ONN İnformasiya Agentliyi

Nargis. Əzgil ağacı (HEKAYƏ)

Nargis. Əzgil ağacı (HEKAYƏ)
26 May 2020 - 12:54
Əzgil ağacı bağımızın ən axar-baxarlı  yerində, nanəçövhər bitkisinin sərt rahiyəsi və cır zoğal ağacının yöndəmsiz kölgəsində özünə yer edib, azadlığını elan etmişdi. Bura necə gəlib düşmüşdü, heç kim bilmirdi. Bircə bilirdik ki, bu ağac elə bil, heç böyümür. San ki, elə hey 26 yaşını qeyd edir..Edəcək… 27 heç olmayacaqmış kimi… Ağacın üzərində hər il boyundan böyük əzgillər yetişir. Payızda bu əzgillər insanda onu  yemək arzusu oyadır. Ancaq nədənsə mənim o əzgilləri budağından qopartmağa heç vaxt ürəyim gəlməyib. Elə bilirəm ki, elə həmin an qan boşalacaq yaralı budaqlardan. Nə qədər etsəm də, sonra o qanı saxlaya bilməyəcəyəm. Fışqırdacaq zoğal ağacına, bütün zoğallar boyanacaq al qan rənginə. Sonra bütün qanı canına çəkəcək torpaq…Və bir oxxay çəkəcək.. Qulaqlarım tutulacaq o an, əbədiyyən kar olacağam. Bir də heç vaxt eşidə bilməyəcəyəm uşaqların gülüşlərini, quşların ötüşlərini və səni!… Hər il dejavu yaşayıram elə bil. Beynimin bütün hüceyrələri donur. Yenə həmin an yetişmişdi. Əzgillər yetkinləş, budaqlarından cümlə-cahana meydan oxuyurdu. Mən hər il bu günü səbirsizliklə gözləyirəm. Həm də bu gün məni qorxudur. Bomboz qorxuram.
Üzərindən dörd il keçir ağrımın… Belə anlarda uşaqlığımdan qoparılışım gəlir ağlıma. Atamı ruhu bərzəxə sığındıqdan sonra, Şərqdəki o torpaq kifayət qədər ürkürdücü daxili simasını biruzə verməyə başlamışdı. Sanki hər şey qorxuducu və səfalət içində idi.  Hətta uzun illərdir oynadığım qonşu uşaqları, axşama yaxın arxamca qaçıb məni qorxutmağa çalışan o iri üzündən qan damlayan günəş belə ürküdücü və qorxuluydu. Bir anda hər şey mənasızlaşmışdı. Rəngi solmuşdu həyatımın. Gilənarlar rəngini, bənövşələr ətrini itirmişdi.
Təkliyim böyüyüb boya başa çatırdı. Anamın əllərində günbəgün artan qabarlar və bir anda həyatın ortasına kəllə-mayallaq atılışımız zehnimdə və qəlbimdə bir donuqluq hakimiyyəti qurmuşdu. Qar kraliçası görünür bizim də həyatımızdan keçmişdi. Sanki bütün dünyanın aysberqlərini götürüb ürəyimin sularına necə gəldi  atmışdılar. Bu ehtibaredilməz soyuqluq  günbəgün damarlarımdan bədənimə axırdı, sirkulyasiyam pozulmuşdu. Qanımda etibarsızlıq və qorxu dövr edirdi. Özümü narahat hiss edəndə öskürürdüm atam kimi… Amma mənim ovuclarım dolmurdu qıpqırmızı rənglə. Şəffaf idi hər şey ovuclarımda, göz bəbəklərim əks olunurdu, sanki dünyanı gizlədirdim ovuclarımda.
Uşaqlığımdan nərgiz və bənövşə ətri gələrdi. Xatırlayıram yamyaşıl ovaları, odun qoxuyan şehli meşələri.
İri zoğallı bağları, cır xurmalı, şabalıdlı meşələri ilə canlanır gözümdə Zaqatala.  Yaşılın ən izdihamlı halını mən orda görmüşdüm ilk dəfə. Sonra isə hekayəm zümrüd yaşılı meşələrdəm bomboz əzəmətli dağlara, boz-qonur çöllərə qədər uzanıb gəldi.  Fərqli mühit, fərli iqlim, fərqli insanlar…Fərqli ömür yolu. Bircə eyni idi bənövşələr, zoğal və əzgil ağacı. Doğrdan bu əzgil və zoğal ağacı, uşaqlığım kimi qoxan bənövşələr bura necə gəlmişdi?
Bəli artıq dörd il keçib üzərindən. Dörd ildi ki, eyni ayın eyni günündə sanki ay bir başqa parlayırdı göy üzündə. Həmin gün sanki həyətimizdəki əzgil ağacının üzərinə ulduzlar yağır. Əzgil ağacı ikiyə bölünür. İçindən aya sən çıxma, mən çıxım, günə sən parlama, mən parlayım deyən, saçları spagettiyə bənzəyən qız çıxır. Ətrafına baxır gülümsəyir. Sonra əzgildən qopardıb doyunca yeyir. Mən öncə istəyirəm mane olum, əzgili elə yemə axı sən qan xərçəngisən, sənə olmaz onu o şəkildə yemək, ver aparım 24 saat alma sirkəli suda saxlayım sonra yeyərsən-deyim. Ancaq o göy üzünə baxıb gülümsəyir. Əlini mənə uzadır. Mən də laqeyd qalmıram. Ovucumu göy üzünə tərəf çevirir. Sirius ulduzunu ovcuma çağırır. Mən bərk-bərk qapatıram ovuclarımı. Bilirsən mənim 24 saatım qalmayıb. Mən hönkürürəm. O isə məni sakitləşdirir. Sən bilirsənmi? Köhnə Misirdə bir çox  məbədlərin daxili otaqları Siriusu görəcək şəkildə inşa edilib. Sən bunları hardan bilirsən-deyirəm. Cavab vermir. Sadəcə darıxanda ulduzlara bax-deyir və gülümsəyir. Yenidən keçib oturur əzgil ağacının oyuğunda. Və yox olur gözlərimin içinə gülümsəyə-gülümsəyə. Donub qalıram. Batır ürəyimə buz parçaları. Üşüyürəm. Dişlərimin şaqqıltısı ürəyimin döyüntüsünə qarışır.
– Qızım dur bunu da iç…
Gözlərimi açıram. Anam al qan rəngindəki zoğallı çayı mənə uzadır. Tez çevrilib əzgil ağacına tərəf boylanıram. Əzgil ağacı sanki əbədi sükut andında idi. Yox bu yuxu deyildi. Əmin idim. Tez sol ovuclarıma baxıram. Ovuclarımda ulduzvari yanıq izləri görürəm. Ovuclarımı birləşdirirəm. Canım yanır. Bilirəm ki, onu çağırdığımı hiss edir.
Anam boşqab dolusu iri əzgillərlə içəri daxil olur.
-Əzgil istəyirsən?
Ağlamaqqarışıq gülümsəyirəm.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png