ONN media xəbər verir ki,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (#ATGTİ) birgə təşkilatçılığı ilə tələbələr üçün “Qış liderlik məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
Mingəçevir şəhərində yerləşən Ağsaray otelində keçirilən tədbirdə qonaq qismində çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev və Mingəçevir şəhər Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli tərəfindən vurğulanmışdır ki, Azərbaycan gəncliyinin həmişə inkişafda olduğunu və gənclərimizin yerli və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdikləri və ictimai-siyasi həyatda gənclərimizin aktivlik göstərməsi hər zaman göz qabağındadır. Vurğulamışdır ki, tələbələr bu kimi layihələrdə öz aralarında fikir mübadiləsi aparır, dostlaşır, gələcək planlarını birgə müzakirə edirlər.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışmış və görüləcək işlər barədə məlumat vermişdir. Layihədə 150 tələbənin iştirak etdiyini vurğulayan Ş.İsmayılov onlara peşəkarlar tərəfindən vaxtın idarə olunması, liderlik və təşkilati quruculuq, komanda işinin təşkili mövzularında müxtəlif kursların keçiriləcəyini diqqətə çatdırmışdır.
Mərasimin sonunda “Gənclər Yurdu”, “İstiqlal”, “Qurtuluş” və “Azərbaycan” adlı komandalara bölünmüş tələbələrə komanda bayraqları təqdim olunmuşdur.
Qeyd edək ki, Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1 və 2-ci kurs tələbələri üçün təşkil olunan layihə “Yubiley – Liderlik məktəbi” adı altında həyata keçirilir. Layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Layihədə iştirak etmək üçün 2000-ə yaxın tələbə müraciət edib. Onlardan 150 tələbə seçilərək düşərgədə iştirak hüququ qazanıblar. 11 fevral tarixinə qədər davam edən layihə çərçivəsində tələbələrlə dövlət xadimləri, milli məclisin deputatları və başqa nümayəndələrin görüşü təşkil olunacaq. Təlimçilər tərəfindən iştirakçılara komanda işi, liderlik, media, layihələrin yazılması və başqa mövzular üzrə təlimlər keçiləcək. Bundan əlavə, gənclər sosial gecələrdə komanda şəklində fəaliyyətlərini nümayiş etdirəcəklər.
Düşərgənin sonunda qalib komanda qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq.
Qeyd edək ki, bundan öncə 2010-cu ildə Lənkəran, 2011-ci ildə Quba və Qəbələ, 2012-ci ildə Xızı və Şəki, 2013-cü ildə Xaçmaz və Tovuz, 2016-cı ildə isə Şəmkir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında qış və yay liderlik məktəbləri keçirilib. Bu dövrə qədər yay və qış liderlik məktəbləri 1500-ə yaxın tələbəni əhatə edib.
ONN media həmin layihədən fotoları sizlərə təqdim edir.