ONN İnformasiya Agentliyi

Azərbaycanda BİABIRÇILIQ – Mərhum aktyoru efirə dəvət etdilər

Azərbaycanda BİABIRÇILIQ – Mərhum aktyoru efirə dəvət etdilər
11 May 2020 - 20:19

Azərbaycanın televiziya jurnalistləri utancverici hərəkətə yol veriblər. Adları açıqlanmayan TV əməkdaşları mərhum teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadəni verilişə dəvət ediblər.

ONN media xəbər verir ki, bununla bağlı Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı “Feysbuk”-da paylaşım edib. Onun sözlərinə görə, mərhum sənətkarın qızı Aygün Xanızadənin atasının adına açdığı “Feysbuk” səhifəsinə bu səpkidə mesajlar göndərilib:

“Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi ki, “gəl, atamın adına açdığım “Feysbuk” səhifəsinə göndərilən mesajları sənə oxuyum”. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün xanım bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkdim. Yazırlar ki, “Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nooolar, gəlin siz də iştirak edin”. Hətta biri yazıb ki, “mən nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin””.

Bu mesajlardan sonra Aygün Xanızadə mərhum sənətkarı efirə dəvət edən TV jurnalistlərinin bəziləri ilə sərt danışıb. Onlar biləndə ki, Hamlet Xanızadə həyatda yoxdur, Aygün xanımdan xahiş ediblər ki, bu haqda heç kimə deməsin:

“Xahiş etdilər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar?”,-deyə Aygün Xanızadə bildirib.

Aygün Xanızadə həmin jurnalistlərə cavab verəndə ki, atası 1990-cı ildə dünyasını dəyişib, onlar dərhal söhbəti “fırladıblar”: “Niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”.

Qeyd edək ki, görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə görə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png