ONN İnformasiya Agentliyi

“Muğanbank” bağlanır?

“Muğanbank” bağlanır?
28 Mart 2019 - 15:07

Problemli kreditlər məsələsinin həllindən sonra Azərbaycanda bankların bağlanması azı 1 il ərzində aktual deyil.

ONN media xəbər verir ki, bu sözləri mətbuatda “Muğanbank” bağlanma ehtimalının yaranması haqda yer alan fikirlərə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyib. Ekspert bildirib ki, ümumiyyətlə, “Muğanbank”ın faiz gəlirlərinin ötən illə müqayisədə azalması heç də sözügedən bankın bağlanacağı anlamına gəlmir:

“Birincisi, banklar faiz gəlirlərini kreditlərdən əldə edirlər və son zamanlar da az kredit verdiklərinə görə onların faiz gəlirlərinin azalması təbiidir. İkincisi, bank 2017-ci ildə ziyana uğradıqdan sonra növbəti ildə mənfəətini yüksəldir və bu zaman tendensiya yaxşılaşmağa doğru gedir. Üçüncüsü, məlumatlarda göstərilir ki, 2017-ci ildə 42 milyon 794 min manat faiz gəliri qazanan bank 2018-ci ildə 40 milyon 887 min manat qazana bilib. Bankın faiz gəlirlərinin 2 milyon azalması onun ziyana düşməsi anlamına gəlmir. Bu o deməkdir ki, bankın faiz gəlirləri azalıb. Bütövlükdə isə 40 milyon 887 min manat gəlir də az deyil. Nəhayət, hökumətin problemli kreditlərin həlli ilə bağlı atdığı addımlar da vəziyyəti ağır olan banklar üçün əlavə dəstəkdir. Bu mənada Azərbaycanda bankların bağlanması azı 1 il ərzində aktual deyil. Əslində, beynəlxalq auditor şirkətlərinin banklara dair hesabatları bir qayda olaraq daha real olur. Bu fonda “Muğanbank”ın bağlanması ehtimalı irəli sürülə bilməz”.

Ekspert bildirib ki, devalvasiyadan əvvəlki səviyyədən söhbət getməsə də, “Muğanbank” faktiki zərərdən çıxa bilib:

“Düzdür, bu bankın adı tez-tez bağlanma ehtimalı olan banklar sırasında çəkilir. Ancaq bankın məcmu kapitalı hazırda 50 milyonluq məcmu kapitaldan kifayət qədər yüksəkdir, 82 milyon manatdır. Bank dövlətin ayırdığı kompensasiya ilə problemli kredit məsələsini də həll edəcək və bununla da vəziyyətini daha da yaxşılaşdıracaq”.

Qeyd edək ki, son vaxtlar mətbuatda Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin doğmalarına aid olan “Muğanbank”ın çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Buna səbəb olaraq isə bankın maliyyə göstəricilərinin qənaətbəxş olmaması göstərilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png