ONN İnformasiya Agentliyi

Abutalıbovun 31 ildir işlədiyi ikinci vəzifəsi üzə çıxdı

Abutalıbovun 31 ildir işlədiyi ikinci vəzifəsi üzə çıxdı
17-09-2019, 22:33

Baş nazirin müavini Hacıbala Abutalıbovun ikinci vəzifə daşıdığı barədə məlumat üzə çıxıb. ONN media Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakı şəhərinin uzun müddət meri işləyən H.Abutalıbov AMEA-da da vəzifə daşıyır. Qeyd olunur ki, A.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1968-ci ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub. SSRİ Elmlər Akademiyasının müxbir üzvü, “Lenin” mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Hacıbala müəllim 1987-ci ildə “Lenin” mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Hazırda fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. Abutalıbovun barəsində bəhs etdiyimiz 31 illik vəzifəsi isə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postudur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib. Hacıbala Abutalıbov 1995-ci ilin fevralında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu postu 2000-ci ilədək icra edib. 2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək Baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinat alıb. Ötən ildən isə Baş nazirin müavinidir. H.Abutalıbov haqda ən maraqlı məlumatlardan birini isə Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş akademik Nizami Süleymanov bölüşmüşdü. O, mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi: "Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi ki, bu hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub..."

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png