ONN İnformasiya Agentliyi

“Ailəmizin ən böyük arzusu o torpaqlarda uyuyan şəhidlərimizin məzarının ziyarət olunmasıdır”

“Ailəmizin ən böyük arzusu o torpaqlarda uyuyan şəhidlərimizin məzarının ziyarət olunmasıdır”
19 İyul 2019 - 16:13

Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birlik “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” layihəsi çərçivəsində şəhid ailəsini ziyarət edib

Məcburi köçkünlərin məskunlaşdığı Mərdəkan qəsəbəsindəki Abşeron sanatoriyasının sonuncu mərtəbəsinə qalxırıq… Qeyd edək ki, şəhid ailəsini ziyarət Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birliyin “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” layihəsi çərçivəsində baş tutdu… Enli, lakin köhnə taxtalarla döşənilmiş pilləkənlər bizi getdikcə daralan dəhlizə doğru aparır. Mənzil başına yetişəndə qapını daxilən kədərli, çöhrəsi isə təəccüblə dolu bir qadın açır. Məqsədimizi, təşrif buyurmaq səbəbini təkrar-təkrar soruşduqdan sonra bir qədər duruxur, nəhayət uzun illər ürəyində gizlətdiyi ağrı-acıları dilə gətirir: “27 ildir ki, burada məskunlaşmışıq. İlk dəfədir ki, siz qapımızı döyürsünüz. Şəhid ailəsi, məcburi köçkün olmağımıza baxmayaraq heç kim bizimlə maraqlanmayıb”. Haqqında söhbət açdığımız 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev tərəfindən yaradılmış kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri-leytenant Yavər Babayevin həyat yoldaşı  Mülayim Babayevadır. Şəhidin həyat yoldaşından öyrəndik ki, Yavər Babayev 1959-cu ilin iyul ayının isti günlərindən birində Ağdam rayonu Tərneft kəndində, zəhmətkeş bir ailədə anadan olub. Yaşıdları kimi məktəbə gedib, oranı bitirdikdən sonra sovet ordusuna hərbi xidmətə yola düşüb. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə dönüb. Əvvəl oxuduğu Gəncə Politexnik Texnikumunda (indiki Gəncə Texniki Kollecində) təhsilini davam etdirib. Məzun olduqdan sonra isə savxozda dinc əməklə məşğul olub. 1982-ci ildə el-obasının ləyaqətli bir qızı ilə ailə qurub, övlad sahibi olub. 1992-ci ildə Tərneft kəndinin gəncləri erməni təcavüzkarlarına qarşı səfərbər olub birləşir, xalqının, vətəninin dar günündə silaha sarılırlar. Kənddə yaradılmış Ağdam özünü müdafiə batalyonunun rota komandiri isə vətənpərvər və cəsur olduğu üçün bütün həmyerlilərinin hörmətini qazanmış Yavər Babayev seçilir.

Göz yaşları içərisində boğulan Mülayim Babayeva söhbəti davam etdirir: “Yavərin yadigar 2 oğul övladı var. O, döyüşə gedəndə uşaqlar körpəydi. Deyirlər, övlad dünyanın ən gözəl nemətidi. Amma onda elə bir vətən sevgisi, elə bir torpaq təəssübkeşliyi vardı ki, uşaqlar heç gözünə də görünmədi. Onun şəhid olması ailəmizə böyük bir zərbə oldu. Az keçmədi ki, ikinci bir böyük zərbə ilə üz-üzə qaldıq. Torpaqlarımız, yurd-yuvamız işğal olundu. Nə edəcəyimi, hara gedəcəyimi də bilmirdim.Nə yaxşı ki, həyatımızda doğmalarımız var, onların sayəsində ayaqda qalmağı bacarıq. Bacım-qardaşım, atam, həmcinin Yavərin doğmaları bir problem olanda başımızın üstünü kəsdirirdilər. Uzun illərdi, didərginlik həyatının əzab-əziyyətlərini Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən “Abşeron” sanatoriyasının 6-cı korpusunun ucuq-sökük binasında çəkirik. Heç bir normal şəraiti olmayan bu korpusda necə deyərlər, kirpiyimlə od götürərək, balalarımı boya-başa çatdırdım, çalışdım tərbiyəli, savadlı, atalarının adına layiq övlad olsunlar. Şükür ki, buna nail oldum. Saleh atası kimi hərbi sahəni seçdi, kapitandır. Mübariz isə Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Hər bir Azərbaycan vətəndaşı kimi bizim ailəmizin də ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi, o torpaqlarda uyuyan şəhidlərimizin məzarının ziyarət olunmasıdır”.

Mülayim xanım deyir ki, dövlətimiz sağ olsun ki, şəhid ailələrinə imtiyazlar verib: “Kompensasiya, ev, maşın… Yeganə aldığım kompensasiyadır. Onu da bizə və qaynatamgilə yarı bölüblər. Məni tanıyanlar bilir ki, heç vaxt öz şəxsi ehtiyaclarım üçün hansısa qapını döyməmişəm. Amma bir fikir beynimdə kök salıb. Deməsəm ürəyim partlayar. Biz hər ilin iyunun 18-də evimizdə il mərasimi keçirdirik. Həmin yas mərasimlərində Yavərin silahdaşları da iştirak edir.( çoxu kəndimizin adamlarıdır). Onlar Yavərin cəsurluğundan, igidliyindən, erməniyə qarşı barışmazlığından bəhs edən, yaddaşlarına həkk olmuş hadisələrdən fəxrlə danışırlar.Və sonunda təəssüflə qeyd edirlər ki, komandirə hələ də layiq olduğu qiymət verilməyib. Yavər Babayevin vətənə xidmətlərinin dövlət tərəfindən qiymətləndirilməsi nəinki bizim ailənin, eyni zamanda silahdaşlarının, eləcə də onu tanıyanların ən böyük arzularından biri olardı. Amma daha böyük arzum isə yenidən doğma kəndimizə-Qarabağımıza dönməkdi. Ali Baş Komandan, cənab İlham Əliyevin çıxışlarını maraqla izləyirəm.Onun “Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaranmasına imkan verməyəcəyik” qərarı ürəyimdən xəbər verir. Mən də inanıram ki, əgər düşmənlərimiz danışıqlar yolu ilə torpaqlarımızı tərk eləməsələr dövlətimiz və ordumuz onlara layiq olduğu cavabı verəcək, onları geri çəkilməyə məcbur edəcək. Mənim oğullarım da bu müqəddəs döyüşdə dövlətin yanında, prezidentinin əmrinə müntəzirdilər. Hər zaman döyüşə hazırdırlar!”

Şəhid Y.Babayevlə çiyin-çiyinə vuruşmuş Qarabağ qazisi Rafiq Kərimov həm də onun qaynıdır. O günləri kədərlə xatırlayan keçmiş döyüşçü bildirdi ki, Yavəri döyüşçülərin gözündə ucaldan hücum vaxtı əsgərlərdən öndə durması, döyüşürkən özünü tamamilə unutmasıdır:” Sırxavənd kəndi işğal olunduqdan sonra erməni ordusu Əliağalı kəndinə girmişdi. Amma biz onları geri oturtmaqla Yeni Qaralar və Sırxavənd kəndləri arasında mudafiə mövqeyini bərpa etdik. Şirin Mirzəyevin məqsədi Yavər Babayevin bölüyünü və bir tankı ekipajı ilə nəzərdə tutulmuş mövqeyə yerləşdirərək, möhkəmlətmək idi. Sırxavənddə şəhid olmuş, itkin düşmüş və yaralanmış döyüşçülərimizin olması bizi çox sarsıtmışdı. Buna baxmayaraq bizə ən vacib olan müdafiə mövqeyini gücləndirmək idi. Kəşfiyyatdan yenicə gəlmiş Yavər zabitlər üçün otaqda uzanmışdı. Çox yorğun və üzgün idi. Sanki şəhid olacağını anlamışdı. İkimiz idik otaqda… Dedi ki, komandir deyir bölüyü yığ, gəl Qaralara. Amma getməyə həvəsim yoxdu nəsə. Dedim ki, sən dincəl. Bölüyü mən aparım. (Mən onun müavini idim). Sözlərimi bitirən kimi o, cəld çarpayıdan sıçrayaraq ayağa qalxıb, dedi: “Komandirin əmrini yerə sala bilmərəm!”

Həmin gün Ş.Mirzəyev 18 nəfər olmaqla yenidən Sırxavənd kəndinə kəşfiyyat qrupu göndərdi. Məqsəd yaralı və ya şəhid olmuş döyüşçüləri ordan götürmək idi. Biz müəyyən etdiyimiz mövqeyə baxış keçirmək məqsədilə Daxili Qoşunların durduğu mövqedən keçərək bir az da qabağa getdik. Maşınlardan düşdük, Mirzəyev, Qahir Həsənov, Yavər Babayev və “Arkadaş” ləqəbli Fəxrəddin mövqeyə yenidən baxaraq məsləhətləşmələr aparırdılar.Yekunlaşdırıb maşınlara minib qayıtmaq istəyirdik. Ş.Mirzəyevin UAZ-ında sürücü ilə birlikdə 6-nəfər varıydı. Mən iki dəfə cəhd elədim ki, onların maşınına minim, yerləşə bilmədim. Başqa maşına əyləşdik. Komandirgillə bizim maşının ara məsafəsi 4-5 metr olardı. Orada kiçik bir yoxuş var idi ki, qalxan kimi yol sola dönür və həmin döngəyə də əsgərlərin durduğu səngər birləşirdi. Bunlar döngəyə girən kimi partlayış oldu. Elə bildim Fərrux dağından atırlar. Tez ora qaçdım və gözlərimə inanmadım. Qabaq sağ qapı tərəfdən Mirzəyev əlində rabitə dəstəyi yerdə uzanılı halda idi. Silkələdim, “komandir, komandir” qışqırdım. Komandir bircə kəlmə – “Nə olub?” – dedi. Komandirin dilindən son dəfə eşitdiyim o kəlmələr oldu. Sürücü Mubariz sinəsilə sükana yapışmış vəziyyətdəydi və maşının siqnalı çalırdı. Fəxrəddin qışqırdı ki, tez komandiri, Mubarizi (sürücü) bir də Arazı maşına mindirək. Biz bunu bir anda etdik. Mubarizi maşına güclə mindirdik. Qahir Həsənovun ayağının biri qopmuşdu, son nəfəsiydi. Qaranlıq düşmək üzrəydi. Yavəri isə tapa bilmirdim. Bir az gəzdikdən sonra Yavərin meyidin 12-13 metr aralıda arxası üstə otdan görünməyən daş komasının üstündən tapdım. Sonda sanitar UAZ gəldi. Bu üç igidi götürüb Sarıcalı hospitalına gətirirdik. Yolda mənim qardaşımla Yavərin qardaşı qarşımza çıxdı. Ona qədər sanitarın sürücüsünə və həkimə qışqırmaqdan başqa heç nə edə bilmirdim. Lakin bunları görəndə bir kəlmə qışqırıb ağladım ki, Yavərgil yoxdu”.

Mənzillə təmin olunmaq məsələsinə gəlincə, Mülayim Babayeva bildirdi ki, Abşeron sanatoriyasında məskunlaşan qaçqınların yarısını köçürüblər: “Bizə isə hələlik köməyimiz haqqında dəqiq bir söz deyən yoxdur. Xəzər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bizi də köçürəcəkər, lakin neçə il keçməsinə baxmayaraq sanatoriyada yaşayırıq. İndiyə qədər mən problemlərim barədə heç kimə  müraciət etməmişəm. 29 il ərzində birinci dəfə sizsiniz ki qapımı döyürsünüz. Şəhid yoldaşımın adını nəvəmə qoymuşam. Qaçqın və çəhid ailələrinə evlərin verilmə mərasimini hər dəfə televiziyada göstərəndə nəvəm soruşur ki, mənim də babam şəhid olub, bəs niyə bizə ev vermirlər? Hazırda 9 nəfər ailə üzvü ilə bir otaqda yaşayırıq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png