Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,
Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi,
Mənə ordu gərəkdir sarsılmaz cahan kimi,
Ordum varsa yurdum var.
Ordum yoxsa, yurdum yox.
26 İyun Silahlı Qüvvələrin Yaranması Günüdür… Bu gün vahid reionun ən qüdrətli dövləti olan Azərbaycan müstəqilliyinin ilk illərində olduğu kimi yenə də çox ciddi çətinliklərlə qarşılaşır. 1918-ci ildə olduğu kimi bu dəfə də himayədarlarının köməyinə arxalanan ermənilər cəbhə boyu hücuma keçirlər. Komandanlığın olmaması isə vəziyyəti daha da çətinləşdirir. Ulu öndər Heydər Əliyev mövcud olan bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasını təmin edir.
Bununla ordu quruculuğunda yeni mərhələnin əsası qoyulur. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunur və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 26 İyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilir.
Bu gün müstəqil dövlətimizin əsas atributlarından biri olan ordumuzun bayramıdır. Hansı ki, igid əsgərləri ilə gecə-gündüz ərazi bütövlüyümüzün keşiyində durur. Ordu deyiləndə ilk olaraq göz önünə əsgərlərimiz gəlir.
Vətəni vətən eyləyən, hər qаrış torpаğını göz bəbəyi kimi qoruyаn onun igid, mərd oğullаrıdır - əsgərlərdir. Vətən belə oğullаrı ilə öyünür, fəxr edir.
Azərbaycan ordumuzun sayəsində əmanətimiz olan vətəni göz bəbəyi kimi qoruyacağına inanır. Bu inamı doğruldan Azərbaycan ordusuna eşq olsun! Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir: “Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Biz də ONN Media Agentliyi olaraq qanında axan qanı, vuran ürəyi, canı belə VƏTƏN deyən oğulları onn.az oxucularına bir daha tanıtmağı özümüzə ən ümdə borc bildik. Gəlin, vətəni ümmansız, qədərsiz sevən və hər nəfəsdə vətən deyən layiqli vətən oğlunu daha yaxından tanıyaq.
Xoş gördük, kimdir Kənan Şahidov?
―Xoş gördük sizi və dəyərli oxucuları. Mən Kənan Şahidov, I Qarabağ qazisi, 1975 – ci ildə Qax rayonunun Əmircan kəndində doğulmuşam. 18 yaşımda rayon hərbi kommissarlıq tərəfindən hərbi xidmətə çağırılmışam. 1993-1994 - cü illərdə Qarabağda ― Füzuli, Cəbrayıl, Kəlbəcərdə amansız döyüşlərdə rəşadətlə vuruşmuşam və Kəlbəcərin Murov dağında gedən döyüşlərdə mənfur düşmən həmləsinə tuş gəlib gözlərimdən yaralanmışam. Hal-hazırda doğulduğum kənddə yaşayıram.
Bilindiyi kimi, müharibə dünyanın ən qlobal faciəsidir. Müharibə onu bilən, görən-görməyən, 7-sindən 77 -yə hər bir insanın qorxduğu, tükürpədici ağır hadisədir. Bir xalqın, başına gələn ən dəhşətli bəla, ən təhlükəli məqamdır. Müharibənin odlu-alovlu döyüşündə olub, onu birbaşa iliklərinə qədər hiss edən bir insan üçün, Kənan müəllim üçün müharibə nə deməkdir?
― Bəli, mən müharibənin ən sərt üzünü görmüş biriyəm. Buna görə də, müharibə haqqında ürək ağrısı ilə çox fikirlər deyə bilərəm, ancaq qısa olaraq cavablandırım ki, mənə görə müharibə azadlıq uğrunda mübarizə deməkdir. Torpaqlarımızdan ötrü haqlı savaş deməkdir.
Azərbaycan övladı doğulduğu ilk gündən vətənpərvər böyüyür. Anamız beşik başında, sonra təhsil aldığımız elm ocaqlarında və s. bizə vətən sevgisi elə aşılanır ki, o bizim qanımızla bərabər ruhumuza da çökür sanki. Biz hamımız bu şüarla yaşayırıq: “Lazım gələrsə, vətən üçün canımızdan keçərik”. Bunu hamımız qürurla deyirik, bu, vətən sevgisidir. Ancaq müharibəyə getmək, vətən üçün ölümə yollanmaq, bir ovuc torpaq üçün mərmi üstünə atılmaq isə, əsl vətən sevgisidir, ən uca məramdır. Bir Qarabağ qazisi kimi, sizcə vətən üçün candan keçmək nə deməkdir?
― İlk olaraq qeyd etmək istərdim ki, vətənpərvərlik hissi, sevgisi özümüzə, milliliyimizə, Azərbaycan xalqının özünün kökünə xas bir xüsusiyyətdir. Mən də bir Azərbaycan vətəndaşı kimi körpə vaxtlarımdan mənliyimdə, özümdə hiss etmişəm. İrəliləyən dövrdə düşmənlərimizin torpaqlarımıza atdığı addımları - xalqımıza etdikləri zülmləri gördükdən sonra bu vətənpərvərlik hissi, torpağa, elə bağlılıq daha da artdı, qabardı. Vətən üçün candan keçmək demək dillə ifadə olunacaq bir söz deyil, bundan başqa onu da qeyd etmək istərdim ki, vətən üçün candan keçmək dedikdə, bunun ən ali rütbəsi şəhidlikdir. Bu yol mənə qismət olmasa da, vətən üçün candan keçəcək qədər bu yolda irəlilədim.
Bu gün 44 günlük haqlı savaşımızda biz qalib çıxdıq. Biz qalib dövlətin qalib vətəndaşlarıyıq. Qərinələr, əsrlər bu vaxta qədər belə qalibiyyətə şahidlik etməmişdi, bəli, biz tarix yazdıq. Bunu da biz ölkə başçımızın müdrik siyasəti və müzəffər ordumuzun rəşadəti sayəsində qazanmışıq. Xalqımızın birliyi, rifahı uğrunda qazanmışıq. Bu günkü misilsiz uğurumuz haqqında qalibiyyətdə payı olan Kənan müəllim nə deyə bilər?
― İkinci Qaqrabağ MüharibəsiBirinci Qarabağ Müharibəsinin davamı oldu. Düzdü, Birinci Qarabağ Müharibəsində çox uğursuzluqlarımız oldu. Buna baxmayaraq, bizim düşmənə qarşı olan nifrət, intiqam hissimizi heç vaxt azaltmadı. Bunu da biz İkinci Qaqrabağ Müharibəsində sübut etdik. Bu günkü gündə mən öz vətənin oğulları ilə fəxr edirəm. Tarixə tarix yazan, şan qatan yenilməz vətənimlə qürur duyuram. Umumilli liderimiz ulu öndər Heydər Əliyevin sözü ilə desək: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Kənan müəllim, bəli, siz müharibənin ən sərt üzünü görmüsünüz. Dünən eyni çörəyi bölüşdürüb, bir qabdan su içdiyiniz cəbhə yoldaşınızı, çiyindaşınızı sabahsı gün itirib, onun şəhidlik zirvəsini gözləri ilə görüb, şahid olmusunuz. Yəni müharibənin ən amansız, düşmənin ən murdar, mənfur sifətini, ən riyakar mövqeyini görmüsünüz. Ancaq bütün bunlarla yanaşı, sizin Vətən sevgisi bitmədiyinə, sonsuz, qədərsiz olduğuna görə, tək oğul övladınızı öz əlləriniz ilə cəbhəyə yola salmısınız. Siz Birinci Qarabağ Müharibəsi qazisi, oğlunuz Zahir Şahidov isə İkinci Qaqrabağ Müharibəsi iştirakçısı olub. Zahir də atası kimi müharibənin ən qızğın yaşandığı cəbhə bölgələrimizdə olmuşdur. Bir vətəndaş və bir valideyn kimi hər kəsə örnəksiniz, nümunəsiniz. Bu haqda Azərbaycan atalarına, analarına nə deyib, nəyi məsləhət görərdiniz?
―Bu günkü göndə övladlarımız elə tərbiyələnməlidir ki, gələcək nəsillərimiz elə ruhda böyüməlidir ki, vətən onların ümdəsi, ən müqəddəsi olsun. Hər bir Azərbaycan övladı vətənin keşiyində durmalı, lazım gələrsə, canından keçməyə hazır olmalıdır. Şair yaxşı deyib: “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün”... Bu beşikdən ta qəbr evinə qədər balalarımızın ruhuna hopdurulmalıdır. Bir də hər bir valideyn bilməlidir ki, vətənə sevgi, tək tərbiyə ilə deyil, özünü nümunə ilə başlayır. Sən övladına vətən sevgisini göstərməlisən də. Necə?.. Özün vətəni qəlbən sevərək. Hər bir valideyn öz oğlunu əsgər gğrmək istəyər. Axı, onlar üçün hərbi xidmət təkcə vəzifə olmayacaq, həm də Vətən məhəbbətinin nümayişi olacaq. Bu vətəni ona layiq şəkildə qorumaq üçün böyüyəcəkləri günü gözləyirlər. Bu anaların da arzusudur. Onlar da əsgər anası olmağın fəxrini yaşayacaqları günün xəyalını qururlar.
İkinci Qaqrabağ Müharibəsi iştirakçısı övladınız Zahir Kənan oğlu Şahidovu sizin dilinizdən tanıya bilərikmi?
―Oğlum 1998 - ci il doğulub. O, 2005-ci ildə orta məktəbə getmiş, 2016-cı ildə isə məktəbi uğurla başa vurub. 2017-ci ildə ali məktəbə - Azərbaycan Texniki Universitetinə qəbul olub. Təhsilini bitirdikdən sonra 2020-ci ilin iyulunda Ağcabədi N saylıhərbi hissəyə yollanıb. 27 Sentyabr ayından, yəni, İkinci Qaqrabağ Müharibəsinin fəal iştirakçısı olub. Füzuli, Cəbrayıl və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O doğulduğu ilk gündən ən böyük arzusu idi vətənin keşiyində durmaq, onu qorumaq. Axı vətəni qorumaq elini, yurdunu qorumaqdır. Mən oğlumda gördüyüm vətən sevgisi və cəsarəti və göstərdiyi şücaəti üçün onunla fəxr edirəm.
Azərbaycanın şanlı, qürurlu, fəxarətlə tarixə iz salan əlamətdar günləri çoxdur. Təqvimimizdə qürurla söz etdiyimiz belə günlərdən biri də 26 İyun Silahlı Qüvvələrin Yaranması Günüdür. Güclü ordusu olmayan dövlətin nəinki güclü dövlətçiliyindən, hətta sonrakı inkişaf mərhələsindən də söhbət gedə bilməz. Ordu dövlətin sütunu, xalqın rifaıdır. Bir Qarabağ qazisi kimi 26 İyun Silahlı Qüvvələrin Yaranması Günü haqqında fikirləriniz maraqlıdır.
― Bəli, 26 İyun Silahlı Qüvvələrin Yaranması Günüdür. Mənə görə ordumuzun nə qədər güclü olduğu və eləcə də nə qədər əzəmətli gücə sahib olduğunu göstərən bir tarixdir bu günkü tarix. Bu indi də belədir, sabah da belə olacaqdır. Ümumiyyətlə, bu bütün dövrlərə şamildir. Bizim dövlətimiz də ordumuz da əbədidir, hakimdir.
Söhbətimizin sonunda ONN İnformasiya Agentliyi və eləcə də onn.az saytı izləyicilərinə nə demək istərdiniz?
―İlk olaraq bu gün münasibəti ilə hər kəsi təbrik edir, ordumuz sarsılmaz, dövlətimiz daim olsun, deyirəm! Qoy hər kəs ayaq basdığı Azərbaycan torpaqlarının hər bir qarışının dəyərini bilsin. Qəlblərində hər zaman vətən sevgisi və vətən eşqi olsun. Heç bir zaman hər bir dövrdə torpaqlarımızdan və vətənimizdən ötrü candan keçən şəhid və qazilərimizi hec zaman yaddan çıxarmasınlar. Onları hər zaman uca tutmaq bizim ən ümdə vətəndaşlıq borcumuzdur. Bu gün onlar sayəsində vətən yenilməzdir, vətən qalibdir!
Aynur Turan, xüsusi olaraq ONN üçün.