ONN İnformasiya Agentliyi

Gənclərin vətənpərvər ruhda böyüməsi üçün üzərimizə düşən vəzifələr

Gənclərin vətənpərvər ruhda böyüməsi üçün üzərimizə düşən vəzifələr
31 İyul 2019 - 15:14

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet məsələlərdən biridir.  Dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, artıq gənclərimiz sözün həqiqi mənasında vətənpərvər ruhda böyüyür, tərbiyə olunurlar. Bu prosesin müsbət istiqamətdə getməsi, istənilən nəticənin əldə olunmasında cəmiyyətin bütün üzvlərinin payı var. Müəllimindən tutmuş həkiminə, iş adamından tutmuş sıravi vətəndaşına, əsgər və zabitinə qədər hər kəs gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması, azərbaycançılıq ideologiyasına sahiblənməsi, onun inkişaf etdirilməsi istiqamətində çalışır, fəallıq nümayiş etdirir, ortaya iş qoyur. Bütün bu işlər, göstərilən fəaliyyət də öz növbəsində müsbət bəhrəsini verir.

Ona görə də, biz bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan gənci əsasən vətənpərvərdir. Aprel zəfəri bunun ən yaxşı nümunəsi,  əyani sübutu sayıla bilər.  Buna təsir edən başlıca amil isə Silahlı Qüvvələrə, Azərbaycan Ordusuna göstərilən yüksək səviyyəli diqqət və qayğıdır. Ali Baş Komandan, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinin ordu ilə, orada qulluq keçən əsgər və zabitlərlə yüksək dəyərə malik davranışı təbii ki, gənclərin psixologiyasına, onların orduya, Silahlı Qüvvələrə olan inamını artırır, prosesi sürətləndirir. Silahlı Qüvvələrimiz bir növ qürur yerimiz, ümid yerimiz, inam yerimizdir.

Son illər müsbət  mənada müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, vətənpərvərlik ruhunda, gəncləri bu ruhda tərbiyə etməyə hədəflənmiş kitablar işıq üzü görür, filmlər çəkilir. Eyni zamanda tarixi qəhrəmanlarımız, şəxsiyyətlərimiz barədə kitablar işıq üzü görür ki, bu da gənclərimizin həm tarixi şəxsiyyətlərimiz, qəhrəmanlarımız barədə məlumatlı olmasına imkan yaradır, həm də onların vətənpərvər ruhda böyüməsinə vəsilə olur. Azərbaycan tarixinin şanlı səhifələri, milli və tarixi qəhrəmanlarımız, Qarabağ savaşı barədə dəyərli yazıçılarımız, araşdırmaçılarımızın ortaya qoyduqları samballı əsərlər, tarixi romanlar bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu sırada yazıçı Aqil Abbasın “Dolu” romanı və onun ssenarisi əsasında çəkilmiş film, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun işıq üzü görən “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur”, eləcə də bu kimi tarixi romanları, eyni zamanda Yunus Oğuzun 2016-cı ilin Aprel döyüşlərini özündə əks etdirən “Ovçu” romanı gənclərimizin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ancaq bütün bunlara baxmayaraq proses davamlı getməli və daha çox maarifləndirici xarakter daşıyan kitablar çap olunmalı, filmlər çıkilməlidir. Bu vacibdi. Qeyd etdiyimiz kimi bu sahədə müəyyən işlər görülür. Bir sıra şəxsi təşəbbüslər də var. Ancaq bu təşəbbüslərin, işlərin daha geniş arealı əhatə etməsi, müntəzəm olaraq həyata keçirilməsi günümüz üçün çox vacib olan məsələlərdəndir.

Gənclər də öz növbəsində bütün bu yaradılan imkanlardan yararlanmağa çalışırlar. Bu gün gənclər və onları birləşdirən qeyri-hökumət təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hissinin artırılması yönündə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışırlar. Öz növbəsində dövlətin müvafiq qurumları da gənclərə buna görə, irəli sürdükləri təşəbbüslərdən dolayı dəstək verirlər.  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi bir çox layihələr dediklərimizin əyani sübutudur.

Bu gün hər birimiz onu da nəzərə almalıyıq ki,  vətən torpaqlarımızın önəmli hissəsi işğal altındadır. Bu bizdə acı təəssüf doğurur, bizləri narahat edir. Ona görə də gənclər ərazi bütövlüyümüzün bərpa olunması üçün daha çox çalışmalıdırlar. Bu prosesdə isə  həm qeyri-hökumət təşkilatları, həm təhsil-elm ocaqları, mədəniyyət müəssisələri bu və ya digər dərəcədə iştirak etməli, gəncləri daha çox vətənpərvər olmağa yönləndirməlidirlər. Onu da qeyd etmək yerinə düşər ki, bu məsələdə KİV-lər, bütövlükdə vətəndaş cəmiyyəti institutlarının üzərinə də müəyyən mənada məsuliyyət düşür.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png