ONN İnformasiya Agentliyi

“Bir kəmər, bir yol” uğrunda mübarizə qızışır

“Bir kəmər, bir yol” uğrunda mübarizə qızışır
05 Dekabr 2023 - 15:38

Yunus Oğuz: “Vaşinqton Post”un arxasında kim dayanır?

“Söhbət “Vaşinqton Post” qəzetinin nə yazmasından yox, onun arxasında kimin dayanmasından gedir. Hesab edirəm ki, bu yazı hazırda cərəyan edən maraqlı proseslərin nəticəsidir. Belə ki, Amerika Zəngəzur dəhlizində birbaşa oturmaq istəyir. Təkcə Azərbaycanda deyil, eləcə də Orta Asiyada enerji resurslarına sahib olmağa çalışır. Çox təəssüf ki, bunu Azərbaycanın əli ilə etmək niyyətindədir”. Bunu “Olaylar” qəzeti və eyni adlı  informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz deyib. Bildirib ki, hazırda  “Bir kəmər, bir yol” uğrunda savaş gedir: “Fikir vermisinizsə, Çin rəsmisi elan elədi ki, “Bir kəmər, bir yol”un Azərbaycan ərazisindən keçməsi daha məqbuldur. Hazırda bu layihə uğrunda mübarizə gedir. Məlum olduğu kimi bu yol Zəngəzur dəhlizindən keçir. Ona görə də Azərbaycana qarşı təzyiqlər artır. Birləşmirş Ərəb Əmirliklərində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşərək məhz bu məsələləri müzakirə edib. Əsas odur ki, “Bir kəmər, bir yol” Orta Asiyadan gələrək Zəngəzurdan keçmək şərtilə Qərbə çıxır. Məsələ orasındadır ki, Azərbaycan onların şərtləri ilə razılaşmır. Orta Asiya Azərbaycan üçün hazırda ən önəmli rol oynayır ki, bütün enerji resursları oradan yönəlsin. Təsadüfi deyil ki, prezident İlham Əliyev bu yaxınlarda keçirilən  Mərkəzi Asiya Sammitinə fəxri qonaq kimi dəvət olunmuşdu. Onlar Azərbaycan Prezidentinin nüfuzunu bilirlər və buna görə də təzyiq gəstərməyə başlayıblar”.

Y.Oğuz bildirib ki, göstərilən təzyiqlərdə əsas məqsəd onların istədiyini verməkdir: “Azərbaycanın əli ilə Mərkəzi Asiyadan gələrək Avropaya gedən enerji daşıyıcılarına nəzarət etmək istəyi var. Azərbaycan isə regional lider olduğundan bu məsələlərə özü nəzarət etmək istəyir. Ona görə də Amerikanın, Rusiyanın irəli sürdüyü şərtlərlə razı olmur. Bununla Azərbaycan regional liderliyini tam sübut edib. Bu səbəbdən Azərbaycana qarşı böyük təzyiqlər edilir. Bir tərəfdən Blinken zəng edib deyir ki, bunlar hamısı səhv edib, digər tərəfdən isə “Vaşinqton Post”u təzyiq vasitəsi kimi işə salırlar. Məlum olduğu kimi “Vaşinqton Post” demokratların maliyyələşdirdiyi bir qəzetdir. Bununla kifayətlənməyərək vətəndaş cəmiyyətlərinin dili ilə çatdırırlar ki, guya Azərbaycanda demokratiya yoxdur, insan hüquqları pozulur. “Freedom House”nin açıqlamasında da Azərbaycanı sıxmaq elementləri əksini tapmışdı. “Vaşinqton Post”un da, Avropanın da, Fransa və Almaniyanın da rəsmi və qeyri-rəsmi bir dərdi varsa, o da “Bir kəmər, bir yol”a nəzarətə girmək və oradan böyük pay qoparmaqdır. Həm də çalışırlar ki, Rusiya bu dəhlizə minimum həddə daxil olsun. Bununla da Güney Qafqazda Rusiyanın təsiri bitsin”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan regional oyunçi kimi düzgün siyasət yürüdür: “Heç şübhə də etmirəm ki, gələcəkdə Azərbaycan iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilərək “Böyük 20-liyə” daxil olacaq. İndi Azərbaycanın hədəfində odur və ona doğru gedir. Belə halda “Vaşinqtion Post”un nə yazmasından asılı olmayaraq Azərbaycan dövlətinin maraqları nədirsə o da həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu il “Vaşinqton Post”da Azərbaycanla bağlı beş yazı dərc olunub. Təbii ki, Ermənistan kimi iqtisadiyyatı çökmüş, asılı dövlət belə təzyiqlərə dözə bilməz. Ermənistana kiçik bir təzyiq olan kimi Rusiyadan üz döndərdi. O cümlədən, Gürcüstana da təzyiq olan kimi geri çəkilir. Məsələn, Gürcüstan elan etmişdi ki, Rusiya ilə əlaqələri yumşaltmaq lazımdır. Çünki böyük bir ticarət əlaqələri var. Lakin, bir az sıxılan kimi mövqeyindən yayındı.  Göründüyü kimi  bütün davalar “Bir kəmər, bir yol”un üstündədir. Bu isə o deməkdir ki, geosiyasət geoiqtisadiyyata bağlıdır. Çin də daxil olmaqla Mərkəzi Asiya dövlətlərinin yükləri Azərbaycandan kecəcəksə, bu o deməkdir ki, büdcəyə milyardlarla pul gələcək. Burada söhbət təkcə Zəngəzur dəhlizindən getmir, qaz, neft kəmərləri var, yeni enerji daşıyıcıları istehsal olunur. Bir müddətdən sonra Azərbaycan enerji ixrac edəcək ki, bunların hamısı dövlətə böyük vəsaitlər gətirir. Belə ki, ortalığa tort qoyulub, kimsə böyük, kimsə balaca tikə götürmək istəyir. Belə məlum olur ki,  “Vaşinqton Post”un arxasında duranlar da şərtlər irəli sürmək istəyirlər. Təsəvvür edin ki, illər idi ki, Amerikanın Azərbaycanda səfiri təyin olunmurdu, indi təcili səfir təyin olundu. Görüntü ondan ibarətdir ki, kimlər Zəngəzur dəhlizindən pay istəmir? Buna görə Rusiya, Almaniya, Fransa, İran Zəngəzurda konsulluq açmaq istəyini reallaşdırırlar, hələ bir azdan Latın Amerikası ölkələri da prosesə qoşulacaqlar. Hazırda “Vaşinqton Post” bu məsələdə marağı olan oliqarxların müdafiəçisi rolunda çıxış edir. Çox təəssüf ki, həmin oliqarxlar da dövlətin adından çıxış edə bilirlər. “Vaşinqton Post” özbaşına deyil ki, gündə bir yazı yazsın”.

Y.Oğuz bildirib ki, Amerika həmişə ikili siyasət aparır: “Ya əvvəl kökə verirlər, sonra qırmanc, ya əvvəl qırmanc verirlər, sonra kökə. Təbii ki, burada erməni lobbisinin də rolunu istisna etmək olmaz. Bütün sadalananlara baxmayaraq düşünürəm ki, Azərbaycan düz yoldadır. Əgər Azərbaycan geri çəkilsəydi, Ermənistan kimi onun da başını sığallayardılar. Azərbaycanın milli, dövlət mənafeyi var, dövlət maraqlarını da heç kimə vermək lazım deyil”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png