdan gedən komissarla bağlı faktla ümumilikdə tam üst-üstə düşür.

Yuxarıda nümunə gətirdiyimiz rəsmi sənədlər və A.Mikoyanın “canlı şahidliyi” əsas verir söyləyək ki, Mərkəzikaspi Diktaturası Bayıl həbsxanasına atdığı komissarların və başqa bolşevik liderlərinin Bakıdan çıxarılması üçün ona elə-belə,səbəbsiz icazə verməmişdir. Hadisələrin sonu göstərir ki,ingilis müstəmləkəçilərinin əlaltısı olmuş yerli satqın diktaturanın məhbusları çaşbaş salmaq üçün əvvəlcə səsləndirdikləri “Sevan” gəmisində deyil,”Türkmən” gəmisində yola salması da təsadüfi hadisə deyildir. Bu, dünya erməni diasporunun ideoloji savaş maşınının hazırladığı, lakin gözləmədikləri halda ingilis bayrağı altında Qafqazda fırtınaya düşmüş “Böyük Hayastan” “gəmisinin” batmaq (Nuru paşanın komandanlığı altında türk ordusunun Bakıya olan müzəffər yürüşü ilə) ərəfəsində olduğunu erməni həssaslığı ilə hiss edən S.Şaumyanla A.Mikoyanın Lenin Rusiyasının, eyni zamanda, Bakı fəhləsinin gözündə pərdə asmaq üçün əcnəbi və yerli satqın ağaları ilə birgə tərtib etdikləri plana uyğun idi.

Ardı var….

Pr.Dr Əjdər TAĞIOĞLU, “Turan Araşdırma Mərkəzi” nin sədri

PS; Yazının 1-ci hissəsini, burdan oxuya bilərsiz. https://onn.az/banner/dasnaq-bolsevik-terrorunun-ideoloqlari-stepan-saumyan-anastas-mikoyan-1-ci-yazi/



ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png