Musiqi zövqünə ol kəs ki, deyildir Vaqif,
Bu büsatın nə bilir ki, nə şərafətləri var.
Əsrlərin yadigarı milli musiqimizin kökü ta qədimlərə söykənməkdədir.
Azərbaycan xalqı çox qədim musiqi sənətinə malik bir xalqdır. Və bu heç də təsadüfi deyil. Belə ki, xalqımız olduqca uzun bir tarixi inkişaf yolu keçmişdir. Bu müddət ərzində musiqimiz getdikcə inkişaf etmiş, gündən-günə zənginləşmişdir. Qədim musiqimiz haqqında ilkin məlumatlar Qobustan (e.ə XVII-III minilliklər) və Gəmiqaya (e.ə III-I minilliklər) qayaüstü rəsmlərində öz əksini tapmışdır. Bundan başqa “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında da zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilir.
Azərbaycan xalqı gözəl musiqi duyumu olan bir xalqdır. Doğma musiqimiz analarımızın laylaları, nənələrimizin nazlamaları ilə damla-damla qanımıza hopmuşdur. Anamızın südüylə qanımıza hopmuş musuqi hər birimizin bütün anlarda ruhumuzun təslim olduğu liman, rahatlıq tapdığı məqamdır. Gözəl musiqi gözəl ifaçıları ilə daha da taclanar, daha can tapar. Xanəndəlik sənəti dünya musiqisinin incisidir, deyirlər. Azərbaycan isə xanəndələr diyarıdır. Musiqimizə can verən, taclandıran xanəndərimiz hər zaman dünyaya səs salmış və salmaqdadır. Gənc xanəndə Mehranə Vəliqızı də belələrindəndir. Azərbaycan muğamına özünəməxsus töhfələr vermiş Mehranə Vəliqızını ONN İnformasiya Agentliyi olaraq sizlərlə daha yaxından tanış etməyi özümüzə borc bildik və oxuculardan gələn sualları vətən qızına yönəltdik:
-Səsinizi aləm duyub, sevinib. Sizi hər kəs tanıyır. Mehranə xanımı daha yaxından tanıya bilərikmi?
― Ucar rayonunda doğulmuşam. Orada gözəl müəllimlərdən təhsil almışam. Atamı hamıdan çox istədiyimə görə Vəliqızı adını götürmüşəm. İki sənətlə məşğulam, ilk təhsilim filologiya üzrə olub və bu sahə üzrə hazırda pedaqoji fəaliyyətlə məşğulam.
-İstərdik ki, sənətdə atdığınız ilk addımlardan söhbət açasınız. Musiqi təhsiliniz necə başlayıb?
― Ucarda orta musiqi məktəbində təhsil almışam, həmin vaxtlarda uşaq muğam müsabiqələrində iştirak edib uğurlar əldə etmişəm, sonra BDU-da təhsil almaq həvəsim, marağım olduğuna görə gecə-gündüz çalışırdım ki, ora qəbul olum. BDU-da təhsilimi başa vurduqdan sonra Mənsum müəllimin dərslərinə qatılırdım, əlavə musiqi nəzəriyyəsindən hazırlığa gedirdim. Nəticədə Milli Konservatoriyaya qəbul oldum. Bu mərhələlərdə ustadım professor Mənsum İbrahimovun əziyyətləri hədsiz çoxdur.
-Muğam müsabiqəsinin qaliblərindən olmaq hansı qapıların üzünüzə açılmasına bilavasitə səbəb oldu? Sonrakı fəalityyətiniz nələrdir və necə davam edir?
― Muğam müsabiqəsinin diplomantı oldum, o xalqın gözünün qarşısında olan bir müsabiqədir. Məni ilk olaraq kənarlaşdırdılar, məni tanıyanlar bilir, qətiyyən yaltaq söz deyən adam deyiləm, söz xatirinə danışan biri də deyiləm. Xalq da gördü ki, mənə qarşı ədalətsizlik oldu, o vaxt müsabiqədə məni 1-ci çıxarmaqda tələsdilər. Çünki məndən sonra müsabiqədə qalanların əksəriyyəti heç Konservatoriyaya qəbul ola bilmədilər. İtib batıblar.
Müsabiqə zamanı hələ də yaddaşınıza həkk olan məqamlar varmı?
― Yuxarıda qeyd etdiyim xatirə mənim daim yaddaşımdadır.
-Mənsum İbrahimovun tələbəsi olduğunuzu bilirik. Bu özü bir məktəb, hətta deyə bilərik ki, irsdir. Bununla yanaşı hansı xanəndələrin üslubundan bəhrələnmisiniz?
― Təbii ki, Mənsum müəllimin ifaçılıq sənəti böyük bir universitetdir. Hətta onu tanımadan belə ifalarına qulaq asmaqla xeyli məlumat əldə etmək olar.Və mən də çox şadam ki, belə bir ustadın tələbəsi oldum, özüm bu sənəti davam etdirdikcə onun öyrətdiklərinin nə dərəcədə əhəmiyyətli olduğunu zaman keçdikcə hiss edirəm. Öz üzərimdə hər gün çalışdıqca klassik muğam ifaçılarından öyrənirəm.
-Mehranə Vəliqızı bütün dövrlərdə hansı mahnı ilə yaddaşlarda qalmaq istəyər?
― Hər bir ifaçı ruhuna yaxın musiqini dinləyicilərə təqdim edir.Yadda qalan ifa həmin ifaçının potensialını daha çox üzə çıxaran ifası olur. İfaçı üçün sözün qüdrəti var. Nə qədər mahir ifaçı olsa da, söz onu ya daha çox musiqiyə kökləyə bilər, yaxud fikrini yayındıra bilər. Misal üçün, Nəsiminin, Füzulinin, Seyid Əzimin sözləri insanı sanki musiqinin ən dərin qatlarına varmağa kömək edir. Bəzən məndən xahiş edirlər ki, hansısa şeiri ifa edim, amma şeiri oxuyanda hiss edirəm ki, alınmır.Yaxşı şeir həm məna baxımından, həm tələffüz baxımından musiqiyə uyğun olmalıdır ki, ifaçının potensialının oyanmasına kömək etsin. Belə olduqda ifaçı daha ürəkdən oxuyur.
-Musiqi bir sənətdir, böyük mənada elmdir. Musiqidə savadsız hesab edilən janr varmıdır, varsa hansıdır? Və ya istedadsız, təhsilsiz uğur qazanmağın yolu hansı janrdan keçir?
― Ən zəif musiqi xalqımızın ruhuna yad olan və naşı ifa olunan musiqidir.Və bu gün təəssüf ki, musiqi sənətimizdə belə ifalar çoxdur.O musiqilər daha çox toylarımızda ifa edilir və yeni nəslin musiqi zövqünü korlayır.
-Müsahibələrinizin birində belə bir fikir ifadə işlətmisiniz. "Qəhrəmanlıq muğamlarımızı oxuyanda əsgər olduğumu düşünürəm". Əslində bu məmləkətin hər bir vətəndaşı vətənin bir müsəlləf əsgəridir. Bunu canında, qanında hiss edən Mehranə xanım üçün Vətən nədir?
― Vətən mənim xalqımın tarixinin qorunduğu, əhalisinin əksəriyyətinin doğma yurd bildiyi və tərəqqisi üçün imkanlar olan yerdir.
-Muğamı qəlbinizin dərinliklərində oxuyursunuz. Bir dinləyici olaraq bunu duyur, səsinizdən zövq alırıq. İfanızda olan muğqmların hər biri dinləyici qəlbinə yaxındır. Bəs Mehranə Vəliqızı ruhuna yaxın olan muğam hansıdır?
― Bəli. Mənim ruhuma, əhvalıma daha yaxın olan muğamlar zərbi muğamlardır ki, bunların çoxusunu ifa etmişəm. Yaxın günlərdə təqdim edəcəyim muğam Kəsmə Şikəstə olacaq.
- Azərbaycan xalqı gözəl musiqi duyumu olan bir xalqdır. Belə ki, doğma musiqimiz analarımızın laylaları, nənələrimizin nazlamaları ilə damla-damla qanımıza hopmuşdur. Odur ki, biz də babalarımızın, məşhur bəstəkarlarımızın bizə yadigarı olan milli musiqimizi qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Belə təqdirdə bizim xalq olaraq üzərimizə hansı vəzifələr düşür, peşəkar musiqiçi, sənətçi olaraq sizin üzərinizə hansı vəzifələr düşür?
― Bu məsələləri məndən daha çox ustadlarımız qorumalıdır, məncə milli ruhumuzun daha çox, daha dərindən inkişafının qayğısına qalmalıyıq. Bu istiqamətdə ölkəmizin birinci xanımının fəaliyyəti təqdirəlayiqdir. Bizlər isə bu diqqətin məsuliyyətini hər zaman hiss etməliyik.
-Azərbaycan musiqisinin dünya səviyyəsində şöhrət tapmasında Şuşa konservatoriyasının xüsusi rolu var. Mir Möhsün Nəvvab, Xarrat Qulunu, Hacı Hüsü, Sadıqcan, Məşədi İsi, Əbdülbağı Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəcioğlu Məmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, bəstəkarlardan Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli, Fikrət Əmirov, Niyazini, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, müğənni Rəşid Behbudov məhz Şuşa məktəbinin yetirmələridir. Azərbaycan musiqisi məhz bu insanların sayəsində şöhrət tapmış, bütün dünyaya səs salmışdır. Musiqimizin inkişafında dünya şöhrətli bəstəkarlarımızın rolu xüsusilə vurğulanmalıdır. Belə ki, musiqimizin dünya səviyyəsində tanınmasında Üzeyir bəy Hacıbəyli kimi bir şəxsiyyətin nailiyyətləri danılmazdır. Bəstəkar sadəcə ölkəmizdə deyil, eyni zamanda bütün Yaxın Şərqdə operanın əsasını qoymuşdur. Bu yöndə fikirləriniz qiymətlidir.
― Bütün kainat ahəng üstə köklənib. Muğamın formalaşmasında sufilərin, təsəvvüf alimlərinin böyük rolu var, muğamın ritmi kainatın ritminə uyğundur. Ona görə də Azərbaycan muğamının qüdrəti bütün yer üzündə ahəngdar münasibətlərin, sülhün yaranmasında böyük rol oynaya bilər. Biz bunu bütün dünyaya çatdıra bilsək yer üzünün gələcəyi üçün faydalı olar. Klassik alman bəstəkarları bunu hiss etməyə başlamışdılar, məsələn Baxın bəzi əsərlərində muğam notları aydın hiss olunur. Təəssüf ki, o sahədə başlamış işlər hələlik yarımçıq qalıb. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov da bu istiqamətdə mühüm addımlar atmışlar. Burada Vaqif Mustafazadənin də adını qeyd etmək lazımdır. O muğamın elementlərini caz musiqisinə gətirməklə heyrətamiz, dünyanın diqqətini cəlb edən ecazkar sənət əsərləri yaratdı. Bütün bunlar muğamın nə qədər böyük bir qüdrətə malik olduğundan xəbər verir. Belə düşünürəm ki, dünya musiqisi bu sahədə yolun başlanğıcındadı. Bu yolun davam etməsi yer üzünün gələcəyi üçün çox vacibdir.
-Son olaraq ONN-in oxucularına nə demək istərdiniz?
― Mənə zaman ayırdığınız üçün əvvəla sizə, ONN İnformasiya Agentliyinin rəhbərliyinə, əməkdaşlarına təşəkkür edirəm. Allah hamımızın ruhunu hər zaman muğama kökləsin.
-Biz də ONN İnformasiya Agentliyi adından Mehranə Vəqliqızına yaradıcılıq uğurları arzu edirik. Səsiniz hər zaman Vətən hüdudlarından kənarda gəlsin.
Aynur Turan